Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(5-144)-93/2026 17.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşəgötürən Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsindəki tələbləri pozaraq DƏMX-nin Lənkəran-Astara Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-117242/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirmədiyinə görə DƏMX-nin Lənkəran-Astara Regional şöbəsinin baş əmək müfətdişi X2 tərəfindən Şəxs MMC-nin barəsində xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin rəhbəri X7 əmək müqaviləsinə xitam verilməsi barədə arayışı məhkəməyə təqdim edərək bildirmişdir ki, DƏMX-nin Lənkəran–Astara Regional şöbəsinin xəbərdarlıq məktubundan sonra Əmək və X1 bağlanmış əmək müqaviləsinə xx.xx.2026-cı il tarixdə xitam verilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xidmət tərəfindən qəbul olunmuş İcrası Məcburi Göstəriş barədə məktubu almış, lakin məsələnin ciddi olmadığını düşündüyü üçün ilkin mərhələdə Əmək Müfəttişliyi ilə əlaqə saxlamamışdır. İkinci məktubu aldıqdan sonra Müfəttişliyə müraciət etmiş və məsələni araşdırmışdır. Şəxs MMC cəmi bir saat fəaliyyət göstərmiş, bundan sonra isə cəmiyyətin ləğvi barədə qərar qəbul edilərək Vergi Xidmətində MMC-nin VÖEN-i dondurulmuşdur. Lakin sonradan Vergi sistemində VÖEN yenidən aktivləşdirilmiş, bu səbəbdən Əmək Müfəttişliyi fəaliyyəti aktiv görünən MMC-də nöqsan aşkar edərək icrası məcburi göstəriş barədə qərar qəbul etmişdir. Müfəttişlikdən məlumat aldıqdan sonra o, yenidən Vergi Xidmətinə müraciət edərək MMC-nin fəaliyyətinin bağlanmasını təmin etmişdir. O, baş vermiş hallara görə özünü təqsirli hesab edir, lakin arvdının yataq xəstəsi olması səbəbindən vaxtında Əmək Müfəttişliyi ilə əlaqə yarada bilmədiyini bildirmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli 3-17-5/2-117242/2025 nömrəli İcrası Məcburi Göstəriş məktubundan görünür ki, Şəxs MMC-dən 10 (on) iş günü müddətində əmək müqaviləsi qüvvədə olan X4 əmək haqısının qanunvericiliyə əsasən ölkə üzrə minimum əmək haqqı məbləğində təyin edilməsi tələb olunmuşdur. Bildirişin surətindən görünür ki, icrası məcburi göstəriş məktubunda göstərilən tələblərə əməl etmədiyinə görə barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün Şəxs MMC-nin rəhbərliyinə xx.xx.2026-cı il tarixdə saat 12:00-da DƏMX-nin Lənkəran-Astara regional şöbəsinin inzibati binasına və ya videokonfrans vasitəsi ilə ZOOM platforması linki üzərindən qoşulmağa dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, sənədlərin istənilməsi ilə bağlı məktub elektron qaydada Şəxs MMC-yə şəxsi kabinet vasitəsi ilə çatdırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə 01/2026 nömrəli Əmrin surətindən görünür ki, Direktor vəzifəsində işləyən X7 ilə bağlanmış 5VG6T87000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 a maddəsinə əsasən xx.xx.2026-cı il tarixində xitam verilmişdir. İş materiallarında olan Metallist MMC-nin 02/2019 nömrəli Qərarının surətindən görünür ki, xx.xx.2026-cı il tarixində ********** nömrə ilə 6 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış Metallist MMC-nin adı dəyişdirilərək Smart Door olaraq müəyyən edilmişdir. Məhkəmə, iclas zamanı tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdə adı dəyişdirilərək Şəxs olaraq müəyyən edilmişdir. Onların məlumatına əsasən onlar heç vaxt fəaliyyət göstərməmiş, Cəmiyyət tərəfindən rüblük və illik hesabat dövrləri üzrə Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsi qarşısında fəaliyyətin həyata keçirilməməsi barədə “0” hesabatlar təqdim edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cəmiyyətin rəhbəri İdris Əhədov ilə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona aylıq 250 manat əmək haqqı müəyyən edilmişdir. Əmək müqaviləsi bağlanmış olsa da, sonrakı dövrdə müəssisənin faktiki fəaliyyət olmasa belə, əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilməmiş, əmək münasibətləri formal olaraq davam etmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxsin faktiki təsərrüfat fəaliyyətini həyata keçirməməsi onun əmək qanunvericiliyindən irəli gələn vəzifələrini aradan qaldırmır. Əmək müqaviləsinin qüvvədə qalması əmək münasibətlərinin mövcudluğunu təsdiq edir və bu halda işəgötürən əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün öhdəlikləri yerinə yetirməlidir. Məhkəmə, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə bağlı xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra xx.xx.2026-cı il tarixdə hüquqi şəxs tərəfindən direkor X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibətdə hesab edir ki, inzibati məsuliyyət məsələsi həll edilərkən hüquqi əhəmiyyət kəsb edən hal pozuntunun aşkar edildiyi və inzibati icraat başlandığı zaman mövcud olan faktiki və hüquqi vəziyyətdir. İnzibati xəta haqqında protokolun tərtib edildiyi tarixədək əmək müqaviləsi qüvvədə olmuş, pozuntu aradan qaldırılmamış və məcburi göstərişin tələbləri icra edilməmişdir. Hüquqi şəxsin əmək müqaviləsinə yalnız protokol tərtib edildikdən və iş məhkəməyə göndərildikdən sonra xitam verməsi inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. İnzibati xəta artıq baş vermiş və tamamlanmış hesab olunur, sonradan pozuntunun aradan qaldırılması isə məsuliyyəti aradan qaldırmır. Məhkəmə belə nəticəyə gəlir ki, hüquqi şəxsin faktiki fəaliyyət göstərməməsi barədə təqdim etdiyi arqumentlər, mövcud əmək müqaviləsinin qüvvədə qalması və əmək münasibətlərinə xitam verilməməsi fonunda, məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz və pozuntu yalnız inzibati xəta baş verməsi barədə inzibati protokol tərtib olunduqdan və inzibati icraat başlandıqdan sonra aradan qaldırıldığından hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 539.1-1-ci maddəsinin dispozisiyasına görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İXM-nin 539.1-1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozsiyasında nəzərdə tutulmuş əməlin törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən bu məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs bu inzibati xətaya görə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğundan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquqpozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquqpozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində şərti olaraq cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmalar aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Həmin müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin və Şəxs MMC inzibati cərimə ödənilməsindən azad edilsin. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(5-144)-93/2026
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(5-144)-93/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver