Məhkəmə qərarları › İş №3(5-144)-202/2026

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(5-144)-202/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(5-144)-202/2026 12.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, “Mars-O” kəndli (fermer) təsərrüfatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i m: “Mars-O” kəndli (fermer) təsərrüfatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsinin baş əmək müfəttişi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, hazırki inzibati xəta haqqında material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aid olub-olmadığı; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığı; inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyi; işin icraatını rədd edən halların mövcud olub-olmadığı; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığı; iş üzrə vəsatətlər və etiraz etmə olub-olmadığı məsələlərini həll edir. Hazırki inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə əsasən inzibati xəta hadisəsinin baş verməsini sübut etmə vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazzırki inzibati xəta haqqında protokolda istinad edilən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs “Mars-O” kəndli (fermer) təsərrüfatının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin olub-olmaması bəlli deyildir. Belə ki, hazırkı halda qeyd olunan maddənin dispozisiyasında nəzərdə tutulmuş icrası məcburi olan göstərişin əmək münasibətlərinin konkret olaraq hansı iştirakçısına (vəzifəli və ya hüquqi şəxsə) göndərildiyi araşdırılmalı və nəticəsindən asılı olaraq həmin vəzifəli və ya hüquqi şəxs barəsində səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalıdır. Bununla yanaşı, səlahiyyətli orqan tərəfindən vəzifəli şəxsin həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması əsaslı sayılarsa, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinin tələblərinə də riayət olunmalıdır. Hazırda isə məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən təqdim olunmuş materialda, ümumiyyətlə, icrası məcburi olan göstərişin “Mars-O” kəndli (fermer) təsərrüfatına göndərildiyini (real olaraq çatdırıldığını) təsdiq edən mötəbər hər hansı sübut mövcud deyildir. Tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə “Mars-O” kəndli (fermer) təsərrüfatına göndərilən icrası məcburi olan göstərişin qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyi qeyd edilsə də, belə bir göstərişin, habelə, bildirişin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə rəsmi qaydada verilməsi, onun həmin sənədlərin surətlərini faktiki olaraq almasına dair sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İnzibati xəta haqqında protokola xx.xx.2025-ci il tarixli icrası məcbur göstərişin xx.xx.2026-cı il tarixdə (SX055230374AZ nömrəli göndəriş kodu), xx.xx.2026-cı il tarixli bildirişin isə xx.xx.2026-cı il tarixdə (SX055267771AZ nömrəli göndəriş kodu) “Mars-O” kəndli (fermer) təsərrüfatına göndərildiyinə dair "xxxx" MMC-yə aid poçt qəbzləri əlavə edilsə də, "xxxx" internet resursu üzərindən əldə edilmiş, SX055230374AZ və SX055267771AZ nömrəli göndəriş kodları üzrə poçt göndərişlərinin çatdırılması ilə bağlı sorğu verilən zaman müəyyən olunmuşdur ki, həmin poçt göndərişləri müvafiq olaraq xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixlərdə çatdırılmadan geri qaytarılmışdır. Bu da onu deməyə əsas verir ki, “Mars-O” kəndli (fermer) təsərrüfatı protokolu tərtib etmiş orqan tərəfindən hazırki inzibati xəta haqqında işin icraatı barədə qanunamüvafiq qaydada məlumatlandırılmamışdır. Bu səbəbdən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin həmin işlə bağlı özünün mümkün olan etirazlarını, hətta inzibati xəta tərkibini istisna edə biləcək dəlil və sübutlarını təqdim etmək imkanları məhdudlaşdırılmışdır. Bununla da, təqdim olunmuş sənədlərdən görünür ki, “Mars-O” kəndli (fermer) təsərrüfatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xətalar haqqında qanunvericilikdə işə yalnız şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılması qaydası tənzimlənməsə də, cinayət prosessual qanunvericiliyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İnzibati xətalara dair işlərdə də inzibati xəta haqqında protokol mahiyyət etibarilə ittiham aktına bərabər sayıldığından həmin protokolda şəxsin inzibati xəta hadisəsini törətməsini təsdiq edən hallar mütləq göstərilməli, məhkəmə də işə həmin hallar üzrə, protokolda qeyd edilən, iş materiallarına əlavə edilmiş sübutlar əsasında baxmalıdır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olmaqla, həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması, eyni zamanda, bu çatışmamazlıqların işə baxılarkən qısa müddət ərzində aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Mars-O” kəndli (fermer) təsərrüfatı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında materiallar natamam olmaqla, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: “Mars-O” kəndli (fermer) təsərrüfatı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Lənkəran-Astara regional şöbəsinə qaytarılsın. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar