Məhkəmə qərarları › İş №3(5-145)-113/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-113/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-113/2026 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, X2 Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis mayoru X1 tərtib etdiyi xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2026-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Chevrolet Cruze minik” markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. xx.xx.2026-cı ildə Masallı şəhəri ərazisində hərəkətdə olarkən yol polisi sonradan adını bildiyi Nəriman adlı polis işçisi onu saxlamış, demişdir ki, bir neçə kilo metr arxada ötmə əməliyyatı aparmışdır. Halbuki o, ötmə əməliyyatı aparmamışdır, qarşında gedən maşın yolun kənarında dayanmaq istəyərkən o, onun sol hissəsindən dürüb keçmiş, buna baxmayaraq yol polisinə kamera görüntüsünü istəmiş, o təqdim etməmiş, onu 100 manat cərimə etmişdir. Hazırda da onun elektron kabnetində onun qanunsuz olaraq ötmə əmliyyatı etməsi ilə bağlı hec bir video görüntü və foto şəkil mövcud deyildir. Masallıda Nəriman adlı YPX əməkdaşı onunla qərəzli olduğundan haqsız yerə ona cərimə yazmışdır. Barəsində yazılmış protokola isə xx.xx.2026-cı ildə baxılmış və bu qərarla o, 100 manat İXM-in 327.2-ci maddəsi ilə qərar qəbul etmişdir. Halbuki o, hec bir inzibati xəta törətməmiş və haqsız yerə cərimə edilmişdir. Barəsində İXM-in 327.2-ci maddəsi ilə qərar qəbul edilsədə onun ötmə əməliyatı qaydalarını pozması ilə bağlı video qeydiyyat elektron kabnetinə yüklənməmişdir. Halbu ki, YPX əməkdaşı idarə etdiyi yol patrul xidməti maşınında quraşdırılmış video qeydiyyatçıya düşən yol hərəkəti qaydası barədə onu saxlayaraq cərimə edə bilərdi. Barəsində tətbiq edilmiş qayda pozuntusunun video görüntüsünə baxmaq və cərimə ilə tanış olmaqdan ötrü hökmət portalı vasitəsi ilə şəxsi kabnetinə giriş etmiş, lakin həmin kabnetində onun inispektorun dediyi qayda pozuntusu ilə bağlı video qeydin olmadığını görmüşdür. Hazırda da onun qayda pozuntusu etməsi ilə bağlı video görüntü mövcud deyil. Göründüyü kimi, o, hec bir qanun pozuntusuna yol vermədiyi halda YPX inispektoru əsassız yerə ona cərimə yazmışdır. Qərardan şikayət vermiş şəxs X3 və qərarından şikayət olunmuş orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasına gəlməmiş, qərarından şikayət olunmuş orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 21:16 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozduğuna görə 100 manat məbləğində cərimə edilmişdir. Hadisə ilə bağlı təqdim edilmiş Diskə baxış zamanı müəyyən edilmişdir ki, sürücü X4 idarə etdiyi “Chevrolet Cruze minik” markalı **-YU-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə xx.xx.2026-ci il tarixdə Masallı-Yardımlı yolu ilə hərəkətdə olarkən ötmə qadağandır yol nişanını keçdikdən sonra bir qədər avtomaşını ilə hərəkət etdikdən sonra qarşısında olan avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etmişdir. Bununla bağlı o, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və saxlanıldığı zaman yol patrul xidmətinin əməkdaşı qayda pozduğunu ona ötmə əməliyyatı apardığı bildirmiş, sürücü isə sola çıxdığını bildirmiş, yol patrul xidmətinin əməkdaşı isə sola çıxmadığını hərəkət etdiyini bildirmişdir. Sürücü yol patrul xidmətinin əməkdaşı ilə razılaşmadıqda yol patrul xidmətinin əməkdaşı ona “Qəriblər” şadlıq sarayını keçdikdən sonra ötmə qadağandır yol nişanının olduğunu bildirir, sürücü isə qayıdıb baxmalarını bildirmişdir. Qeyd olunan yerə qayıtdıqdan sonra isə yol patrul xidmətinin əməkdaşı sürücüyə yol nişanını göstərir. Bundan sonra sürücü ötmə əməliyyatı etdiyini, lakin yolda olan radarı keçdikdən 1 kilometr sonra ötmə əməliyyatı etdiyini bildirir. Yol patrul xidmətinin əməkdaşı isə sürücüyə ötmə əməliyyatını öncə etdiyini, radardan sonra isə onu saxladıqlarını bildirir. Görüntülərdən də göründüyü kimi sürücü ötmə əməliyyatını radardan öncə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd edilmişdir ki, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, Masallı Rayon Polis şöbəsinin X7 bölməsinin rəisi, polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları, inzibati Xəta haqqında qərarla, hadisə ilə bağlı təqdim edilmiş Disklə təsdiqini tapmışdır. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Masallı Rayon Polis şöbəsinin X7 bölməsinin rəisi, polis mayoru X1 tərtib etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar