Məhkəmə qərarları › İş №3(5-144)-187/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-187/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-187/2026 06.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan Lənkəran ŞRPŞ-nin nümayəndəsi - polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.2004-ci il tarixdə Masallı rayonu, Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Lənkəran şəhərində yerləşən Lənkəran MTE və PAM-in binasının qaşısında ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmadığından onun barəsində Lənkəran ŞRPŞ-nin polis sahə rəisi X3 tərəfindən İXM-nin 510.1 və 535.1-ci maddələri ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı izahatına və ona verilmiş suallara əsasən inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan Lənkəran ŞRPŞ-nin nümayəndəsi - polis sahə rəisi X3 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq da ona verilmiş suallara əsasən göstərmişdir ki, Şəxs MTE və PAM-in qarşısında ekspertlə mübahisə edib binanın giriş qapısını qəsdən yumruq zərbəsi vurmaqla zədələmiş və İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, eləcə də buunla bağlı həmin əraziyə dəvət edilmiş polis əməkdaşlarından Ceyhun Cahangirzadənin göstərişlərini yerinə yetirməməklə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Yekun olaraq məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, özünü İXM-in 510.1 və 535.1-ci maddəsində göstərilən xətaların törədilməsində təqsirli bilmir, söyüş söyməmiş və heç bir artıq hərəkət etməmişdir. Saat xx.xx.2026-cı il tarixdə saat 13 radələrində dostları ilə birgə rentgendən cavab alıb ekspertə təqdim etmək üçün ekspertiza mərkəzinə getmişdir. Həmin zaman təhqiqatçının qərarı əsasında dostunun qolunda sınıq olduğu üçün onu ekspertin yanına aparmışdır. Qapını döymüşlər, lakin cavab almamışlar. O da içəridə kiminsə olduğunu müəyyən etmək üçün qapını açmaq istəmişdir. Bir az qapı çətin açılmış, güc tətbiq etmiş və açmışdır. X10 içəridən çıxıb və səs-küy salınmağa başlanmış, eksperti və ya kimisə söyməyib, təhqir etəməyibdir. Həmin zaman və polislər əməkdaşları gəldiksən sonra Şərif Hüseynovla mübahisə etmişdir. Polis əməkdaşları gələnə qədər ekspertlə aralarında yaranmış mübahisəyə görə əsəbləşib qapıya zərbə vurmuşdur. Həmin zaman yanında dostları Nahid və Məhəmməd olmuşlar. Polislər ona yaxınlaşanda nə baş verdiyini soruşmuş və sonra qolundan tutub heç bir söz demədən maşına oturtmuşlar. Polis əməkdaşlarının hər hansı əmrinə tabesizlik göstərməmişdir. Yekun olaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafəçisi X1 Emil Müdrik oğlunun əməlində İXM-in 510.1 və 535.1-ci maddəsində göstərilən inzibati xəta tərkibinin olmadığını, sübuta yetirilmədiyini, bu səbəbdən də inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid Lənkəran ŞRPŞ-nin əməkdaşı Mahir Şahbazbəyli ifadəsində bildirmişdir ki, o hadisə yerinə digər polis əməkdaşları Ceyhun Cahangirzadə və Ehtibar Abbasovla getmişlər. Belə ki, Lənkəran MTE və PAM-in rəisi Şərif Hüseynov zəng edərək vətəndaş Şəxs mərkəzə gələrək əsassız mübahisə etdiyini. Mərkəzinin qapısını vurub zədələdiyini bildirdiyi üçün həmin yerə getmişlər. Orada olduqları zaman da Şəxs əsassız mübahisə etmiş və onların göstərişini yerinə yetirməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lənkəran MTE və PA mərkəzinin rəisi X6 ifadəsində göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 15:00 radələrində Şəxs bir neçə nəfər dostu ilə ekspertizaya gəlmişdir. Lakin ekspertizadan Şəxs yox, digər şəxs keçməli olmuşdur. Belə ki, Şəxs dostunun yanında mərkəzə gəlmişdir. Digər şəxslərdən fərqli olaraq Şəxs mərkəzdə onunla əsassız mübahisə etmiş, səs-küy salmış, yumruq zərbəsi ilə mərkəzin giriş qapısını vurub zədələmişdir. Bu səbəbdən də Lənkəran ŞRPŞnə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları həmin yerə gəlmişlər. Həmin yerdə olduğu müddətdə Şəxs hər hansı söyüş söyməmiş, kimisə təhqir etməmişdir. Şəxs polis əməkdaşlarının əmrini yerinə yetiməməsi halına da şahid olmamışdır. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati icraaat materialları: xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Lənkəran MTE və PA mərkəzinin baş həkimi Şərif Hüseynovun şikayəti əsasında hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan və küçə söyüşləri söyən Bəhmənli X5 ŞRPŞ-yə gətirilmişdir. xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs saat 18:46-da inzibati qaydada tutularaq Lənkəran ŞRPŞ-yə gətirilmiş, hal şahidlərinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış zamanı heç bir qiymətli əşya və ya bədən xəsarəti aşkar edilməmişdir. xx.xx.2026-cı il tarixli qərardaddan görünür ki, Bəhmənli X5 MTE və PA mərkəzində baş həkimlə mübahisə edərək qapıya yumruq vurduğuna, səs-küy salıb polisə qəsdən tabe olmadığına görə onun əməlində İXM-nin 510.1 və 535.1-ci maddələrinin tərkibi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Əlillik məlumatlarına dair DİN-in çıxarışından görünür ki, Şəxs onurğanın döş və bel tipli skoliozu, eləcə də kifoz və pazvari deformasiya diaqnozları səbəbindən 3-cü dərəcəli əlilliyi mövcuddur. xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinin inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydə alınmamışdır. xx.xx.2026-cı il tarixli materiallarla tanış edilmə barədə protokoldan görünür ki, Şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri üzrə toplanmış inzibati xəta materialları ilə tam tanış olmuş və bununla bağlı heç bir vəsatətinin olmadığını rəsmən təsdiqləmişdir. QANUNVERİCİLİYİN MÜDDƏALARİ VƏ ƏSASLANDİRMA: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi Bəhmənli X5 MTE və PAM-in qarşısında ətrafda insanların toplaşdığı və ya toplaşa biləcəyi, insanların intensiv hərəkət etdiyi ərazidə uca səslə mübahisə edib mərkəzin giri qapısına zərbə vurub zədələməklə İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə belə, lakin onun polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama kimi hallara yol verməsi olmamışdır. Şəxs ekspertin iştirakı ilə polis əməkdaşlarına baş vermiş hadisənin səbəbini izah etməyə çalışmış, hər hansı nalayiq ifadə işlətməmiş, verilmiş qanuni tələb əsasında Lənkəran ŞRPŞ-ya getmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 535.1-ci maddəsilə başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə AR İXM-nin 510.1-ci maddəsilə başlanılmış icraat əsaslı olduğundan Şəxs həmin maddədə göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında göstərilən sanksiya həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı müəyyən olunduqda məsuliyyəti yüngülləşdirən hal kimi dəyərləndirilməlidir. Məhkəmə Şəxs ilk dəfə AR İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini, səmimi etirafını və peşmançılığını, habelə əlilliyinin olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirib hesab edir ki, onun barəsində AR İXMnin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati tənbeh tədbiri olaraq cərimə tənbeh tədbiri qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin mövcud olmasını təsdiq edən sübutlar təqdim edilmədiyindən Şəxs barəsində 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Şəxs barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs AR İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.2-ci maddəsinə əsasən (təqsiri sübuta yetirilmədikdə) xitam verilsin. İnzibati cərimə tənbeh tədbirinin icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar