Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-11/2026 09.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 333-1.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X3 Bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.2-ci maddələri ilə İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi. 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333-1.2-ci maddəsinə görə bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yəni, materialdan və inzibati xəta haqqında protokoldan belə müəyyən edilir ki, Şəxs 2025-ci il ərzində İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin, hazırki materiala şəxsin barəsində qəbul edildiyi halda əvvəlki inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmiş, yalnız şəxsin barəsində əvvəllər tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* №-li protokol əlavə edilmişdir. Protokol isə şəxsin təqsirli olmasını müəyyən edən sənəd deyil. Hazırki materiala Lənkəran ŞRPŞ-nin Şəxs 2025-ci il ərzində İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilsə də, arayışa inzibati tənbeh vermə haqqında qərar əlavə edilməmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının tibb işçisi Cəfərova S. tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 002367 №-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC “kannabinoid” aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydasının 3-1-ci bəndinin tələbinə görə tibbi yoxlama icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında aparıldıqda, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması həkim-narkoloq tərəfindən müəyyən edilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimnarkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Həmin Qaydanın 10-cu maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati, cinayət və mülki işin aparılması prosesində narkologiya sahəsində xüsusi biliyim olması tələb olunarsa, inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunan şəxsə aid aşağıdakı hallarda narkoloji-tibbi yoxlama təyin edilə bilər: cinayət məsuliyyətinə cəlb olunan, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin insan psixikasına təsir edən maddələrdən istifadə etməsi haqqında məlumat və həmin şəxsin narkoloji xəstəlikdən əzab çəkməsindən şübhələnməyə əsas olduğu hallarda; insan psixikasına təsir edən maddələrin istifadəsi nəticəsində cinayət, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törədən zaman şəxsdə psixotik pozuqluqlar müşahidə olunarsa, onun anlaqlı və ya anlaqsız vəziyyətdə olmasını müəyyənləşdirmək üçün müvafiq istintaq və ya məhkəmənin qərarı əsasında (ambulator və ya stasionar şəraitində): bu hallarda tibbi yoxlamanın nəticəsinə əsasən müvafiq tibbi xarakterli məcburi tədbirlər haqqında məsləhət verilə bilər; mülki proseslərdə insan psixikasına təsir edən maddələrdən sui-istifadə nəticəsində vətəndaşın fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məsələsi haqda, həmin vətəndaşın narkoloji xəstə olub-olmamasına müəyyən etmək üçün; inzibati xətalar haqqında işlər üzrə icraat zamanı inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün; inzibati, cinayət və mülki işin aparılması gedişində narkologiya sahəsində biliyin olması tələb olunduğu digər hallarda. Həmin Qaydanın 16-1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş tibbi yoxlamanın nəticəsi yoxlama aparılması haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti narkoloji müəssisəyə daxil olduğu andan 24 saat müddətində müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmin Qaydanın 16-2-ci maddəsinə əsasən həkim-narkoloq qarşısında qoyulmuş sualları ambulator şəkildə həll edərək, tibbi yoxlamanın nəticəsi barədə rəy tərtib edir və rəydə aşağıdakılar əks etdirilir: 16-2.1. tibbi yoxlama keçirən şəxsin soyadı, adı, atasının adı, yaşı, yaşadığı yer; 16-2.2. tibbi yoxlama aparılmasının vaxtı və yeri; 16-2.3. tibbi yoxlamanın aparılması üçün əsas verən sənəd (icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti); 16-2.4. həkim-narkoloq qarşısında qoyulan suallar; 16-2.5. tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması. 16-3. Rəy həkim-narkoloq tərəfindən imzalanır və narkoloji müəssisənin möhürü ilə təsdiq edilir. 16-4. Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyır. Göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs qismində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə barəsində İXM-nin 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin sanksiyasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Lakin təqdim edilmiş materiallardan Lənkəran DYPB tərəfindən yuxarıda göstərilən Qaydaların tələblərinə müvafiq olaraq inzibati xətalar haqqında işlər üzrə icraat zamanı inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxs olan Şəxs barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına müraciət edilməmişdir. Başqa sözlə, şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq ediləcəyi halda məhkəmə tərəfindən ona məcburi müalicə təyin edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran DYPB tərəfindən narkoloji xəstəxananın müvafiq rəyi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin: 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 103.2. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Şəxs barəsində inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilməsinə baxmayaraq Lənkəran ŞRPŞ DYPb tərəfindən qanunun yuxarıda qeyd olunan normasının tələbi pozularaq həmin protokol baxılması üçün məhkəməyə xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, tərtib olunmuş protokol və əlavə edilmiş sənədlər qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.2-ci maddələri ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333- 1.2-ci maddələri ilə tərtib olunmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(5-144)-11/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-11/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver