Məhkəmə qərarları › İş №3(5-144)-1/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-1/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-1/2026 04.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən 25 dekabr 2025-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, REAL-QAZ MMC tərəfindən 11219.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 04 dekabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür'' Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nm 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 11219.00 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 05 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 izahatla məhkəməyə müraciət edərək, bildirmişdir ki,: Lənkəran Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən REAL-QAZ MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ER ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Həmin protokolda qeyd edilir ki, Real-Qaz MMC tərəfindən xx.xx.2023-cü il tarixində 11.219 (on bir min iki yiiz on doqquz) ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş, lakin göstərilən ödənişə aid olan mallar (xidmətlər) Azərbaycan Respublikasının ərazisinə idxal edilməmişdir. Bu protokol ilə bağlı aşağıda qeyd olunanları nəzərinizə çatdırırıq: Belə ki, Real-Qaz MMC ilə X4. arasında RG-88/2022 nömrəli, ümumi dəyəri 455.000 (dörd yüz əlli beş min) ABŞ dolları olan müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən, Real-Qaz MMC tərəfindən X4. şirkətindən helium istehsalı üçün nəzərdə tutulmuş xüsusi texnoloji avadanlıqlar satın alınır. Qeyd olunan avadanlıqlar sifariş əsasında istehsal olunur və texnoloji xüsusiyyətlərinə görə bir mərhələdə deyil, istehsal prosesi tamamlandıqca hissə-hissə təhvil verilir. Müqavilə şərtlərinə uyğun olaraq, istehsalı tamamlanmış avadanlıqların və onların hissələrinin müvəqqəti olaraq anbarda saxlanılması ilə əlaqədar əlavə anbar saxlanma xərclərinin yaranması nəzərdə tutulmuşdur. Bu məsələ tərəflər arasında bağlanmış müqaviləyə edilmiş əlavələr vasitəsilə qarşılıqlı razılaşdırılmışdır. Qeyd olunan əlavələrdən biri də müqavilənin ayrılmaz tərkib hissəsi olan 4 nömrəli əlavə (Amendment #4), eləcə də həmin əlavəyə sonradan edilmiş dəyişiklik — Amendment #4 bis təşkil edir (sürətləri qoşmaya əlavə edilir). Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ER ******* saylı inzibati xəta haqqında protokola əlavə edilmiş SWİFT sənədlərindən və onlara əlavə olunmuş invoyslardan da açıq-aydın görünür ki, 04 dekabr 2023-cü il tarixində həyata keçirilmiş 11.219 ABŞ dolları məbləğində ödəniş aşağıdakı təyinatlar üzrə aparılmışdır (sürətləri qoşmaya əlavə edilir): 651-02644 nömrəli invoys üzrə 2023-cü ilin oktyabr ayına aid 1.000 (min) ABŞ dolları məbləğində saxlanc (storage) ödənişi; 651-02660 nömrəli invoys üzrə 2023-cü ilin noyabr ayına aid 1.000 (min) ABŞ dolları məbləğində saxlanc (storage) ödənişi; 651-02452 nömrəli invoys üzrə isə 9.219 (doqquz min iki yüz on doqquz) ABŞ dolları məbləğində ödəniş, ümumi dəyəri 27.600 (iyirmi yeddi min altı yüz) ABŞ dolları olan 50 m3 həcmində gas bag (qaz torbası) alınması üçün avans ödənişi kimi həyata keçirilmişdir. Göstərilən ödənişlərin məbləği və ödəniş təyinatı SWİFT sənədlərində də tam və açıq şəkildə öz əksini tapmışdır. Xüsusilə qeyd edirik ki, 651-02644 və 651-02660 nömrəli invoyslara əsasən həyata keçirilmiş 2.000 (1.000 + 1.000) ABŞ dolları məbləğində ödənişlər yalnız saxlanma xərcləri ilə bağlı olmuş, bu ödənişlər üzrə hər hansı malın idxalı nəzərdə tutulmamışdır və bu, müqavilə şərtlərinə tam uyğundur. Eyni zamanda, 651-02452 nömrəli invoysda qeyd olunan 50 m3 həcmində gas bag faktiki olaraq Azərbaycan Respublikasının ərazisinə idxal edilmişdir. Belə ki, həmin mal xx.xx.2024-cü il tarixli, **********2404 nömrəli gömrük bəyannaməsi əsasında ölkə ərazisinə rəsmiləşdirilmişdir. Gömrük bəyannaməsinin əlavə vərəqəsinin 31-ci qrafasında malın adı “1. Maye qaz tutumu çən. 50 kub”, 44-cü qrafasında isə 8001 - P651 -02500 nömrəli invoys göstərilmiş və bu məlumatlar gömrük orqanının möhürü ilə təsdiq edilmişdir (sürəti qoşmaya əlavə edilir). Aparılmış eyniləşdirmə nəticəsində müəyyən edilmişdir ki, ümumi dəyəri 27.600 ABŞ dolları olan 50 m3 həcmində gas bag üzrə xx.xx.2023-cü il tarixində 9.219 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmiş və sözügedən mal sonradan faktiki olaraq Azərbaycan Respublikasının ərazisinə xx.xx.2024-cü il tarixində idxal edilmişdir. Beləliklə, təqdim olunan sənədlər və faktiki hallar sübut edir ki, xx.xx.2023-cü il tarixində həyata keçirilmiş 11.219 ABŞ dolları məbləğində ödənişin bir hissəsi xidmət xarakterli saxlanc xərclərinə, digər hissəsi isə ölkə ərazisinə idxal edilmiş mala aiddir. Bu baxımdan, sözügedən ödənişlər üzrə inzibati xəta tərkibi mövcud deyildir. İzahatımızın sonunda onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sözügedən inzibati xəta haqqında protokol tərtib edilərkən REAL- QAZ MMC-nin nümayəndəsi izah vermək üçün dəvət edilmiş olsaydı, yuxarıda qeyd olunan hallar normativ qaydada və tam şəkildə izah edilərdi ki, bu da nəticə etibarilə protokolun tərtib edilməsinə, habelə əlavə şərh və izahatlara ehtiyac yaranmasının qarşısını alardı. İzahata aidiyyəti sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki,: REAL-QAZ MMC xx.xx.2023-cü il tarixində 11219.00 ABŞ dolları avans olaraq vəsait köçürmüş və 2 il müddətində müvafiq malların idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Məhkəməyə malların idxalını təsdiq edən sübut qismində təqdim edilmiş **********2404 gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixində avans ödənişmiş 74600 ABŞ dolları vəsaitin qirişiliginda malların idxal edilməsini və xx.xx.2022-ci il tarixində cəmiyyət tərəfindən avans ödənilmiş 10000 USD vəsaitin qarşılığında malların idxal edilməsini təsdiq edir ki, bu bəyannamə hazırda məhkəmədə baxılan iş üzrə mallların idxalını təsdiq etmir. X3 müvafiq qeydləri əks etdirən sənəd də məhkəməyə təqdim edilir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə Azərbaycan Respublikası Mərkəzi Bankı lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş izahatın məzmununa uyğun izahat verərək, inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC ilə X1 şirkəti arasında bağlanmış RG 88/2022 saylı müqavilədən görünür ki, həmin müqavilənin şərtlərinə əsasən, tərəflər arasında müxtəlif çeşiddə olan olan malların satışına dair razılığa gəlinmişdir. Qeyd edilən müqavilə ilkin olaraq 25 avqust 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən tərtib edilərək, qarşı tərəfə təqdim edilmişdir və 31 avqust 2022-ci il tarixdə Technology Corporation şirkəti tərəfindən təsdiqlənmişdir. Həmin müqavilənin 2-ci səhifəsində qeyd edilmiş 8-ci maddəsinin “d” bəndindən müəyyən edilir ki, tərəflər, X1 şirkəti tərəfindən "xxxx" MMC-yə 27.600 ABŞ dolları dəyərində olan 50 kub.m. həcmli qaz torbasının (gas bag) satılmasına dair razılığa gəlmişlər. Yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış RG 88/2022 saylı, xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş müqaviləyə 4 saylı, 04 avqust 2023-cü il tarixli əlavədən görünür ki, həmin “əlavə”yə əsasən, tərəflər satılmış malların göndərişi gecikdiyi təqdirdə həmin malların anbarda saxlanması ilə əlaqadar 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üçün aylıq saxlanc xərci 1.000 ABŞ dolları olmaqla razılığa gəlmişlər. Yuxarıda qeyd edilən tərəflər arasında bağlanmış RG 88/2022 saylı, xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş müqaviləyə 4 saylı, 30 noyabr 2023-cü il tarixli əlavədən görünür ki, həmin “əlavə”yə əsasən, tərəflər satılmış malların göndərişi gecikdiyi təqdirdə həmin malların anbarda saxlanması ilə əlaqadar 2023-cü ilin noyabr ayı üçün aylıq saxlanc xərci 1.000 ABŞ dolları olmaqla razılığa gəlmişlər. Debit haqqında bildirişdən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti vasitəsilə 04 dekabr 2023-cü il tarixdə RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X2 şırkətinin hesabına 11.219 ABŞ dolları vəsait köçürülmüşdür (Contract Ref N0: 120OCT**********). Yuxarıda qeyd edilən debit haqqında bildirişdən həmçinin görünür ki, "xxxx" MMC tərəfindən qarşı tərəfə ödənilmiş 11.219 ABŞ dolları məbləğində vəsaitin: – 9.219 ABŞ dolları hissəsi RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqadar 651-02452 nömrəli invoysa əsasən, qaz torbasının (gas bag) satışı ilə əlaqadar ilkn ödəniş kimi, - 1.000 ABŞ dolları hissəsi sözügedən müqaviləyə 4 saylı, xx.xx.2023-cü il tarixli əlavənin icrası ilə əlaqədar 651-02644 nömrəli invoysa əsasən, saxlanc xərci kimi, - 1.000 ABŞ dolları hissəsi sözügedən müqaviləyə 4 saylı, xx.xx.2023-cü il tarixli əlavənin icrası ilə əlaqədar 651-02660 nömrəli invoysa əsasən, saxlanc xərci kimi ödənilmişdir. 651-02452 nömrəli, xx.xx.2022-ci il tarixli invoysdan görünür ki, həmin sənəd RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqadar 50 kub.m. həcmli qaz torbasının (gas bag) satılmasına dair ilkin ödənişin edilməsi üçün X2 şırkəti tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. 651-02644 nömrəli, xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, həmin sənəd RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqadar malların saxlancına dair 2023-cü ilin oktyabr üçün 1.000 ABŞ dolları məbləğində vəsaitin ödənişin edilməsi üçün X2 şırkəti tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. 651-02660 nömrəli, xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, həmin sənəd RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqadar malların saxlancına dair 2023-cü ilin noyabr üçün 1.000 ABŞ dolları məbləğində vəsaitin ödənişin edilməsi üçün X2 şırkəti tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. **********2404 nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən və ona əlavə vərəqdən görünür ki, həmin tarixdə RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqadar X2 şırkəti tərəfindən "xxxx" MMC-yə göndərilmiş 50 kub.m. həcmli qaz torbasın (gas bag) Azərbaycan Respublikasına idxal edilmişdir. Həmin malın dəyəri 27.600 ABŞ dolları təşkil edir. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,: "xxxx" MMC ilə X1 şirkəti arasında bağlanmış RG 88/2022 saylı 25 avqust 2022-ci il tarixli müqaviləyə əsasən, tərəflər REAL-QAZ” MMC-yə 27.600 ABŞ dolları dəyərində olan 50 kub.m. həcmli qaz torbası (gas bag) satılmasına dair razılığa gəlmişlər. Eyni zamanda tərələr arasında razılaşdırılmış 4 saylı, 04 avqust 2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əlavələrə əsasən, tərəflər satılmış malların 2023-cü ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üçün saxlancına dair aylıq saxlanc xərci 1.000 ABŞ dolları olmaqla razılığa gəlmişlər. "xxxx" MMC tərəfindən 04 dekabr 2023-cü il tarixdə RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X2 şırkətinin hesabına 651-02452 nömrəli invoys əsasında 50 kub.m. həcmli qaz torbasının (gas bag) satılmasına dair ilkin ödəniş kimi 9.219 ABŞ dolları, 651-02452 nömrəli invoysa əsasən, 1.000 ABŞ dolları saxlanc xərci və 651-02644 nömrəli invoysa əsasən, 1.000 ABŞ dolları saxlanc xərci olmaqla, cəmi 11.219 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. xx.xx.2024-cü il tarixdə RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, satılmış 50 kub.m. həcmli qaz torbası (gas bag) Azərbaycan Respublikasına idxal edilmişdir. Müqavilədə və gömrük bəyannaməsində həmin malın dəyəri 27.600 ABŞ dolları təşkil edir. "xxxx" MMC tərəfindən 04 dekabr 2023-cü il tarixdə X2 şırkətinin hesabına ödənilmiş 2.000 ABŞ dolları məbləğində vəsait isə müqavilə şərtlərinə əsasən, saxlanc xərci ilə əlaqadar olduğundan həmin vəsaitə dair hər hansı xidmətin və malın Azərbaycan Respublikasına idxal edilməsinə lüzum olmamışdır. Nəticə etibarilə 04 dekabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən RG 88/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən X2 şırkətinin hesabına ödənilmiş 11.219 ABŞ dolları məbləğində vəsaitə dair mal Azərbaycan Respublikasına idxal edilmiş və saxlanc xidməti göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən 25 dekabr 2025-ci il tarixdə tərtib edilmiş EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilmişdir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki,: bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli, EP seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən əmələ görə inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar