Məhkəmə qərarları › İş №3(5-144)-119/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-119/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-119/2026 20.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 16 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran- Astara regional şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində barəsində tərtib edilmiş 16 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə eidlmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Hazırda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur Belə ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta hadisəsinin baş verməsini sübut etmə vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Buna səbəb səlahiyyətli orqan tərəfindən tam, hərtərəfli araşdırma aparılmaması olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı halda İXM-in 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş icrası məcburi olan göstərişin əmək münasibətlərinin konkret olaraq hansı iştirakçısı (vəzifəli və ya hüquqi şəxs) tərəfindən icra edilməməsi əlavə olaraq araşdırılmalı və nəticəsindən asılı olaraq həmin subyekt barəsində səlahiyyətli orqan tərəfindən İXM-in 539.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalıdır. Bununla yanaşı, səlahiyyətli orqan tərəfindən vəzifəlin şəxsin İXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması əsaslı sayılarsa, onda İXM-in 116.1-ci maddəsinin tələblərinə də riayət olunmalıdır. Hazırda isə məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən təqdim olunmuş materialda, ümumiyyətlə, Şəxs MMC-nin hansı iştirakçısı tərəfindən icrası məcburi olan göstərişin əmək münasibətlərinin konkret olaraq yetirilməməsi barədə sübutlar yaxud da bunu əsaslandıran hallar əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Tərtib olunmuş inzibati xəta haqqında protokolda protokolun surətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə göndərildiyi qeyd edilsə də, protokolun surətinin sonuncuya göndərilməsi, onun həmin protokolun surətini almasına dair sənəd materiala əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən: 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati xəta haqqında protokola "xxxx" MMC-yə məxsus xx.xx.2025-ci il tarixdə (xx.xx.2025-ci il tarixli icrası məcbur göstəriş) və xx.xx.2026-cı il tarixdə (xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında tərtib olunmasıyla bağlı bildiriş) Şəxs MMC-nin adına göndərilmiş xəbərnamələr əlavə edilmiş, lakin Azems.az internet resursu üzərindən poçt göndərişlərinin çatdırılması ilə bağlı xəbərnamələr üzrə SX055219952AZ və SX055231763AZ nömrəli göndəriş kodları üzrə sorğu verilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə (xx.xx.2025-ci il tarixli icrası məcbur göstəriş) və xx.xx.2025-ci il tarixdə (xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında tərtib olunması ilə bağlı bildiriş) Şəxs MMC-nin adına göndərilsə də, həmin poçt göndərişləri çatdırılmadan geri qaytarılmışdır. Eyni zamanda, hazırki materiallarda inzibati protokol tərtib etmiş orqan tərəfindən “şikayət” və “məktub” başlıqları adı altında tərtib olunan sənədlərin isə hansı formada çatdırılması və çatdırılmanın təsdiq edilməsini özündə göstərən sübutlar materialdan müəyyən edilmir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 16 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar