Məhkəmə qərarları › İş №3(5-144)-138/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-138/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-138/2026 24.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsinin vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran- Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. İlk növbədə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Lənkəran Rayon Məhkəməsinin 3(5-144)-97/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmış və nöqsanlar həmin qərardadda göstərilmişdir. Hazırki iş üzrə məhkəməyə daxil olmuş xx.xx.2026-cı il tarixli məktubda göstərilmişdir ki, X1 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 117265/2025 nömrəli icrası məcburi göstərişi Şəxs-nə poçt vasitəsi ilə göndərilmiş və həmin göstəriş məktubu Şəxs MMC-nin ƏMAS şəxsi kabinetinə xx.xx.2025-ci il tarixində daxil edilmişdir. Şöbənin xx.xx.2026-cı il tarixli 3-17-5/2-6430/2026 nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına dəvət barədə bildiriş Şəxs MMC-nin poçt vasitəsi ilə göndərilmiş və həmin bildiriş Şəxs MMC-nin ƏMAS şəxsi kabinetinə xx.xx.2026-cı il tarixində daxil edilmişdir. Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad və iş materialları qərardadda qeyd olunan əlavələr edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən yenidən baxılması üçün xx.xx.2026-cı il tarixli MN ******* nömrəli Qərardadla baxılması üçün məhkəməyə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(5-144)-97/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadında göstərilən nöqsanlar hazırki inzibati xəta haqqında iş üzrə icraat materiallarında aradan qaldırılmadan təkrar göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, işin icraatını rədd edən hallar mövcuddurmu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı, iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin məcəllənin 57-ci maddəsinə əsasən: 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından hüquqi şəxsin inzibati xəta törətməsi faktını səlahiyyətli orqan – protokolu tərtib edən orqan sübut etməlidir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Buna səbəb səlahiyyətli orqan tərəfindən tam, hərtərəfli araşdırma aparılmaması olmuşdur. X1 Xidmətinin Lənkəran-Astara regional şöbəsi öz məktubunda: şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/2-117265/2025 nömrəli icrası məcburi göstərişi Şəxs-nə poçt vasitəsi ilə göndərildiyini və həmin göstəriş məktubu Şəxs MMC-nin ƏMAS şəxsi kabinetinə xx.xx.2025ci il tarixində daxil edildiyini, habelə şöbənin xx.xx.2026-cı il tarixli 3-17-5/2-6430/2026 nömrəli inzibati xəta haqqında protokolun tərtib olunmasına dəvət barədə bildiriş Şəxs MMCnin poçt vasitəsi ilə göndərildiyi və həmin bildiriş Şəxs MMC-nin ƏMAS şəxsi kabinetinə xx.xx.2026-cı il tarixində daxil edildiyini göstərsə də, inzibati xəta haqqında icraat materiallarına əlavə olunmuş sözügedən ƏMAS sistemindən çıxarışlarda Şəxs MMC-nin elektron kabinetinə yerləşdirildiyi müəyyən olunmur (təqdim edilmiş sənədləri məhkəmə hər hansı formada yoxlaya bilmir), elektron kabinetə yerləşdirilmə barədə çıxarışlarda gücləndirilmiş elektron imza ilə imzalama da müəyyən edilmir. Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli SX055222982AZ nömrəli xəbarnaməli poçt göndərişi üzrə AZEMS.AZ internet resursu üzərindən sorğu verildiyində Şəxs MMC-nin adına ünvanlanmış poçt göndərişinin sonuncuya çatdırılmadan şöbənin özünə geri qayıtdığı müəyyən olunur. Məhkəmə yuxarıda sadalanan normaları və xüsusən də İnzibati Xətalar Məcəlləsinin 8, 10 və 48-ci maddələrini təhlil edərək belə qənaətə gəlir ki, dövlət orqanı olaraq Əmək Müfəttişliyi Xidməti Lənkəran-Astara regional şöbəsinin inzibati xəta qanunvericiliyinə əsasən əsas vəzifəsi inzibati xətanın törədilməsinin qarşısını almaq, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılmasına yönəldilmişdir. Lakin hazırki inzibati xəta haqqında işin faktiki halına görə icrası məcburi göstəriş barədə lazımi qaydada məlumatlandırılması dəqiq məlum olmadığı, yalnız protokolu tərtib etmiş orqanın göstərməsinə əsasən ƏMAS şəxsi kabinetinə yerləşdirmə əsası ilə qeyd edilən hüququ şəxsin məsuliyyətə cəlb edilməsi, barəsində protokol tərtib edilmş şəxsi ümumiyyətlə müdafiə olunmaq hüququndan məhrum edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi məlumatların, icrası məcburi göstərişin poçt vasitəsi ilə Şəxs MMC-yə çatdırılması mümkün olmamışdır. Belə olan halda hüquqi şəxsin nümayəndəsinin bu yazılı göstəriş barədə məlumatlı olmaqla məcburi göstərişin icra edilməməsinin hansısa üzrlü səbəbdən baş verə bilmək imkanlarını izah etmək, öz müdafiəsi üçün dəlillər gətirmək imkanı olmamışdır. İcrası məcburi göstəriş barədə məlumat və inzibati xəta haqqında protokolun tərtib olunması barədə müvafiq bildiriş Şəxs MMC-yə bütün imkanlar istifadə olunmaqla çatdırılması təmin edilməli idi. İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi halında inzibati xəta törədilir. Məhkəmənin qeyd edilən yanaşması inzibati xəta qanunvericliyinin prinsiplərinə əsaslanır və hesab edir ki, hər hansı fiziki və hüquqi şəxs ehtimallarla inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar