Məhkəmə qərarları › İş №3(5-144)-124/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-124/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-124/2026 02.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi və məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ünvan 1i ünvanında qeydiyyatda olan) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Gömrük İdarəsi Lənkəran gömrük postundan daxil olmuş 3-33- 1300/019/000429 saylı raportun icrası ilə əlaqədar araşdırma aparılaraq müəyyən edilmişdir ki, 04 fevral 2026-cı il tarixdə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Beta Gida Sanayi Ve Ticaret” A.Ş. tapşırığı ilə “X2’’ tərəfindən ünvan 1i ünvanında qeydiyyatda olan, hüquqi şəxs "xxxx" QSC-nin(VÖEN: **********) ünvanına “Renault” markalı, “33BDL586/33AAH378” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olmuş, xx.xx.2026-ci il tarixli, “86” №-li invoysa əsasən, **********0344 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X4 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 fevral 2026-ci il tarixli, 00400-00725/25 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X3 11 fevral 2026-cı il tarixli qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini izah etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Astara Gömrük İdarəsinin “Lənkəran” gömrük postuna təhkim edilmiş İdarənin Gömrük risklərinin idarə olunması bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Röyal Cəbrayılov 06 fevral 2026-cı il tarixli 3-33-1300/014/00429 sayılı raportundan görünür ki, hüquqi şəxs "xxxx" QSC-nin (VÖEN: **********) ünvanına 86 nömrəli xx.xx.2026-ci il tarixli invoysla 33BDL586/33AAH378" nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********0344 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” 11 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük idarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X4 icraatında olan 00400-00220/26 nömrəli iş üzrə araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib etmişdir ondan ötrü ki, "xxxx" QSC (vöen: **********) tərəfindən təqdim edilən **********0344 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 04 fevral 2026-cı il tarixdə "xxxx" QSC-nin ünvanına “33BDL586/33AAH378”” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilən “Kakao pastası” yükünə dair qısa idxal bəyannaməsi müəyyən edilmiş vaxtda təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş “barəsində icraat aparılan şəxsin sorğu–sual edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli protokoldan görünür ki, "xxxx" QSC-nın nümayəndəsi X5 ona Dövlət Gömrük Komitəsi Astara Gömrük idarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kiçik leytenantı X4 tərəfindən verilən suallar əsasında bildirmişdir ki, o, Azərbaycan Respublikası ünvan 1ində qeydiyyatda olan hüquqi şəxs "xxxx" (VÖEN: **********) QSC-də idxal-ixrac üzrə mütəxəssis vəzifəsində çalışır. Hüquqi şəxs "xxxx" şirkəti xarici iqtisadi fəaliyyətlə məşğul olur və xarici ölkələrdən çay və düyü məhsullarının idxalını həyata keçirir. Bu məqsədlə xarici ölkələrdə olan tərəfdaşlarının sifarişinə əsasən yükləri maşınlara yükləyib orada olan sənədləşmə işlərini həyata keçirir, sonra onların yükləri Azərbaycan Respublikasına gəlir və “Lənkəran” gömrük postunda gömrük rəsmiləşdirilməsindən keçirilir. xx.xx.2026-cı il tarixdə Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən 'Beta Gida Sanayi Ve Ticaret” A.Ş tapşırığı ilə “X2” tərəfindən "xxxx" QSC-nin ünvanına “kakao pastası” yükü göndərilmişdir. Tərəflərindən həmin mallara dair elektron formada qısa idxal bəyənnaməsi gömrük orqanına vaxtında təqdim olunmamışdır, buna səbəb yük nəqliyyat vasitəsini idarə edən sürücünün onlara məlumat vermədən ölkə ərazisinə daxil olmasıdır. Təqsirini etiraf etmişdir, yük sahibi olaraq qanunvericiliyin tələbini pozduğunu anlayır və hüquqpozmanın zərərli nəticələrini aradan qaldırmağa hazırdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası rezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal əyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 01 (bir) saat əvvəl verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İş üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar