Məhkəmə qərarları › İş №3(5-144)-57/2026

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-57/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-57/2026 26.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, elvi, orta təhsilli, işləməyən, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-1588/2025 saylı, 06 avqust 2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Babayev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 26 yanvar 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, məhkəmə qətnaməsindən məlumatı olmuş, atası borcu özü təkliyinə ödəyəcəyini bildirmişdir. Hazırda borcundan 300 manat ödəyə bilər. O tələbkara 300 manatı təklif etmiş, lakin tələbkar bunu qəbul etməmişdir. O borcunun ödənilməsindən yayınmır. İcra və Probasiya qrumundan ona çağırış gəlməmiş, həmin qruma getməmişdir. Qeyd edilən qətnamə ilə bağlı ancaq atası icra qrumuna getmişdir. Qətnamənin hər hansı səbəbdən üzürsüz səbəbdən yerinə yetirməməsi halı olmamışdır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkara olan borcunu hissə-hissə 2026-cı ilin may-iyun ayınadək tam şəkildə ödəyəcəkdir. Sabah isə 300 manatı tələbkara ödəyəcəkdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Şəxs borcu hissə-hissə ödəməyi təklif edib lakin heç bir ödəniş etməyibdir. Hazırda da borcun hissə-hisə ödənilməsinə razıdır. Şəxs onun qardaşıdır və icraata xitam verilməsini istəyir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Şəxs Lənkəran Rayon 2(049)-1588/2025 saylı, 06 avqust 2025-ci il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs məlumat verilmişdir. Elvin Babayev icra qrumuna gəlməmiş, ona yalnız sms xəbərdarlıqları göndərilmişdir. Onunla telefon əlaqəsi saxlanılmamış, atası, digər borclu Bəhmən Bayramov mütəmadi olaraq icra qrumuna gəlmişdir. Elvin Babazadənin tələbkar Zərərçəkmiş şəxs 1900 manat ödənilməmiş borcu qalmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1588/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X1 5100 manat məbləğində və Şəxs 1900 manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iddia tələbi üzrə ödənilmiş 90 manat dövlət rüsumunun 65.70 manat hissəsi cavabdeh X1 24.30 manat hissəsi isə cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs veriməlidir. İcraata başlamaq haqqında 05 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1588/2025 saylı, 06 avqust 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1588/2025 saylı, 06 avqust 2025-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lakin borclunun bildirişi alıb-almaması barədə sənəd əlavə edilməmişdir. Borclunun axtarışı barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron hökumət portalından çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə» – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməmiş olsun, lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, onun icra məmuru tərəfindən ümumiyyətlə çağırılması müəyyən edilmir. Borcluya yalnız sms bildirişləri göndərilmişdir ki, həmin bildirişlərin borcluya çatdırılması da qeyri müəyyəndir. Borclunun üzürsüz olaraq icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Eləcə də hazırda Şəxs tələbkarla razılığa gəlmiş və hazırda tələbkar inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Odur ki, tələbkarla barəsində protokol tərtib edilmiş Şəxs arasında razılığın olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar