Məhkəmə qərarları › İş №3(5-143)-17/2026

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(5-143)-17/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(5-143)-17/2026 12.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X1, Zərəçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, , ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 12 fevral 2026-cı il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Lerik şəhəri, V.Müslümov küçəsində ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və ona xəbərdarlıq edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 11 fevral 2026-cı il tarixli, 09 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 23:55-də Lerik RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru Salman Əhmədov və NH-nin sürücüsü, polis serjantı Elvin Musazadə ilə birlikdə Lerik şəhəri, Valeh Müslümov küçəsində yaşayan X4 DİN-in “102” XZM-nə verdiyi bıçaqla hədələnməsi barədə məlumatla əlaqədar olaraq hadisə yerinə getmişlər. Hadisə yerində Elnur adlı şəxs vətəndaş X3 qapısının qarşısında dayanaraq ucadan nalayiq ifadələr işlətmiş, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsi nizam-intizama dəvət edərək baş vermiş hadisə ilə bağlı izahatının alınması üçün Leik RPŞ-yə dəvət etmişlər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək və nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə məhəl qoymamışdır. Onlar həmin şəxsi sərxoşluq müayinəsindən keçirtmək üçün Lerik RMX-na aparmaqlarına baxmayaraq o, öz əməllərini orada da davam etdirərək sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Onlar həmin şəxsi Lerik RPŞ-yə gətirmişlər, NH-də məlum olmuşdur ki, həmin şəxs Lerik şəhər sakini Şəxsdur. Vətəndaş Şəxs RPŞ-də olan zaman dəfələrlə nizam-intizama dəvət etsələr də o, nalayiq ifadələr işlədərək polisin iş rejimini pozmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək izahatında bildirmişdir ki, X6 tanıyır. Belə ki, G.Həsənova onlarla eyni küçədə qonşuluqda yaşayır. 10 fevral 2026-cı il tarixdə G.Həsənova ilə gecə vaxtı küçədə rastlamış, onunla söhbət etmiş, söhbət zamanı o, G.Həsənovaya həyətlərinə gələn maşınlar və evlərinə girib-çıxan şəxslərlə bağlı iradını ona bildirmişdir. G.Həsənova isə ona getməsini əks təqdirdə polisə müraciət edəcəyini bildirmiş və evinə getmişdir. O, G.Həsənovanın arxasınca onların həyətinə daxil olmuş və pəncərədən onunla söhbəti davam etməyə başlamışdır. Daha sonra G.Həsənovanın anası da gəlmiş, ona çıxıb getməsini bildirmişdir. Lakin o, onların küçələrinə gələn şəxslərin kim olmasını öyrənmək istədiyini bildirmişdir. Daha sonra G.Həsənova ona artıq polisə müraciət etdiyini bildirmişdir. G.Həsənova polisə məlumat verdiyindən o, getməmiş, qapının qarşısında dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Sonda o, izahatında zərərçəkmiş şəxsə qarşı nalayiq ifadələr işlətmədiyini, onu təhqir etmədiyini, daha sonra polis əməkdaşlarının gəldiyini, onu şöbəyə dəvət etdiklərini, polis əməkdaşları ilə şöbəyə getdiyini, həmin gün spirtli içki qəbul etdiyini, polis əməkdaşlarının onu müayinə üçün xəstəxanaya apardıqlarını, lakin müayinədən keçməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, həyət yoldaşından ayrılmış, hazırda iki övladı və anası ilə birlikdə Lerik şəhərində kirayədə yaşayır. Şəxs da onların yaşadığı küçədə qonşuluqda yaşayır. Şəxs tanımır, onunla heç bir münasibəti yoxdur. Belə ki, 10 fevral 2026-cı il tarixdə gecə vaxtı televizora baxdıqları zaman evlərində işıqlar sönmüş, çıxıb səbəbinə baxdığı zaman digər qonşuların işıqlarının yandığını, tək onların evinin işıqlarının söndüyünü görmüş, sayğaca baxdıqda isə işığın sayğacdan söndürüldüyünü bilmişdir. Onların evində işıqların sönməsi Şəxs həbsxanadan çıxdıqdan sonra tez-tez baş vermiş, hər dəfə işıq söndükdən sonra çıxıb səbəbinə baxmaq istədikdə Elnuru evin ətrafında görmüşdür. O, işığı sayğacdan yandırmış, heç kimlə işi olmadığını, kimin belə etdiyini bilmədiyini demişdir. Sonra Şəxs ona kiminlə olmasını soruşmuş, o da işığı söndürən şəxslə olmasını (həmin şəxsə ünvanladığını) bildirmişdir. Şəxs ona gözləməsini bildirsə də, o əhəmiyyət verməyərək oğlu ilə birlikdə evinə tərəf hərəkət etmiş, bu zaman Elnur onun arxasınca nalayiq ifadər işlətmiş, daha sonra Şəxs onların arxasınca həyətlərinə daxil olmuş, o isə evə girmiş, qapını bağlamışdır. Şəxs təkrar sayğacdan ikinci dəfə işıqları söndürmüş, uşaqlar evdə qorxmuş, o və anası Elnura çıxıb getmələrini bildirsələr də, Elnur çıxıb getməmiş, qapılarının qarşısında dayanaraq ucadan nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən o, 102 xidmətinə yığaraq polisə müraciət etmişdir. Daha sonra Elnur pəncərədən onun anası ilə söhbət edən zaman pəncərədən içəri daxil olmağa çalışmış, onlar pəncərəni bağlayaraq onun evə daxil olmasına imkan verməmişlər. Həmin zaman Şəxs əlində bıçaq olmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş, Şəxs polis əməkdaşlarına müqavimət göstərmiş, polis əməkdaşları onu aparmışlar. O, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin İTB-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə, saat 23:55-də Lerik RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis mayoru Salman Əhmədov və NH-nin sürücüsü, polis serjantı Elvin Musazadə ilə birlikdə Lerik şəhəri, Valeh Müslümov küçəsində yaşayan X4 DİN-nin “102” XZM-nə verdiyi bıçaqla hədələnməsi barədə məlumatla əlaqədar olaraq hadisə yerinə getmişlər. Hadisə yerində Elnur adlı şəxs vətəndaş X4 qapısının qarşısında dayanaraq ucadan nalayiq ifadələr işlətmiş, onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsi nizamintizama dəvət edərək baş vermiş hadisə ilə bağlı izahatının alınması üçün Lerik RPŞ-yə dəvət etmişlər. Lakin həmin şəxs öz hərəkətlərini davam etdirərək “Siz məni heç hara apara bilmərsiz” və “Görün sizin başınıza nə oyun açacam” kimi ifadələr işlədərək polisin qanuni tələblərinə məhəl qoymamışdır. Onlar həmin şəxsi sərxoşluq müayinəsindən keçirtmək üçün Lerik RMX-na aparmalarına baxmayaraq o, öz əməllərinin orada da davam etdirərək sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdir. Onlar həmin şəxsi Lerik RPŞ-yə gətirmiş, NH-də məlum olmuşdur ki, həmin şəxs Lerik şəhər sakini Şəxsdur. Vətəndaş Şəxs RPŞ-də olan zaman dəfələrlə nizam-intizama dəvət etsələr də o, nalayiq ifadələr işlədərək polisin iş rejimini pozmuşdur. İş materiallarında olan Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı, polis mayoru Salman Əhmədovun, Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Əfsələddin Dadıyevin və Lerik RPŞ-nin NH-nin sürücü polis nəfəri, polis baş serjantı Elvin Musazadənin iştirakları ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Lerik şəhər sakini X9 10 fevral 2026-cı il tarixdə, saat 23:24-də Azərbaycan Respublikası DİN-nin “102” XZM-nə telefon məlumatı verərək, qonşusu Elnur adlı şəxsin onu evinin işığını söndürməsini və çölə çıxan zaman onunla mübahisə edərək bıçaqla hədələməsi barədə bildirməsi ilə əlaqədar X4 yaşadığı ünvana yaxınlaşmışlar və həmin vaxt Şəxs spirtli içkinin təsirində olaraq X7 qarşı xırda xuliqanlıq əməli törətməsi müəyyən olunmuşdur. Həmin vaxtı Şəxs spirtli içkinin təsiri altında olması vizual şəkildə müşaiyət edildiyindən, sonuncunu spirtli içkinin təsiri altında olub-olmadığını yoxlamaqdan ötrü Lerik RMX-na aparılmış, xəstəxanada Şəxs spirtli içki qəbul etdiyini etiraf etməsinə baxmayaraq müayinədən keçməkdən imtina etmişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Şəxs X5 yaşadığı evin həyətinə daxil olduğu, Günayə Həsənovanın və anasının ona çıxıb getməsini bildirsələr də, çıxıb getməyərək əli ilə pəncərəni bağlamağa qoymayaraq saxladığı, nalayiq ifadələr işlətdiyi, Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən sərxoşluq müayinəsindən keçmək üçün aparıldıqları Lerik rayon Mərkəzi xəstəxanasında müayinədən keçməkdən imtina edərək səs-küy saldığı, daha sonra Lerik rayon Polis şöbəsində ucadan qışqıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Lerik şəhəri, V.Müslümov küçəsində ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğuna görə və ona xəbərdarlıq edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 10 (on) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən, saat 05:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 11 fevral 2026-cı il tarixdən, saat 05:00-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar