Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-152/2026 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələri inzibati məsuliyyətə cəlb edilməsinə dair Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 27 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə Digah kənd ərazisində xüsusi icazə olmayan “Tula” markalı 170032 nömrəli ov silahı ilə ov etmə qaydalarını pozmuşdur. Bundan başqa, Masallı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 27 yanvar 2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə Digah kənd ərazisində xüsusi icazə olmayan “tula” markalı 170032 nömrəli ov silahını üzərində daşımışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında göstərdi ki, 07 yanvar 2026-cı il tarixdə Digah kənd ərazisində babasına məxsus “tula” markalı 170032 nömrəli ov silahı ilə bir ədəd çöl göyərçini vurduğunu etiraf edir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəkdir. Qeyd olunanlara əsasən barəsində yüngül növdə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 272-1-ci maddəsinə əsasən Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində ovçuluq fəaliyyətinin subyektləri sırasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ov etmək hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq təsərrüfatları və ovçular cəmiyyətləri aid edilmişdir. “Ovçuluq haqqında” Qanunun 12.2-ci maddəsində ovçuluq fəaliyyətinin ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər. Üzvlük bileti isə ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəd olmaqla, ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir. Ov etmək üçün icazə isə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Ovçuluq bileti və üzvlük bileti təqdim edilmədən ovçuya ov etmək üçün icazənin verilməsinə yol verilmir. Ovçuya verilən ov etmək üçün icazədən yalnız özü istifadə edə bilər və icazə verildiyi müddət üçün etibarlıdır (həmin Qanunun 14-cü maddəsi) “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsinin 1-ci hissəsinə görə xidməti və mülki silahın dövriyyəsi bu Qanuna müvafiq olaraq həyata keçirilir. Həmin maddənin 2-ci hissəsinə görə xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ● 17 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, bir ədəd 16 kalibirli, Tula markalı, 170032 nömrəli qoşa lüləli mülki ov silahı saxlanılması üçün Masallı RPŞ-nın İTB-nə verilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2-ci maddəsinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqəsd ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. ● 15 yanvar 2026-cı il tarixli mütəxəsis rəyindən görünür ki, Masallı şəhər sakini Şəxs 01 ədəd övladığı çöl quşuna baxış keçirilmiş, ovlanmış həmin quşun göyərçin növündə olması və təbiətə 5,5 manat maddi ziyan vurduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nın 1.5-ci bəndində ifadə olunmuşdur. Həmin Qaydalara əsasən ovçuluq fəaliyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə Masallı rayonu, Digah kənd ərazisində babasına məxsus xüsusi icazə sənədi olmayan silahla 01 ədəd göyərçin növündə çöl quşunu ovlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Şəxs ov etmək hüququ olmadığından məhkəmə ona ov hüququnun məhdudlaşdırılması növündə cəza təyin edilməsini mümkünsüz hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2016-cı il tarixli 283 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nın: 1.1-ci yarımbəndinə əsasən Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının (bundan sonra - silah və ya döyüş sursatı) inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydasını müəyyən edir. 1.2-ci yarımbəndinə əsasən silahın və ya döyüş sursatının götürülməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 1.3-cü yarımbəndinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs götürülmüş silahı və ya döyüş sursatını bu Qaydaya uyğun olaraq saxlanılmağa verənədək onun mühafizəsinin təmin edilməsi üçün zəruri tədbirlər görür. 1.4-cü yarımbəndinə əsasən Götürülmüş silahın və ya döyüş sursatının mənimsənilməsi, özgəninkiləşdirilməsi, dəyişdirilməsi, xidməti və digər qanunsuz məqsədlərlə istifadə olunması qadağandır və qanun-vericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 1.5-ci yarımbəndinə əsasən İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silah və ya döyüş sursatı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə müvafiq qərarı qanuni qüvvəyə mindiyi günədək saxlanılır Həmin Qaydanın 4.1-ci yarımbəndinə əsasən əsasən götürülmüş silah və ya döyüş sursatı barədə məsələlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.4cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda həll olunur. Həmin Qaydanın 4.4-cü yarımbəndinə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında silahın və ya döyüş sursatının müsadirə edilməsi nəzərdə tutulduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada onların dövlət mülkiyyətinə verilməsi həyata keçirilir. Həmin Qaydanın 4.5-ci yarımbəndinə əsasən götürülmüş silah və ya döyüş sursatı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatına aid olduqda, dövlət mülkiyyətinə keçirilməsi və ya məhv edilməsi üçün onlar üzərində sərəncamvermə səlahiyyəti olan aidiyyəti dövlət orqanlarına təhvil verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası həddində 1 ədəd 16 kalibrli “Tula” markalı, 170032 nömrəli, qoşa lüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan 1 ədəd çöl göyərçinin məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Abuşov X1 Xətalar Məcəllənin 272-1-ci maddəsi ilə təqsirli bilinərək, 1 ədəd 16 kalibrli, “Tula” markalı, 170032 nömrəli, qoşa lüləli ov tüfəngi müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut 1 ədəd çöl göyərçinin məhv edilməsi nəzərə alınsın. Qərarın icrası müvafiq olaraq Masallı Rayon Polis Şöbəsinə və Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-152/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-152/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver