Məhkəmə qərarları › İş №3(5-144)-103/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-103/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-103/2026 10.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d İ m: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 202 nömrəli gəminin yoxlama qrupu komandiri tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon Məhkəməsi hakiminin xx.xx.2026-cı il tarixli qərardadı əsasında inzibati materialın Şəxs Lənkəran rayonunda yaşaması əsası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda “İnzibati xəta haqda toplanmış materiallarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:50-də Lənkəran reydində sahildən 11.0 mil məsafədə Xəzər dənizində su sərhəd rejiminə icazəsiz daxil olmaqla inzibati xəta törətmişdir” ifadəsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırki protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında material xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə məhkəməyə göndərilmiş və həmin məktubda Şəxs barəsində cərimə inzibati tənbeh tədbirindən daha ağır tənbeh tədbirinin tətbiq edilməsi üzmə vasitəsinin müsadirə edilməsi məsələsinə baxılması məqsədi ilə məhkəməyə göndərildiyi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində cərimədən başqa alternativ inzibati tənbeh tədbiri nəzərdə tutulmamışdır. Eyni zamanda, müsadirə edilibedilməməsi məsələsinə baxılmalı olan üzmə vasitəsinin harada olması, saxlanması üçün kimə təhvil verilməsi barədə hər hansı sənəd hazırki işə əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Həmçinin, xx.xx.2025-ci il tarixli 202/40 nömrəli protokolda üzmə vasitəsinin sahibinin X3 olduğu, Şəxs həmin üzmə vasitəsindən etibarnamə olmadan istifadə etdiyi qeyd edisə də, yoxlama keçirildikdən sonra üzmə vasitəsinin kimə təhvil verildiyi, hal-hazırda harada saxlanıldığı ilə bağlı hər hansı sənəd hazırki işə əlavə edilməmişdir. Eyni zamanda, üzmə vasitəsinin yoxlanılması zamanı aşkar edilmiş digər predmetlərin (balıq, tor, yanacaq və s.) də kimə təhvil verildiyi və harada saxlanıldığı iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi həmin maddədə imperativ norma kimi nəzərdə tutulmasa da, tətbiqi mümkün olan əlavə tənbeh tədbiri kimi nəzərədə tutulmuşdur. Lakin inzibati xəta haqqında materialda inzibati xətanın törədilməsində alət kimi qeyd edilmiş üzmə vasitəsinin maddi sübut kimi tanınması, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə (və ya digər şəxsə) təhvil verilib-verilməməsi, protokolu tərtib edən orqan tərəfindən hər hansı yerdə saxlanca qəbul edilməsi ilə bağlı hər hansı sənəd mövcud deyildir. İş materiallarında olan raport, akt və izahatlarda üzmə vasitəsinin harada və ya kimdə olması barədə hər hansı məlumat yoxdur və nəticə etibarilə müsadirə edilməsi nəzərdə tutulan əşyanın yeri məhkəməyə bəlli deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Üzmə vasitəsinin kimə təhvil verilməsi və hal-hazırda harada saxlanması ilə bağlı məhkəməyə sənəd təqdim edilmədiyindən, hazırki işə mahiyyəti üzrə baxılacağı təqdirdə gələcəkdə məhkəmə qərarının əşyanın müsadirə edilməsinə dair hissəsinin icrası mümkünsüz qədər çətin olacaqdır. Eyni zamanda, inzibati xəta haqqında protokol və ya ona əlavə edilmiş digər sənədlərin məzmunundan inzibati xəta hadisəsinin hansı ərazidə törədildiyi dəqiq olaraq müəyyən edilmir. Qeyd olunan protokolda istinad olunan inzibati xəta hadisəsi hərəkətsizliklə deyil, hərəkətlə ifadə olunduğundan qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı (qeydiyyatda olduğu) yer üzrə məhkəmədə deyil, inzibati xəta hadisəsinin baş verdiyi ərazi üzrə məhkəmədə baxılmalıdır. Lakin hazırki iş materiallarında inzibati xəta hadisəsinin baş verdiyi yer aşkar şəkildə qeyd edilmədiyindən inzibati xəta haqqında işə aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olduğu da mübahisə doğurur. Bununla da, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material qanunun tələblərinə tam olaraq riayət edilmədən, natamam və məhkəmə araşdırması zamanı qısa müddət ərzində aradan qaldırılması mümkün olmayan şəkildə məhkəməyə göndərilmişdir. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla, həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmamazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin əsaslara görə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin 202 nömrəli gəminin yoxlama qrupu komandiri tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə qaytarılsın. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar