Məhkəmə qərarları › İş №3(5-144)-10/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-10/2026

08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-10/2026 08.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu Liman şəhəri Şirinsu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Əliyev X1 Rayon Məhkəməsinin 2(049)-857/2025 saylı, 12 may 2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Qasımov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 08 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Əliyev X1 Rayon Məhkəməsinin 2(049)-857/2025 saylı, 12 may 2025-ci il tarixli icra sənədini tam şəkildə icra etməmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə ondan 2500 manat əsas borc və 45 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu həmin puldan 1210 manatını hissə hissə ödəmiş, hazırda tələbkar Zərərçəkmiş şəxs 1335 manat ödənilməmiş borcu qalmışdır. Borclu çağrışlara vaxtında gəlir, telefon əlaqəsi saxlanılan zaman cavab verir. Himayəsində dörd uşağı olmasını əsas gətirib borcunu hissə-hissə edir. Halbuki o qətnaməni 2 ay müddətinə icra etməli idi. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə təqdim etmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, tələbkara borcu olmasını qəbul edir. Sürücü işləyir aylıq olaraq 600 manat, bəzi hallarda isə günlük 30 manat qazancı olur. Himayəsində 4 övladı vardır. 2025-ci ilin iyul-avqust ayından başlayaraq tələbkara ödənişlər edir. Bəzən həftəlik, ya günlük, ya bir neçə həftədən bir olmaqla 1210 manat borcundan ödəmişdir. Qətnamənin icrasından hər hansı formada yayınmır. Qətnamə üzrə nəzərdə tutulmuş məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Maddi gəlirləri, ailəsi, himayəsindəki övladlarının minimum xərclərini qarşılayaraq qeyd edilən məbləği də ödəmişdir. Bundan sonra da qalan məbləği hissəhissə ödəyəcəkdir. Bununla bağlı tələbkarla dəfələrlə danışmış, hətta müdiri belə tələbkara zəng edərək ondan bir qədər möhlət verməsini xahiş etmişdir. Qətnamənin icrasından yayınacaq hərəkətlərə yol verməmiş, icra məmuru tərəfindən bütün çağırışlara gəlmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs borcludan şikayətçi olduğunu, ödəniş vaxtlarında borclunun onu aldatdığını, söz verdiyi vaxtlarda ödənişlər etmədiyini, buna görə də Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-857/2025 saylı, 12 may 2025-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2500 manat məbləğində borc pul və ödənilmiş 45 manat dövlət rüsumu, cəmi 2545 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında 03 iyul 2025-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-857/2025 saylı, 12 may 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-857/2025 saylı, 12 may 2025-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lakin borclunun bildirişi alıb-almaması barədə sənəd əlavə edilməmişdir. Elektron hökumət portalından çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə» – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, o icra məmurunun çağırışlarına mütəmadi olaraq gəlmiş, yəni onun üzürsüz olaraq icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Eləcə də hazırda Şəxs borcundan təxminən yarısını ödəmiş, tələbkarla müəyyən dövrlərdə razılığa gəlmiş və dəfələrlə bunun üçün cəhdlər etmişdir. Hətta tələbkarın ona müddət verməsi üçün başqa şəxslərdən də xahiş edərək buna nail olmuşdur. Odur ki, göstərilən hallar nəzərə alınmalıdır. Həmçinin borcun ödənilməməsində Şəxs təqsirli olması təqdim edilmiş sənədlərlə təsdiq olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar