Məhkəmə qərarları › İş №3(5-145)-15/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-15/2026

09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-15/2026 09.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, yetkinlik yaşına çatmayan iki uşağı olan, Masallı rayonu, Xırmandalı ərazi dairəsi, Xırmandalı kəndində qeydiyyatda olan Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 09 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən Şəxs X5 vuraraq müxtəlif bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Əli Sadıqov tərəfindən 30 dekabr 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X11 tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X11 izahatında bildirmişdir ki, 06 dekabr 2025-ci il tarixdə Masallı rayonu, Xırmandalı kənd sakini X7 DİNin 102 xidmətinə zəng edərək Masallı rayonu, Hacıtəpə kəndində Şəxs adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. 06 dekabr 2025-ci il tarixdə, saat 23:55də Masallı RMX-dan həkim Z.Zərbəliyev Masallı RPŞ-nin NH-nə zəng edib Masallı rayonu, Xırmandalı kənd sakini 1985-ci il təvəllüdlü Şəxs sağ əlin üst nahiyəsinin sıyrılmış yaraları diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Deməsinə görə tanıdığı şəxs tərəfindən döyüldüyünü demişdir. 06 dekabr 2025-ci il tarixdə, saat 19 radələrində Masallı rayonu, Hacıtəpə kəndində Masallı rayon Xırmandalı kənd sakini Şəxs həmkəndlisi X7 ilə qardaşının ailəsinin dağılmamışdan öncə onun ailə problemləri haqqında nə üçün ona məlumat verməməyi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş və mübahisə daha sonra dava-dalaş ilə nəticələnmişdir. Mübahisə zamanı Şəxs sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirmiş və eləcə də, sonuncunu döyən zaman əlin İİ barmağının və sağ saidin 1/3-nin ön hissəsinin sıyrıqları ilə nəticələnən xəsasrət almışdır. X2 qardaşı X6 həmin tarixdə Masallı şəhəri, H.Əliyev küçəsində saat 21 radələrində qardaşı ilə Şəxs hansı səbəbə mübahisə etməsini soruşan zaman aralarında mübahisə yaranmış və Şəxs kəllə ilə vuraraq ona fiziki ağrı yetirmişdir. Ceyhun Qurbanovun onu vurmasından sonra sonuncu onu yumruq ilə qəsədən vuraraq X3 dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, 05 dekabr 2025-ci il tarixdə rayona gəlmiş, qardaşının il dönümü ilə əlaqədar olaraq 06 dekabr 2025-ci il tarixdə Bakı şəhərinə qayıtmalı olmuşdur. Rayona gəldiyi zaman təsadüfən yolda Hacıtəpə kəndində Ruhil Qurbanovla rastlaşmışdır. Ruhil Qurbanov da, avtomobillə hərəkətdə olmuşdur. Yolun bağlanması səbəbindən aralarında mübahisə yaranmışdır. Əvvəllər aralarında hər hansı dava-dalaş olmasa da, telefon vasitəsilə mübahisəli danışıqları olmuşdur. Ruhil Qurbanov ilə kənddə yaşayan qardaşı Mayıl Qasımovun dost olduqlarını, onunla heç bir şəxsi münasibəti olmadığını qeyd etmişdir. Hadisə gecə saatlarında yol kənarında baş vermiş, Ruhil Qurbanovla şəxsi ədavəti olmamış və mübahisə zamanı sonuncunun üz nahiyəsindən vurmuşdur. Lakin neçə dəfə vurduğunu xatırlamır. Ruhil Qurbanovu vurduğu zaman dayısı oğlu İsgəndər orada olmuşdur. Hadisə yerindən təxminən 100-150 metr məsafədə kafe yerləşmişdir. Mübahisə zamanı hadisə yerindən təxminən 5-10 metr məsafədə 3-4 nəfər tanımadığı şəxs olmuş və həmin şəxslər mübahisəni görərək onları ayırmışlar. Həmçinin Polis şöbəsinin inzibati binasının qarşısında, təxminən 5 metr məsafədə ara küçədə mübahisələri olmuşdur. Belə ki, Ceyhun nalayiq ifadələr işlədərək ona doğru gəldiyindən əsəbləşərək Ceyhunu vurmuşdur. Həmin vaxt Ruhil də, Ceyhunun arxasınca onlara tərəf gəlmişdir. Mübahisə zamanı o, yerə yıxılmış və ayağa qalxanda 5-6 nəfər polis əməkdaşı yaxınlaşaraq onları saxlamışlar. Hadisə zamanı sərxoş olduğundan Ceyhunun onu vurmasını xatırlamır. Lakin polis şöbəsində sərxoşluq vəziyyəti yoxlanılmamışdır. Zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmamışdır. Məhkəmədən cərimə olunmasını çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 08 dekabr 2025-ci il tarixli 911 nömrəli rəyindən görünür ki, Vət. X1 gözyuvası ətrafında şişkinlik, qançır və əzilmiş səthi yara, alt dodağın selikli qişasında qansızma və başın sol gicgah nahiyəsində şişkinlik müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, törənmişdir, əl ilə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 06 dekabr 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından və əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından həmin maddə ilə inzibai qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan MN seriyalı ******* nömrəli, 09 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə qaytarılmalıdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olması onun özünün ifadəsi və inzibati işin materiallarında olan digər sübutlarla sübuta yetirilməmişdir. İş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 06 dekabr 2025-ci il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində yerləşən əsas yolda, insanların sıx hərəkət etdiyi və ətrafda sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən ətrafdan keçən şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı şəxslərin gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə X2 üz nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra Şəxs öz hərəkətlərini davam etdirərək 07 dekabr 2025-ci il tarixdə gecə saatlarında Masallı rayon Polis şöbəsinin qarşısında yolda insanların sıx hərəkət etdiyi və ətrafda sıx məskunlaşdığı yaşayış sahəsi və ictimai yer olmasına əhəmiyyət vermədən ətrafdan keçən şəxslərin narahatçılığına səbəb olan qanunsuz hərəkətlər etməyə başlamışdır. Ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı polis əməkdaşlarının gözləri qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə X2 qardaşı Ceyhun Qurbanovu vurmuşdur. Sonuncu onun qanunazidd davranışının qarşısını alarkən onu cavab olaraq vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli qərarda Şəxs və X2 arasında şəxsi münasibətlər zəminində mübahisə baş verdiyi və Şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı qeyd edilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında öz ifadəsində X7 ilə hər hansı şəxsi münasibətləri olmadığını, hər iki mübahisənin ictimai yerdə və digər şəxslərin gözü qarşısında baş verdiyini vurğulamışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar Şəxs əməlində inzibati xəta tərkibinin yox, xuliqanlıq cinayətinin tərkib hissəsinin olmasını ehtiva edir. Lakin təhqiqat orqanı bunula bağlı ətraflı araşdırma aparmalı, iş üzrə hadisəni görən şahidlər müəyyən olunaraq dindirilməli və iş üzrə zəruri olan digər araşdırmalar aparılmalıdır. Bundan başqa təhqiqat orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığı əsası ilə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarına əsasən əməldə cinayət tərkibinin olmaması hadisənin olmasını ehtiva edir, lakin qərarda hansı cinayət hadisəsinin olması da, öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanliq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, xuliqanlıq cinayətinin əsas obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3-cü maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 85-ci maddəyə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 09 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Masallı rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar