Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-127/2026 11.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X4 həmin qərardan Lənkəran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 31 yanvar 2026-cı il tarixdə Hirkan Milli Parkının 30 saylı dolayının 49-cu kvartalı ərazisində “Qırmızı Kitab”a daxil olmuş «Budaqlı Danaya” bitkisini qanunsuz kəsmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə barəsində 31 yanvar 2026-cı il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra həmin protokol əsasında 12 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən xx.xx.2026-cı il tarixli MN № ******* saylı qərar qəbul edilərək o, 700 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarla razı deyil. Çünki, o, həmin bitkinin kəsilməsini onun üçün məsuliyyət yaradacağını bilməmişdir. Ailəli olmaqla himayəsində 2 azyaşlı uşağım vardır. Ailədə yeganə işləyən mənəm, ailəmi çətinliklə dolandırıram, qeyd olunan məbləğdə cərimə pulunu ödəmək iqtidarında deyiləm, yəni buna mənim imkanım çatmır. Həmçinin mən ilk dəfədir ki, belə bir xətaya yol vermişəm, yəni təsadüfən həmin bitkini kəsmişəm. Eyni zamanda məhkəmənin diqqətinə onu da çatdırıram ki, qardaşım X8 44 günlük Vətən mübaribəsində şəhid olmuşdur. Lakin barəmdə olan sözügedən qərar qəbul edilərkən yuxarıda qeyd olunan hallar nəzərə alınmadan qəbul edilmişdir. Ona görə də mən həmin qərarla razı olmadığıma görə hazırkı şikayətlə müraciət etmişdir. Məhkəmə iclasında X4 şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini və barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi qəbul etdiyi 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Verilən suallaraq cavab olaraq Əlizahid İbadzadə bildirdi ki, xx.xx.2026-cı il tarixdə müştərini avtomobili ilə rayonun Daşdatük kəndinə aparmışdır. Həmin kənddən qayıdanda avtomobili yol kənarında saxlamış və Hirkan Milli Parkının meşə ərazisindən iribuynuz heyvana yem vermək məqsədi ilə təxminən 30 ədəd «Budaqlı Danaya” bitkisini qoparıb nəqliyyat vasitəsinin salon hissəsinə yığmışdır. Hirkan Milli Parkının əməkdaşları bu fakt aşkar edilərək aktlaşdırılmış və kəsdiyi «Budaqlı Danaya” bitkisi təhvil verilmişdir. Törətdiyi əməlin qanun pozuntusu olduğunu bilməmişdir. Qeyd olunanları nəzərə alıb şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, X4 “Qırmızı Kitaba” daxil edilmiş «Budaqlı Danaya” bitkisini kəsmişdir. Həmin fakt müvafiq qaydada rəsmiləşdirilmiş, şəxsin barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddədə nəzərdə tutulmuş ən minimal həddə - 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətçinin göstərdiyi dəlillərlə razı olmadığını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini və qərarın ləğv edilməməsini xahiş etdi. İş materiallarında olan: Hirkan Milli Parkının səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AA 003352 №-li Aktın təsdiq edilmiş surətindən görünür ki, Daştatük-Biləsər avtomobil yolunun Seyfidor meşəbəyliyinin 30 saylı dolayının ərazisində mühafizə tədbirləri həyata keçirilən zaman yol kənarında “VAZ-21043” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayandığını müşahidə etmişlər. Əraziyə baxış keçirilərkən ayaq izləri müşahidə edilmişdir. Daha sonra Biləsər kəndi istiqamətində “VAZ-21043” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onlar tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsinin salon hissəsinə baxış keçirərkən orada “Qırmızı Kitaba” daxil edilmiş «Budaqlı Danaya” bitkisinin olması aşkar edilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin X4 müəyyən edilmişdir. Nəqliyyat vasitəsindən “Budaqlı Danaya” bitkisi boşaldılaraq sayılmış 64 ədəd bağlamada hər birində 15 budaq olduğu aşkar edilmişdir. X4 tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri haqqında qanunların pozaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarına əsasən ziyan vurmuşdur. Akt iki nüsxədən ibarət tərtib olunmuşdur. Müvafiq sənədlər və fotoşəkillər əlavə olunmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2026-cı il tarixində Hirkan Milli Parkının 30 saylı dolayının 49-cu kvartalı ərazisində “Qırmızı Kitab”a daxil olmuş “Budaqlı Danaya” bitkisini tədarük edərək İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 göndərilmiş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə bildirişdən görünür ki, o, xx.xx.2026-cı il tarixdə, saat 11:00da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. xx.xx.2026-cı il tarixli teleqramdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 göndərilmiş inzibati xəta haqqında iş üzrə bildiriş xx.xx.2026-cı il tarixdə ona çatdırılmışdır. Təbiətə dəymiş ziyana dair hesablama cədvəlindən görünür ki, “Budaqlı Danaya” bitkisinin kəsilməsi nəticəsində təbiətə 240 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Milli Parkının 30 saylı dolayının 49-cu kvartalı ərazisində “Qırmızı Kitab”a daxil olmuş “Budaqlı Danaya” bitkisini kəsmişdir. O, İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə görə meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin “Fiziki şəxslərin meşələrdə olması” adlanan 53-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədənisağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır. Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 10.0. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələri aşağıdakılardır: 10.0.1. yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək; 10.0.2. yaşıllıqların zibillənməsinə, tullantılarla çirklənməsinə yol verməmək; 10.0.3. yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etmək. 13.4. yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 xx.xx.2026-cı il tarixdə Hirkan Milli Parkının 30 saylı dolayının 49-cu kvartalı ərazisində “Qırmızı Kitab”a daxil olmuş “Budaqlı Danaya” bitkisini kəsmişdir. Həmin fakt Hirkan Milli Parkının səlahiyyətli şəxsləri tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, AA 003352 №-li Akt, həmin Akta əlavə edilmiş fotoşəkillər, inzibati xəta haqqında protokol və işdə olan sənədlər, eləcə də X2 məhkəmə iclasında verdiyi izahatla tam təsdiq olunur. X4 şikayətinin əsası kimi “Qırmızı Kitab”a daxil olmuş “Budaqlı Danaya” bitkisini kəsməsinin qanun pozuntusu olmasını bilməməsi ilə əlaqələndirsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİ və İİİ-cü hissələrinin tələblərinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. X2 şikayətində və izahatında irəli sürdüyü formal mülahizələrə söykənən yuxarıda sadalanan dəlillər qanuni və əsaslı olan inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 12 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(5-144)-127/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-127/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver