Məhkəmə qərarları › İş №3(5-144)-149/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-149/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-149/2026 23.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsini hakimi Murquzov Elmir İlqar oğlu, Məhkəmə iclas katibi: X8, Protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9, Zərəçəkmiş:Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran şəhəri, M.M.Axund küçəsi, ev 7-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evində yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Lənkəran Rayon İcra və X5 Elşad Namiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. 23 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokolda göstərilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-6434/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi borclu Şəxs tərəfindən icra edilməmişdir. Bu vaxta borclunun tələbkara 9630 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Lənkəran Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X9 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-6434/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin tələbinə əsasən borclu Şəxs hər iki uşaq üçün hər ay cəmi 234 manat pul alınaraq X3 ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Borclu tərəfindən 2020-ci il tarixə kimi alimentlə bağlı öhdəliklərini yerinə yetirmişdir. Xaricdə olduğu zamanlar da anası tərəfindən bir sıra ödənişlər olunmuşdur. 2020-ci ildən 2025-ci ilə qədərki dövrdə isə borclu tərəfindən ödəniş olunmamışdır. O, Ukrayna Respublikasında yaşadığını, müharibə zamanı Almaniyaya aparıldığını və oradan deportasiya olunaraq 2025-ci ildə Azərbaycan Respublikasına gəldiyini bildirərək sənədlərinin müharibə zamanı itdiyini, hazırda işsiz olduğunu və sənədlərini bərpa etməklə məşğul olduğunu və sənədləri hazır olduqdan sonra işləyib pulu ödəyə biləcəyini bildirmişdir. Eyni zamanda o 18 dekabr 2025-ci ildə aliment borcundan 3000 manat ödəniş etmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda borclunun 9630 manat aliment borcu vardır. Göstərilənlərə əsasən borclu Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tətbiq ediləcək tənbeh tədbirinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirdi ki, övladları yetkinlik yaşına çatıblar. Onları çətinliklə böyütmüşdür. Borclu aliment borcunu ödəməkdən yayınır. Borclu tərəfindən aliment borcunun tam olaraq ödənilməsinin təmin edilməsini xahiş edirəm. Onun barəsində hazırda inzibati tənbeh tətbiqin tətbiq edilməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxıram. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o aliment borcunu ödəməkdən yayınmır.Övladlarına olan borcunu ödəməsinin onun atalıq borcu olduğunu anlayır. Xaricə gedən günə kimi ödənişləri daima ödəmişdir. Ukrayna Respublikasında işlədiyi vaxtlar 2022-ci ilə kimi hissə-hissə ödənişlər edilməsi üçün anasına pul göndərirdi. 2022-ci ildə müharibə zamanı artıq iş olmadığı üçün işsiz qalmışdır. Onu məcburi olaraq Almaniyaya göndərmişlər və orada düşərgədə saxlamışlar. Həmin dövrdə işləmədiyi üçün ödənişləri edə bilməmişdir. Daha sonra Azərbaycan Respublikası vətəndaşı olduğu üçün onu Azərbaycan Respublikasına deportasiya etmişlər. Hava limanında saxlanılan zaman onun barəsində axtarış verildiyindən məlumatı olmuşdur. 18 dekabr 2025-ci il tarixdə qohumlarından borc alaraq 3000 manat aliment borcundan ödəniş etmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsində olduğu zaman da borcu ödəməkdən yayınmadığını, sənədlərinin müharibə zamanı itdiyini və həmin sənədləri bərpa etdikdən sonra borcun qalan hissəsini də ödəyəcəyini bildirmişdir. Hazırda sənədlərinin bərpa edildiyini, iş tapmaq üçün müraciətlər etdiyini və yaxın zamanda işə düzələrək qalan borcuda hissəhissə ödəyəcəyini, qərəzli olaraq borcu ödəməkdən yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-6434/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 23 avqust 2005-ci il təvəllüdlü X4 və 17 iyun 2007-ci il təvəllüdlü X10 tələbkar X2 yanında qalsınlar və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşağa görə 117 manat olmaqla iki uşağa hər ay cəmi 234 manat aliment tutularaq tələbkar X3 verilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış sənədlərdən görünür ki, icra sənədi üzrə icraata 09 mart 2018-ci il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişin ünvanlanaraq, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 11 mart 2019-cu il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(049)-01/2019 saylı qərardadına əsasən Lənkəran Rayon Məhkəməsinin 2(049)-6434/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilənədək borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış xx.xx.2019-cu il tarixli İcra məmurları tərəfindən tərtib edilmiş Aktdan görünür ki icra məmurları Borclu Şəxs oğlunun qeydiyyat yeri olan ünvan 1 ünvana getmişlər, baxış zamanı məlum olmuşdur ki, borclu Bakı şəhərində məlum olmayan ünvanda yaşayır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarinin icrasi üçün faktiki imkanlarinin olmasi müəyyən edildiyi halda, o məhkəmə aktinin tələbini icra etmir və ya məhkəmə aktlarinin icrasini mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin hazırki vəziyyətdə borclunun icra sənədi üzrə olan borcunu ödəməkdən boyun qaçırması, icra məmurunun qanuni tələblərinə tabe olmaması və məhkəmə qətnaməsinin icrasına maneə törətməsi və yaxud səthi yanaşması hallarının mövcud olmasından söz gedə bilməz. Belə ki, tərəflərin izahatı ilə də sübut olunur ki, borclu Şəxs 18 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasına gələn zaman saxlanılmış və həmin vaxt icra sənədinə əsasən axtarışda olması barədə ona məlumat verilmişdir. Həmin gün 18 dekabr 2025-ci il tarixdə onun tərəfindən 3000 manat məbləğində aliment borcu ödənilmişdir. Həmçinin Şəxs məhkəmə iclasında verdiyi izahatında da hər iki övladının artıq yetkinlik yaşına çatdığını, yığılmış aliment borcunu ödəməkdən yayınmadığını, müharibə dövrünə düşdüyü üçün üzrlü səbəbdən heç bir yerdə işləmədiyini, müharibə zamanı itirdiyi sənədlərinin bir neçə gün öncə bərpa olunduğunu və işləyib aliment borcundan hissəhissə ödənişləri davam etdirəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-6434/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-6434/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Murquzov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar