Məhkəmə qərarları › İş №3(5-145)-103/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-103/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-103/2026 02.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Masallı şəhəri, Digah küçəsi ev 27-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X6 məhkəmə iclasında bildirdi ki, cavabdehlər X2 və Şəxs daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla iddiaçı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılması barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 46/2024 nömrəli icra sənədi xx.xx.2025-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclulara tələbin könüllü şəkildə icrası barədə bildiriş göndərilməklə icra tələbini icra etmədikləri halda məcburi icra tədbirlərinə başlanacağı barədə xəbərdarlıq edilmişdir. Lakin borclular icra sənədini üzrsüz səbəbdən icra etməyərək qeyd edilən yaşayış evindən çıxmamışlar. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə Masallı Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borcluların ona məxsus evdən məcburi çıxarılmaları barədə icra sənədinin icrasını tələb etmişdir. xx.xx.2026-cı il tarixdə icra sənədinin icrası ilə bağlı borclu Şəxs izahatı alınmış, Şəxs izahatında mənzildə ona məxsus əşyaların olduğunu, həmin əşyaların mənzildən çıxarılması və yerləşdirilməsi üçün müvafiq yer tapa bilmədiyini bildirməklə icra sənədinin icrasını təmin edəcəyini bildirmiş, əks halda barəsində məcburi icra tədbirləri ilə bağlı xəbərdarlıq edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclulara yenidən vaxt verilmişdir. xx.xx.2026-cı il tarixdə tələbkar Zərərçəkmiş şəxs ilə birlikdə icra sənədinin icrası ilə bağlı borcluların yaşadığı ünvanda olmuş, həmin vaxt borclu Şəxs icra sənədinin icrasını təmin etmək üçün ona 10 gün müddət verilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs isə icra sənədinin icrası ilə bağlı borcluya vaxt verilməsinə etiraz etmiş, bununla bağlı müvafiq akt tərtib edilmiş, həmin ünvanda digər borclu X2 olmadığından Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İcra məmuru X6 əlavə olaraq izahatında göstərdi ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxılarkən borclunun xahişini nəzərə alan məhkəmə humanistlik göstərərək icra sənədinin icrasını təmin etmək üçün ona yenidən iki gün möhlət verməsinə baxmayaraq o, verdyi öhdəliyi yerinə yetirməyərək qərəzli şəkildə icra sənədinin icrasından yayınmağa davam etmiş, özünə məxsus əmlakları bilərəkdən tələbkar Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən çıxarmamış, bununla da icra sənədinin icrasını bilərəkdən təmin etməmişdir. Göründüyü kimi Şəxs qərəzli olaraq icra sənədinin icrasını təmin etmək niyyətində deyildir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədindən məlumatlıdır. Lakin icra sənədinin icrasından yayınmaq fikri olmamışdır. Ona görə ki, hazırda ona və icra sənədi üzrə digər borclu X1 məxsus əşyalar tələbkar Zərərçəkmiş şəxs məxsus evdə yerləşir. İcra sənədinin icrasından yayınmaq niyyəti yoxdur, lakin həmin əşyaları tələbkarın evindən çıxarıb yerləşdirmək üçün başqa yeri yoxdur. Həm də əmlakların müvəqqəti yerləşdirilməsi üçün bir ev kirayə tutulmalıdır. Bunun üçün isə hazırda heç bir imkanı yoxdur. xx.xx.2026-cı il tarixdə icra məmuru tələbkarla birlikdə yaşadığı ünvana gələrək evin boşaldılmasını tələb etmiş, evin boşaldılması üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin qeyd edilən müddətdə əmlakları evdən çıxarıb başqa bir yerə yığmaq üçün uyğun ev və ya digər saxlanc yeri tapa bilməmişdir. xx.xx.2026-cı il tarixdə tələbkar icra məmuru ilə birlikdə yenidən yaşadığı ünvana gələrək onunla mübahisə etməyə başlamış, evi başqa şəxsə satmasını bildirərək dərhal evini boşaltmasını tələb etmişdir. Evin boşaldılması üçün ona yenidən 10 gün möhlət verilməsini xahiş etsə də, tələbkar onunla razılaşmadığından icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əlavə olaraq izahatında göstərdi ki, inzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən əmlakların evdən çıxarılması üçün ona yenidən möhlət verilməsinə baxmayaraq xəstə olduğundan özünə məxsus əmlaklardan bir qismini qablaşdırmış, lakin mebel əşyaları sökülməmişdir. Eyni zamanda digər borclu - qaynı X2 Bakı şəhərində yaşadığı üçün ona məxsus əmlakların evdən çıxarılmasının təmin edilməsinə vaxt çatmamışdır. Əgər ona yenidən vaxt verilərsə, özünə və digər borcluya məxsus bütün əmlakların tam şəkildə tələbkar Zərərçəkmiş şəxs məxsus evdən çıxarılmasına nail olacaqdır. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədinə əsasən X2 və Şəxs ona məxsus Masallı şəhəri, Digah küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Lakin uzun müddət keçməsinə baxmayaraq borclular bilərəkdən özlərinə məxsus əşyaları onun evindən çıxarmayaraq evi boşaltmaqdan imtina etmişlər. Bir neçə dəfə icra məmuru ilə bərabər icra sənədinin icrası ilə bağlı qeyd edilən ünvana getmiş, icra məmuru tərəfindən borcluya evdən çıxarılması barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin borclu qəsdən öz əmlaklarını ona məxsus yaşayış evindən çıxarmamış, icra sənədinin icrasını təmin etməmişdir. Hazırda mübahisəli ev mülkiyyət hüququ üzrə ona məxsus olmaqla evi başqa bir şəxsə satmış, lakin borclular həmin evdən çıxmadıqlarına görə alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişlər. Rusiya Federasiyasında yaşadığından hər dəfə icra sənədinin icrası ilə bağlı əlavə xərclər sərf etməklə Azərbaycan Respublilkasına gəlmək məcburiyyətində qalmışdır. Lakin borclular bilərəkdən icra sənədinin icrasından qərəzli olaraq yayınmağa davam etmişlər. xx.xx.2026-cı il tarixdə yenidən icra şöbəsinə müraciət edərək icra sənədinin icrasını tələb etmiş, artıq fərdi yaşayış evini faktiki olaraq başqa bir şəxsə satdığını, həmin şəxsin ona beh ödədiyini, bu səbəbdən borcuların yaşayış evindən məcburi qaydada çıxarılmasını tələb etmişdir. İcra məmuru ilə bərabər mübahisəli ünvana getmişlər, icra məmuru tərəfindən borclulara evdən çıxması ilə bağlı xəbərdarlıq edilmiş, lakin borclu Şəxs ona yenidən vaxt verilməsini tələb etmişdir. Rusiya Federasiyasında işləri olduğundan, Azərbaycan Respublikasında qalmağa imkanı olmadığından tələbkarla razılaşmayaraq ona yenidən vaxt verilməsinə etiraz etmişdir. İcra məmuru tərəfindən borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxlması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs izahatında əlavə olaraq göstərdi ki, inzibati xəta haqında materiala məhkəmə iclasında baxılarkən borclu yenidən əmlakların çıxarılması üçün ona iki gün möhlət verilməsini xahiş etmiş, məhkəmə tərəfindən ona humanistlik göstərilərək vaxt verilsə də, Şəxs qərəzli şəkildə icra sənədinin icrasından yayınmaqla bilərəkdən əmlaklarını ona məxsus evdən çıxarmamışdır. Hətta əvvəlki məhkəmə iclasında əmlakların evən çıxarılması, başqa bir saxlanc yerinə qoyulması, borclunun ailə üzvlərinin 4-5 gün ərzində müvəqqəti yaşamaları üçün öz imkanı hesabına yer təşkil edə biləcəyini qeyd etsə də, onun bu təklifinə borclu rədd cavabı vermişdir. Göründüyü kimi borclu Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmağa israrlıdır. Odur ki, qeyd olunanları nəzərə alıb Şəxs barəsində qanuna müvafiq təqdir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədindən görünür ki, cavabdehlər X2 və Şəxs daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla iddiaçı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədi xx.xx.2025-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, icra məmuru X6 tərəfindən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədində göstərilən tələbin könüllü icrası barədə borclular X2 və Şəxs şəxsən bildiriş təqdim edilmişdir. Borclu Şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatının məzmunundan görünür ki, o, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədində göstərilən tələbi, yəni tələbkara məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin boşaldılması ilə bağlı icra sənədinin icrası ilə əlaqədar mənzildə olan əşyalarının çıxarılması və yerləşdirilməsi üçün yer tapmalıdır. Qış fəsli olduğundan çətin olsa da, icra sənədini icra edəcəkdir. Məcburi icra tədbirləri barədə ona məlumat verilmişdir. xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, borclular X2 və Şəxs daşınmaz əmlakən dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışla iddiaçı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 271.2 kv.m olan fərdi yaşayış evindən çıxarılması barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədi üzrə növbəti icra müddəti xx.xx.2026-cı il tarixə təyin edilmiş, borclular bildirişi qəbul edərək imzalamışlar. Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli aktdan göünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurları X6 və X5, tələbkar Zərərçəkmiş şəxs, borclu Şəxs iştirakı ilə Masallı şəhəri, Digah küçəsində yerləşən qeyd edilən ünvanda olmuş, əvvəlcədən bildiriş göndərilməklə məlumatlandırılmasına baxmayaraq borclu Şəxs əşyalarının çıxarılması və evin boşaldılması üçün ona 10 gün möhlət verilməsini xahiş etmişdir. Lakin tələbkar Zərərçəkmiş şəxs etiraz edərək borclu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Digər borclu X2 ünvanda olmadığından bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Hüquqi məsələlər: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən İXM-nin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında iş üzrə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-46/2024 nömrəli nömrəli icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. Onun barəsində icra məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmiş, inzibati xəta haqqında iş məhkəmə icraatında araşdırılarkən borclu ona yenidən icra sənədinin icrası ilə bağlı iki gün möhlət verilməsini xahiş etmiş, məhkəmə tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yenidən vaxt verilmiş, o, verilmiş vaxt ərzində özünə məxsus əmlakları tələbkara məxsus evdən çıxarmayaraq qərəzli şəkildə icra sənədinin icrasından yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əşyalarını tələbkara məxsus fərdi yaşayış evindən çıxarmamasının səbibini həmin əşyaların yerləşdirilməsi və ailəsinin yaşaması üçün müvəqqəti yer tapa bilməməsi ilə əsaslandırmağa çalışsa da, məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tələbkar əşyaların evdən çıxarılmasına kömək üçün öz hesabına canlı qüvvə cəlb etmək, əşyaları yerləşdirmək, hətta borclunun ailə üzvlərinin müvəqqəti yaşayışı üçün mənzil kirayə tutmaqla bağlı təklif irəli sürsə də, borclu həmin təklifi rədd etmişdir. Bundan əlavə məhkəmə tərəfindən əlavə vaxt verilməsinə baxmayaraq borclu verilmiş həmin vaxt ərzində də özünə məxsus olan əşyaları evdən götürməyərək icra sənədinin icrasından yayınmağa davam etmişdir. Ötən müddət ərzində borclunun müxtəlif bəhanələrlə davamlı olaraq icra sənədinin icrasından yayınması fonunda onun məhkəmə iclasında icra sənədinin icrasını təmin edəcəyi ilə bağlı verdiyi vədlərin inandırıcılığı şübhə altına düşür. Bütün bunlar onun icra sənədinin icrasına laqeyd yanaşmasını və məhkəmə qərarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. Qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeyd yanaşaraq qərəzlilik nümayiş etdirmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Beləliklə, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri əsas götürərək Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və İXM-nin 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar