Məhkəmə qərarları › İş №3(5-145)-168/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-168/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-168/2026 09.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Masallı rayonu, Tiyaqani kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Masallı rayonu, Tiyaqani kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1186/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-1186/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli icra sənədinə əsasən ödəniş günü qüvvədə olan məzənnə ilə 84676 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 33788 manat məbləğində pul vəsaiti və 68 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X1 ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 03 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclunun yaşadığı yer məlum olmadığından barəsində axtarış elan olunmuş, borclu 08 fevral 2026-cı il tarixdə axtarış nəticəsində hava limanında saxlanılaraq 09 fevral 2026-cı il tarixdə şöbəyə gətirildiyindən icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borcluya təqdim olunaraq izahatı alınmışdır. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 16 aprel 2023-cü il tarixdə Gürcüstan Respublikasına getmiş və 08 fevral 2026-cı il tarixdə Qətərdən gələrkən hava limanında saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1186/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli icra sənədi icra şöbəsinə göndərilərkən ölkədə olmamış, icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildirişi bugün qəbul etmişdir. Tələbkara borcu var və borcundan ödəniş etmək istəyir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1186/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ödəniş günü qüvvədə olan məzənnə ilə 84676 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Şəxs alınaraq X1 ödənilməli, 33788 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X1 ödənilməli və 68 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X1 verilməlidir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amid Hüseynovun icraata başlamaq haqqında 03 iyul 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1186/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Amid Hüseynovun tələbin könüllü icrası haqqında 03 iyul 2023-cü il tarixli bildirişindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1186/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvana göndərilmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə məlumat qeyd edilmişdir. - Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, işləməsi barədə məlumat tapılmamış, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. - Masallı rayon İcra və probasiya şöbəsinin 30 avqust 2023-cü il tarixli axtarışın elan edilməsi haqqında qərarından görünür ki, xx xxxxxx 1988-ci il təvəllüdlü Masallı şəhərində doğulmuş, Tiyaqani kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmçinin məhkəmə iclasında müəyyən olundu ki, İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin dispozisiyasında göstərilən “üzürsüz səbəbdən icra edilməməsi” tələb olunan imperativ norma borclu Şəxs əməlində yoxdur. Borclu Şəxs icraata başlama haqqında qərarı və bildirişi 09 fevral 2026-cı il tarixdə almış, belə olan haldan 10 gün müddətində icra sənədinin könüllü icrası müddəti bitməmiş, lakin icra məmuru buna baxmayaraq borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar