Məhkəmə qərarları › İş №3(5-143)-9/2026

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(5-143)-9/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(5-143)-9/2026 19.02.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Qərarından şikayət verilmiş orqan Lerik RPŞ-nin X9 Bölməsinin nümayəndəsi yol patrul xidməti inspektoru X2 iştirakları ilə, Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin X9 Bölməsi xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərarın ləğv edilməsini və İXM-nin 53.1.3-cü maddəsinə əsasən işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o xx.xx.2025-ci il tarixdə, saat 08:57 radələrində Lerik rayonu Kanalizasiya Anbarı adlanan ərazidə mülkiyyətində olan “Ford Tranzit” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə buzlu yolda ara məsafəsini gözləməklə hərəkətdə olarkən qarşısında, amma hərkətdə olan “Oka” markalı avtomobil buzlu yol olduğundan sürüşmüş, irəli hərəkət edə bilməmiş və bu zaman o, əyləci basmadan sağ tərəfdə hərərkət məhdudiyyəti olduğu üçün qarşı yolda, yəni solda maneə olmadığından ǝks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə etmişdir. Belə ki, o, həmin an ötmə etməsə idi əyləcdən istifadə etsə idi yolun buz olması səbəbindən qarşısında olan avtomobillə toqquşmalı idi. Bu zaman isə avtomobilində olan sərnişinlər və qarşısında və arxasında hərəkətdə olan avtomobillərin içində olan sərnişinlərin həyatları təhlükə altına düşəcəkdi. Belə ki, o, ötmə edərkən Yol Polisinin həmin ərazidə yolun yuxarı hissəsində dayandığını görərək ötmə etmişdir. Göründüyu kimi heç kim Yol Polisini görəndə qayda pozmur. Ancaq o, həmin qaydanı bilərkdən yəni insanların, şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün pozmuşdur. Ancaq sonradan Yol Polisi o, avtomobili idarə edib həmin ərazidən müəyyən qədər uzalaşdıqdan sonra yəni avtomobili saxlamaq üçün uyğun yer tapdıqdan sonra avtomobili saxlamış və bu an telefon nömrəsinə SMS gəlmiş va SMS-də İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, təqsiri 100 manat 3 balla qiymətləndilmişdir. Göründüyü kimi o, həmin inizbati xətanı törətmiş olsa belə hadisənin qarşını almaqdan ötrü əks istiqamətli hərəkət zolağına çıxmaqla son zərurət həddində xəta törətmişdir. Bu xəta zamanı son zərurət həddinin aşılmasına yol verilmədiyindən inzibati xəta hesab olunmamalıdır. Belə ki, törədilmiş əməl İXM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati xəta hesab olunmur. O, həmin qərarla razı olmadığından müvafiq orqanlara eyni zamanda 102 xidmətinə müraciət etmişdir. Ancaq ona heç bir köməklik edilməmişdir. Həmçinin sözü gedən qərardan müvafiq orqanlara şikayət etsə də, ona sonradan məlum olmuşdur ki, bu barədə məhkməyə müraciət etməlidir. Əlavə olaraq bildirir ki, həmin qərarın surəti əldə edə bilmir. Sadəcə ona göndərilən SMS-də qərar və hadisənin törədildiyi yer göstərilir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar əsassızdır. O, inzibati xətanı bilərəkdən törətmişdir. Belə ki, hava şəraiti ilə əlaqədar yol buzlu olduğu üçün qarşısında hərəkət edən “Oka” markalı avtomobil sürəti azaltdığından manevr etmək məcburiyyətində qalmışdır. Əgər əyləcdən istifadə etsə idi yolun buz olması səbəbindən qarşısında və arxasında olan avtomobillə toqquşa bilər və ya avtomobil sürüşüb yan tərəfdə kanala düşə bilərdi . Bu zaman isə avtomobilində olan sərnişinlər və qarşısında və arxasında hərəkətdə olan avtomobillərin içində olan sərnişinlərin həyatları təhlükə altına düşəcəkdi. O, qarşı yolda hərəkət olmadığı üçün manevr etmiş, hadisənin qarşısını almaqdan ötrü əks istiqamətli hərəkət zolağına çıxmaqla son zərurət həddində xəta törətmişdir. Sonda o, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Lerik RPŞ-nin X9 Bölməsinin nümayəndəsi yol patrul xidməti inspektoru X4 şikayətdə göstərilənləri əsassız hesab edərək izahatında bildirmişdir ki, yer buzlu da olsa sürücü ilk öncə öz təhlükəsizliyini təmin etməli və qarşıdan gələn nəqliyyat vaitəsini nəzərə almalıdır. Sürücü əks istiqamətli yola çıxaraq ötmə, manevr etmə qaydalarını pozmuşdur. Sürücü özü də inzibati xətanı törətdiyini etiraf etmiş, lakin məcburiyyətdən xəta törətdiyini bildirmişdir. Yolun üzərində qırıq-qırıq xətt olduğu təqdirdə sürücü manevr edərək hadisə törətməmə ehtimalını nəzərə alaraq ötmə əməliyyatını yerinə yetirə bilər. Digər hallarda sürücü ötmə əməliyyatını yerinə yetirə bilməz. Sonda nümayəndə sürücünün həm düz xətli yolda, həm də döngədə manevr etmə qaydalarını pozduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərardan görünür ki, X5 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, “Ford Tranzit” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağında hərəkət etməklə manevr etmə qaydalarını pozaraq döngədə ötmə əməliyyatını həyata keçirmişdir. Məhkəmə qeyd edir ki, X1 şikayət ərizəsində “Ford Tranzit” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə buzlu yolda ara məsafəsini gözləməklə hərəkətdə olarkən qarşısında, amma hərkətdə olan “Oka” markalı avtomobil buzlu yol olduğundan sürüşdüyünü, irəli hərəkət edə bilmədiyini, bu zaman onun əyləci basmadan sağ tərəfdə hərərkət məhdudiyyəti olduğu üçün qarşı yolda, yəni solda maneə olmadığından ǝks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə etdiyini, yəni son zərurət vəziyyətində hərəkət etdiyini qeyd etsə də, videogörüntüyə baxış zamanı “Ford Tranzit” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin “Oka” markalı avtomobilin arxasında deyil, əks istiqamətli hərəkət zolağında hərəkət etməklə döngədə ötmə əməliyyatını həyata keçirdiyi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanununun 51-ci maddəsinin V hissəsinin 1-ci və 5-ci bəndlərinə əsasən nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) və yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Ford Tranzit” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağında hərəkət etməklə manevr etmə qaydalarını pozaraq döngədə ötmə əməliyyatını həyata keçirmişdir. X1 şikayətini son zərurət vəziyyətində hərəkət etdiyi ilə əsaslandırsa da, təqdim edilmiş hadisənin videogörüntüsünə baxış zamanı sürücünün son zərurət vəziyyətində hərəkət etməsi öz təsdiqini tapmamış, əksinə “Ford Tranzit” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin “Oka” markalı avtomobilin arxasında deyil, əks istiqamətli hərəkət zolağında hərəkət etməklə döngədə ötmə əməliyyatını həyata keçirdiyi müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə, X3 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərar qanunvericiliyin tələblərinə uyğundur və X3 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Lerik RPŞ-nin X9 Bölməsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Polis şöbəsinin X9 Bölməsi tərəfindən X5 barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, İXP ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar