Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-181/2026 03.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin rəis müavini X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu Zövlə kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, öz deməsinə görə işsiz və il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Lənkəran rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-132/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 manat - cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin rəis müavini X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin rəis müavini X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-132/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcludan izahat alınmış, icra sənədi üzrə öhdəliyi və məsuliyyəti ona izah edilmişdir. Eyni zamanda, Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu ona edilən rəsmi xəbərdarlıqlara baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Təqdimat verilən tarixə borclu Şəxs cəmi 7520 manat ödənilməmiş borcu qalmışdır. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Şəxs həmin maddə ilə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbsdən çıxdıqdan sonra da məhkəmə qətnaməsini yenə də icra məmurunun ona rəsmi xəbərdarlıqlar etməsinə baxmayaraq icra etməmiş və onun hazırda tələbkara ümumilikdə 23248 manat aliment borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün barəsində hazırki protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla borclunun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Şəxs izahat verərək göstərdi ki, xalası oğluna məxsus mağazanın meyvə-tərəvəz hissəsində işləyir. Hər ay 340 manat aliment ödəməli oluğunu bilir, lakin bu məbləği ödəməyə maddi imkanı çatmır. O, aliment borcunu tam şəkildə ödəyə bilməsə də, indiyədək maddi imkanları daxilində müəyyən qədər ödənişlər etmişdir. Ödəniş etməsi barədə məhkəməyə təqdim etməyə qəbz və ya hər hansı sübutu yoxdur. Uşaqları ilə istədiyi vaxtlarda gedib görüşə bilir. Onun hazırda tələbkara xeyli məbləğdə aliment borcu yaranmışdır. Hazırki vəziyyətdə yaranmış aliment borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin hazırki aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla, həmin şəxsə qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onunla telefon vasitəsilə əlaqə saxladıqda borclunun ona olan gecikdirilmiş aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-132/2021 nömrəli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 170 manat - cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qərarı üzrə borclunun hazırda tələbkara cəmi 23248 manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etmədiyindən onun barəsində cinayət təqibinin başlanması üçün xx.xx.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmiş, təqdimat verilən tarixə borclu Şəxs cəmi 7520 manat ödənilməmiş borcu qalmışdır. Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Borclu Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu Şəxs həbsdən çıxandan sonra da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və onun hazırda tələbkara ümumilikdə 23248 manat aliment borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin izahatlarını dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkara ödənilməli olan alimentin miqdarını nəzərə alaraq inzibati həbs müddətinin 15 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Sadıxov X2 rayon İcra və Probasiya Şöbəsinin rəis müavini X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx.xx.2026-cı il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Lənkəran şəhər-rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(5-144)-181/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-181/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver