Məhkəmə qərarları › İş №3(5-145)-170/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-170/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-170/2026 16.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsi Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı X3 iştirakları ilə, X1 xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli protokolun və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Masallı Rayon Polis Şöbəsinin YPX əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP7782810 saylı inzibati xəta haqqında protokolun və xx.xx.2026-cı il tarixli, TP7801632 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2026-cı il tarixində Masallı rayonu, Qəriblər yolunda Masallı rayon YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP7782810 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və TP7801632 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında cərimə tətbiq olunmuşdur. Həmin protokol qanunsuz, əsassız və sübut olunmamış olduğundan onun ləğv edilməsini xahiş etmişdir. Pozuntu obyektiv sübutlarla təsdiq olunmamışdır. İnzibati xəta iddia olunduğu halda, hadisəni təsdiq edən video və ya foto görüntü inzibati xəta haqqında protokol tərtib edilən zaman təqdim edilməmiş, hadisə yalnız YPX əməkdaşının subyektiv müşahidəsinə əsasən rəsmiləşdirilmişdir. Təqsirsizlik prezumpsiyası pozulmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxsin təqsiri obyektiv, mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmalıdır. Təqsirin sübuta yetirilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. Mövcud iş materiallarında isə bu tələblər yerinə yetirilməmişdir. Şübhələr şikayətçinin xeyrinə şərh olunmamışdır. Hadisənin başverməsi, yolun hərəkət təşkili, nişanlanma və manevrin faktiki icrası ilə bağlı şübhələr mövcud olduğu halda, bu şübhələr qanunvericiliyin tələbinə zidd olaraq onun əleyhinə qiymətləndirilmişdir. Protokol təkbaşına sübut sayıla bilməz. Məhkəmə təcrübəsinə görə, sürücü inzibati xətanı inkar etdikdə, yalnız protokol və əməkdaşın qeydi təqsirin sübutu üçün kifayət etmir. “Ötmə qadağandır” nişanının təsir zonası bitmişdir. Hadisənin baş verdiyi yol sahəsində “Ötmə qadağandır” yol nişanı mövcud olsa da, yol hərəkəti qaydalarına əsasən bu nişanın təsir zonası qarşıdakı yolayrıcına qədərdir. Mübahisələndirilən manevr isə yolayrıcından sonra həyata keçirilmişdir. Bu hal DYP avtomobilində mövcud olan video görüntüyə baxış zamanı da müəyyən edilmişdir. Beləliklə manevr nişanının hüquqi qüvvədə olmadığı yol sahəsində baş vermişdir. Bununla da nişanın təsir zonası bitdikdən sonra həmin nişana istinad edilməklə məsuliyyətə cəlb etmə qanuna ziddir. Qadağanedici üfüqi nişanlanma (Yolun hərəkət hissəsində qatı ayırıcı xətt mövcud olmamışdır. Belə olan halda ötmə hərəkətini qadağan edən heç bir yol hərəkəti elementi (nə nişan, nə də nişanlanma) olmamışdır. Bu isə İXM-nin 327.2-ci maddəsi üzrə inzibati xəta tərkibini istisna edir. İnzibati xəta sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə əsasən inzibati məsuliyyət yalnız kifayət qədər, mötəbər və qanuni sübutlar əsasında yaradıla bilər, şübhələr şəxsin xeyrinə şərh olunmalıdır. Mövcud iş üzrə stasionar kamera qeydi yoxdur; protokolda göstərilən halı təsdiq edən obyektiv sübut təqdim edilməmişdir; əksinə, mövcud video görüntü ötmənin yolayrıcından sonra baş verdiyini göstərir. Bu halda şəxsin məsuliyyətə cəlb edilməsi qanunsuzdur. İnzibati xəta tərkibi mövcud deyil. Göstərilən hallar sübut edir ki: “Ötmə qadağandır” nişanı artıq qüvvədə olmamışdır; qadağanedici xətt mövcud olmamışdır; əks istiqamətli zolağa qanunsuz çıxma faktı sübuta yetirilməmişdir. Şikayət vermiş şəxs X4 məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Yardımlı rayonuna gedən zaman qabaqda olan nəqliyyat vasitəsi aşağı surətlə hərəkət etmişdir. Həmin ərazidə “Ərkivan Arena” adlanan yerə 100 metr qalmış yol ayrıcı vardır. Qanunvericiliyin tələbinə əsasən “Ötmə qadağandır “nişanının təsiri yol ayırıcıdan sonra qüvvəsini itirir. O, da yol ayırıcından sonra ötəmə əməliyyatı aparmışdır. Bundan az sonra polis maşını onu saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, həmin günün səhəri yol ayırıcına ötmə əməliyyatı aparan zaman qanunvericiliyin tələbini pozub-pozmamasını aydınlaşdırmaq məqsədilə ötmə əməliyyatı apardığı yerə baxmışdır. Bu zaman əmin olmuşdur ki, barəsində inzibati protokol qanunsuz tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı X6 şikayəti qəbul etməyərək, izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Masallı Rayonu, Qəriblər kənd ərazisində **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli yola çıxaraq ötmə əməliyyatı aparmışdır. Həmin ərazidə ötmə əməliyyatının aparılması qadağandır. Qeyd edir ki, K.Təhməzov mübahisələndirdiyi yol ayırıcına çatmamış ötmə əməliyyatı aparmışdır. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar əsasında 100 manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. ●İş materiallarında olan kompakt diskdəki YPX avtomobilinin qeydiyyata aldığı videgörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman X4 tərəfindən “əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə” əməliyyatı aparması müşahidə olunur. ●İş materiallarında X4 tərəfindən təqdim edilmiş videogörüntüyə baxılan zaman aydın olur ki, X4 tərəfindən “əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə” əməliyyatını mübahisələndirdiyi yol ayırıcından əvvəl etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 9-cu bəndinə əsasən baş yol – kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); Həmin Qanunun 11-ci bəndinə əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi,birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir; Həmin qanunun 64-cu maddəsinin 6-cı bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İnzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri olan qanunçuluq prinsipinə müvafiq olaraq, inzibati tənbeh yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslarla tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin imperativ tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) özündə ehtiva edən əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mübahisələndirilən qərara əsasən, X4 İXM-nin 327.2- ci maddəsi ilə – əks istiqamətli yola çıxmaqla manevr etdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyibsə, o, təqsirsiz hesab edilir. Bu prinsip, inzibati xəta haqqında iş üzrə sübut etmə yükünün inzibati orqanın üzərinə düşməsini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda (bax: Telfner Avstriyaya qarşı, O’Halloran və X2rşı) qeyd edildiyi kimi, yol hərəkəti qaydaları əleyhinə olan işlərdə obyektiv müşahidə vasitələrinin (video və foto qeydiyyat) rolu həlledicidir və təqsirsizlik prezumpsiyası faktiki halların sübuta yetirilməsi ilə təkzib edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və hadisə anını əks etdirən videoçəkiliş obyektiv və qərəzsiz şəkildə araşdırılmışdır. Videogörüntüdən aydın şəkildə müşahidə olunur ki, X4 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmişdir. Sürücü şikayətində yolayırıcıdan sonra manevr etməsi ilə bağlı arqumenti əsassız olmaqla videogörüntü ilə təkzib olunur. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntü ilə müəyyən olunur ki, sürücü yolayırıcı adlandırdığı ərazini keçməmiş əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuşdur. Eyni zamanda şikayətində qeyd etdiyi “Ötmə qadağandır” yol nişanı yol hərəkəti qaydalarına əsasən bu nişanın təsir zonası qarşısındakı yol ayırıcına qədərdir arqumentinə münasibət olaraq məhkəmə bildirir ki, sürücünün yolayırıcı kimi adlandırdığı yol ikinci dərəcəli yoldur. Qanunvericiliyin tələbinə əsasən də yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmçinin məhkəmə şikayətçinin şikayətdə qeyd etdiyi xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə münasibət bildirərək qeyd edir ki, mövcud qanunvericilikdə inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmamışdır. Odur ki, həmin məsələnin müzakirəsinə zərurət yoxdur. Yuxarıda qeyd edilənləri, habelə İXM-nin 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə hesab edir ki, xx.xx.2026-ci il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi zəmin mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar