Məhkəmə qərarları › İş №3(5-145)-155/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-155/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-155/2026 19.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə xx.xx.1981-ci ildə Masallı rayonu, Tatyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Masallı rayonu, Tatyanoba kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMnin) 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən Şəxs barəsində İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş, materiallar xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İşin halları: Masallı Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan bir ədəd İJ-54 markalı, 12 kalibrli, nömrəsiz qoşalülə ov tüfəngini üzərində daşımışdır. Şəxs bu hərəkəti ilə İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildiriş ünvanlanmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan bir ədəd İJ-54 markalı, 12 kalibrli, nömrəsiz qoşalülə ov silahını üzərində daşıdığından Masallı Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən barəsində İXM-nin 590.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Masallı Rayon Polis Şöbəsinə yazdığı xx.xx.2026-cı il tarixli izahatından görünür ki, o, xx.xx.2026-cı il tarixdə saat 11:30 radələrində Masallı rayonu, Tatyanoba kəndi ərazisində babasından yadigar qalan xüsusi icazəsi olmayan İJ-54 markalı nömrəsiz qoşalülə, 12 kalibrli ov tüfəngini üzərində gəzdirdiyi zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra silahın daşınması qaydasını pozduğunu bildirib sənədlər tələb etmişlər. Ov silahına dair sənədləri olmadığından polis əməkdaşları silahla birlikdə onu Masallı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Əməlindən peşman olduğunu, gəcələcəkdə bir daha belə hallara yol verməyəcəyini söz verdiyini qeyd etmişdir. Tətbiq edilən hüquq: İXM: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 9. Ədalətlilik prinsipi 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 21. İnzibati tənbehin məqsədləri İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 26. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi 26.1. İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 26.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Maddə 84. Sübutların qiymətləndirilməsi 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması 590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında iş üzrə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan mülki ov silahının daşınması qaydasını pozmuşdur. Beləliklə, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan sənədsiz ov silahını üzərində gəzdirməklə İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri əsas götürərək Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, onun şəxsiyyətini nəzərə alaraq İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ondan götürülmüş bir ədəd mülki ov silahı müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 114-116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş bir ədəd İJ-54 markalı, 12 kalibrli, nömrəsiz qoşalülə ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın icrası silahın müsadirə edilməsinə dahir hissədə Masallı Rayon Polis Şöbəsinə, inzibati cəriməyə dair hissədə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar