Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(5-145)-18/2026 27.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis X1 Polisi Bölməsinin (bundan sonra - Masallı RPŞ-nin DYPB-nin) baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 338.7-ci maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim edilmişdir. İşin halları və tərəflərin izahatları: Tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45-də Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində təsərrüffatında olan qoyunlarını günün qaranlıq vaxtı avtomobil yolu ilə ötürərkən həmin anda yolda hərəkətdə olan Masallı rayonu, Yeni Zuvand kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısına çıxan 12 (on iki) baş qoyunu vurmuş, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:45 radələrində Masallı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə Masallı rayonu, Təzə Alvadı kənd ərazisində xırdabuynuzlu mal-qaranın avtomobillə vurularaq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. X2 Xidmətinin əməkdaşları hadisə yerinə göndərilmiş, əməkdaşlar tərəfindən hadisə ilə bağlı müvafiq qeydiyyatlar aparılmışdır. Yol Patrul Xidmətinin əməkdaşlarından əvvəl müvafiq sığorta şirkətinə məlumat verilmiş, sığorta şirkətinin əməkdaşları ilkin olaraq hadisə yerində olmuş, müvafiq araşdırma aparılmaqla videoçəkiliş vasitəsi ilə tərəflərin izahatı alınmış, sığorta hadisəsi qeydiyyata alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs təsərrüfatında olan qoyunlarını örüş sahəsindən tövləyə ötürərkən günün qaranlıq saatında asfalt yoldan keçirərək həmin yolda hərəkətdə olan Yeni Zuvand kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısına çıxan 12 (on iki) baş qoyunu vurmuş, nəticədə avtomobillə maddi ziyan dəymişdir. Şəxs sığorta əməkdaşına videogörüntü vasitəsilə verdiyi izahatına əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə baş verən kəndin həm girişində, həm də çıxış hissəsində 1.24 yol nişanı, yəni mal-qaranın keçidi üçün nəzərdə tutulan nişan quraşdırılmış, lakin həmin nişanla hadisə baş verdiyi ərazi arasında kifayət qədər məsafə vardır. Hansı ki, həmin işarənin təsir məsafəsi 10 metrdir. Lakin işin faktiki halları ilə məlum olur ki, mal-qaranın keçidi ilə bağlı qoyulmuş nişanın tələbi hüquqi qüvvədən düşmüşdür, ona görə ki, Şəxs mal-qaranı günün qaranlıq saatında yoldan ötürmüşdür. Baxmayaraq ki, günün qaranlıq vaxtı mal-qaranın avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yoldan ötürülməsi birmənalı olaraq qadağandır. Ona görə ki, mal-qara iki nəfər şəxsin müşayiəti altında yolun sağından soluna və ya solundan sağına keçirilməli, mal-qaranı müşayiət edən şəxslər əllərində bayraq qaldırmaqla, yoldan keçən nəqliyyat vasitələrinin sürücülərinə keçidlə bağlı müvafiq xəbərdarlıq etməlidirlər. Lakin Şəxs qoyunları asfalt yoldan günün qaranlıq saatında tək ötürmüşdür. Qeyd olunan səbəblərdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasındakı izahatında göstərdi ki, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə tərəfindən barəsində əsassız olaraq İXM-nin 338.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, təsərrüfatında olan mal-qaranı saxlamaq üçün Masallı rayonu, Təzə Alvadı kəndində tövləsi vardır. Ona məxsus tövlə avtomobil yolunun yaxınlığında yerləşir, heyvanların otarılması üçün nəzərdə tutulan otlaq sahələri isə avtomobil yolunun digər tərəfindən yerləşir. Digər kənd sakinləri kimi o da hər gün təsərrüfatında olan mal-qaranı avtomobil yolundan ötürməklə otlaq sahəsinə aparır, günün sonunda isə geri qaytarır. Mal-qaranı isə bir neçə nəfər şəxsin iştirakı ilə avtomobil yolundan ötürülməsini təmin edirlər. Mal-qaranın ötürülməsi üçün Masallı rayonu Təzə Alvadı kəndinin hər iki tərəfində keçid nişanları quraşdırılmış, hansı ki, mal-qaranı həmin nişanın yaxınlığında yoldan ötürürlər. Həmin yolda avtomobillərin hərəkəti üçün müəyyən edilmiş sürət həddi isə 60 km/saat-dır. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində həmkəndliləri ilə birlikdə təsərrüfatındakı mal-qaranı asfalt yolun kənarı ilə ötürərkən qoyunlardan bir neçəsi yola çıxmış, həmin vaxt sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə yüksək sürətlə gələrək qoyunlardan 12 başını vurmuş, nəticədə qoyunlar tələf olmuşdur. Mal-qaranı asfalt yoldan ötürərək hava qaralmamış, işıqlı olmuşdur. Hadisəni görən digər şəxslər vardır, onlar da hadisənin hansı şəraitdə baş verməsini görmüşlər. Qoyunlarını yoldan tək ötürməmiş, həmkəndliləri ona kömək etmişlər. Lakin Nümayəndə tərəfindən barəsində protokol tərtib edilərkən müvafiq araşdırma aparılmamış, heç bir mötəbər sübuta istinad edilməmişdir. Zərərçəkmiş şəxs özü də hadisə zamanı təqsirkar olduğunu etiraf etmiş, ona dəymiş ziyanın ödəniləcəyinə söz vermiş, hətta yaxın qohumları da hadisə yerinə gəldikdən sonra dəymiş maddi ziyanla bağlı aralarında müvafiq razılaşma olmuşdur. “Mercedes-Benz” markalı avtomobil sığortalı olduğundan sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət edilmiş, əməkdaş özü də hadisənin necə baş verdiyinin, qoyunların yolun hansı hissəsində vurulduğunun şahidi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında dəymiş ziyanın ödənilməsi ilə bağlı razılaşma olduğundan sığorta əməkdaşına videokamera vasitəsi ilə izahat verərək hadisənin baş vermə şəraitini və səbəbini razılaşdırılmış formada bildirmişdir. Sığorta əməkdaşından sonra YPX-nin əməkdaşı da hadisə yerinə gəlmişdir. Nümayəndə isə ümumiyyətlə hadisə yerində olmamışdır. Hadisə yerinə gələn YPX əməkdaşı qarşı tərəfi, yəni avtomobilin sürücüsünü günahkar hesab etmişdir. Zərərçəkmiş şəxs 19 baş qoyundan 12 başını vurmuş, nəticədə həmin qoyunlar tələf olmuş, hadisə baş verən vaxt əks istiqamətdə hərəkətdə olan şəhid qardaşı dedikləri şəxsin idarə ediyi avtomobil qəza işıqlarını yandırmaqla avtomobili yolun kənarına çəkmiş, dərhal hadisə yerində can verməkdə olan qoyunların başını bıçaqla kəsmişdir. Hansı ki, qarşı tərəf vurulmuş qoyunlara görə ona dəymiş ziyanın məbləğini tam ödəyəcəyinə söz verdiyindən onun yaxınları tərəfindən həmin qoyunlar götürülərək hadisə yerindən aparılmışdır. Həmin yol ilə yaşadığı evin məsafəsi 8-10 metr təşkil edir. Həmin kənddə mal-qaranın asfalt yoldan ötürülməsi üçün xüsusi keçid nəzərdə tutulmadığından kənd sakinləri mal-qaranı yoldan ötürüb evlərinə aparmağa məcburdurlar. Lakin yol nişanları quraşdırılmışdır. Hadisə baş verən günün səhəri Masallı RPŞ-nin DYPB-nə dəvət olunmuşlar. Baş vermiş yol nəqliyyat hadisəsində əvvəlcə sürücü günahkar hesab edilsə də, sonda Nümayəndə sığorta əməkdaşına videoçəkiliş vasitəsilə verdiyi izahatını əsas tutaraq onu günahkar hesab etmiş və barəsində əsassız və qanunsuz olaraq protokol tərtib etmişdir. Hadisə baş verən gündən hazırkı vaxta kimi mütəmadi olaraq polis əməkdaşı ilə əlaqə saxlamaqla aparılan araşdırmanın nəticəsinin nə olacağı, sənədlərin sığorta şirkətinə təqdim edilib-edilməməsi barədə soruşmuş, hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsinə baxmayaraq, xx.xx.2026-cı il tarixdə barəsində protokol tərtib edilmiş, indiyədək ona düzgün olmayan məlumat verilmişdir. Hətta hadisə yerinin müayinəsi də yerində aparılmamış, onun iştirakı təmin edilməmiş, materiallarla ümumiyyətlə tanış deyildir. Vurulan qoyunlardan 7 başının əmisinə məxsus olmasına baxmayaraq qarşı tərəflə aralarında ilkin olaraq razılaşma olduğuna görə həmin qoyunların özünə məxsus olmasını bildirmişdir. Həmin izahatı əsas götürülərək özünə maddi ziyan dəydiyi halda o, günahkar hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icaraat aparılan şəxs Şəxs əlavə olaraq vəsatət təqdim edərək göstərdi ki, Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Nümayəndə tərəfindən barəsində tərtib edilən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsassız olmaqla formal xarakter daşıyır. Belə ki, protokol tərtib olunarkən heç bir mötəbər sübutlardan istifadə edilməmişdir. Formal olaraq onun otlaq sahəsindən qaytarıb gətirdiyi qoyunlarını asfalt örtüklü yoldan keçirilməsi əsas tutulmaqla əməlinin İXM-nin 338.7-ci maddəsinin təsiri altına düşməsi kimi qiymətləndirilmişdir. Protokolu tərtib edən şəxs isə ümumiyyətlə hadisə yerində olmamışdır. Əslində isə otlaq sahəsinin asfalt yolun sol kənarında yerləşməsi, həmin ərazidə “heyvan keçidi” nişanının olması və sürət həddinin 60 km/saat olması və bu barədə yol nişanlarının quraşdırılması nəzərə alınmamış, eləcə də asfalt yolunun sağ kənarında isə yaşayış evlərinin olması diqqətdən kənarda qalmışdır. Əhalinin mal-qarasını yalnız asfalt yoldan ötürməklə otlaq sahəsinə aparılıb-gətirilməsi mümkün olduğuna əhəmiyyət verilməmişdir. Eləcə də 19 baş qoyunu digər şəxslərin köməkliyi ilə asfalt yoldan keçirməsi, hansı ki, həmin şəxslərin qoyunlarını asfalt yoldan keçirərkən ona kömək etmələri və həmin şəxslərin hadisəni birbaşa görmələri araşdırma aparan YPX əməkdaşları üçün əhəmiyyətsiz olmuş, həmin faktlar araşdırılmamış, qeyd olunan şəxslər dindirilməmişdir. Baş vermiş hadisə zamanı sürücü heç bir tibbi müayinəyə cəlb edilməmiş, hadisə yerində qəza törətmiş avtomobilin əyləcdən istifadə edib-etməməsi aydınlaşdırılmamışdır. Bundan əlavə hadisənin coğrafi şəraiti (otlaq sahənin asfalt yolun sol cinahında olması) ümumiyyətlə baxılmamış qalmışdır. YPX əməkdaşı qoyunların asfalt yolun kənarında vurulmasını əsas fakt kimi götürməklə “şablon” qayda ilə protokol tərtib etmişdir. Barəsində tərtib olunmuş protokolla ümumiyətlə tanış olmamış, imza etməmişdir. Barəsində toplanmış sənədlərin məzmunu qapalı saxlanılmaqla tanış edilməmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmaqla işlə bağlı heç bir sübut olmadan barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Masallı rayonu, Təzə Alvadı kənd istiqamətindən yaşadığı Masallı rayonu Yeni Zuvand kənd istiqamətinə hərəkətdə olarkən Təzə Alvadı kəndinin ərazisində anidən qarşısına 15-20 baş qoyun çıxmış, həmin qoyunları görmədiyindən asfalt yolunun üzərində həmin qoyunlardan 12 başını vurmuşdur. Hadisə yerində dərhal avtomobili saxlamış, yaxınlarına və əmisinə zəng vuraraq hadisə barədə məlumat vermiş, onlar da hadisə yerinə gəlmişlər. Qanunları yaxşı bilmədiyinə görə baş vermiş yol nəqliyyat hadisəsində əvvəl özünün günahkar olduğunu zənn etmişdir. Bu səbəbdən əmisi Şəxs ilə razılaşaraq əgər sürücü günakardırsa, onda sığorta əməkdaşının çağırılmasını, müəyyən sığorta ödənişi ödənildikdən sonra qarşı tərəfə dəymiş maddi ziyanın tam şəkildə ödəniləcəyini bildirmiş, Şəxs bu fikirlə razı olmuşdur. Bu səbəbdən sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət edilmiş, çəkiliş aparılmış, onun və Şəxs çəkiliş aparılmaqla izahatları alınmışdır. Aralarında olan razılaşmaya görə ona təyin ediləcək sığorta məbləğinin hesabına dəymiş ziyanın əvəzinin ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Növbəti gün qarşı tərəflə birlikdə Masallı RPŞ-nin DYPB-ə getdikdən sonra aparılan araşdırmanın sonunda mal-qaranın sahibi Şəxs sığorta əməkdaşına verdiyi izahatına əsasən baş vermiş yol-nəqliyyat hadisəsində günahkar olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs günahkar olduğunu bildirib ona heç bir ziyan məbləği ödəməyəcəyini demişdir. Baş vermiş hadisədə avtomobilinə 1850 (bir min səkkiz yüz əlli) manat maddi ziyan dəymiş, həmin xərci çəkməklə avtomobili təmir etmişdir. Həmin məbləğin Şəxs tələb edilməsi ona təklif edilsə də, lakin qarşı tərəfin vəziyyətin nəzərə alaraq ondan həmin məbləği tələb etməmişdir. Hadisə baş verən anda avtromobilin sürət həddi yadında qalmamış, lakin avtomobilin sürəti yüksək olmamışdır. Ona görə ki, həmin yolda sürət həddi 60 km/saat nəzərdə tutulmuşdur. Əgər avtomobilin sürəti yüksək olsaydı, onda daha da ciddi zərərə səbəb olacaqdı, hətta özünün də ciddi xəsarət alması qaçılmaz olacaqdı. Avtomobilin sürət həddi təxminən 60-70 km/saat olmuşdur. Hadisə baş verən anda maneəni görməmiş, qoyunlar ani olaraq asfalt yoluna çıxdığına görə əyləcdən istifadə etməyə imkan tapmamış, asfalt yolun üzərində qoyunları avtomobillə vurmuşdur. Həmin anda isə Şəxs dərhal yol kənarından çıxaraq ona yaxınlaşmışdır. Sonradan hadisə yerinə digər şəxslər toplaşmış, havanın qaranlıq vaxtı olduğundan həmin şəxslərin hadisədən əvvəl orada olmalarını görməmişdir. 1.24 yol nişanını isə hadisədən sonra görmüşdür. Ona görə ki, həmin yol nişanı hadisə baş verən ərazidən təxminən 50-60 metr aralıda kəndin çıxış hissəsində idi. Həmin ərazidən mütəmadi keçməsinə baxmayaraq qeyd edilən yol nişanının həmin ərazidə quraşdırılmasına fikir verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş xx.xx.2025ci il tarixdə saat 18:45-də Şəxs məxsus 12 baş xırdabuynuzlu mal-qaranın (qoyunların) Masallı rayonu Təzə Alvadı kəndi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması ilə bağlı hadisə yerinə çağırılmış müvafiq sığorta şirkətinin əməkdaşı tərəfindən Şəxs və Zərərçəkmiş şəxs videoçəkiliş vasitəsi ilə ilkin izahatlarının görüntülərini əks etdirən CD disklərə proses iştirakçıları ilə bərabər texniki vasitələrin köməkliyi ilə baxış keçirilmişdir. Tətbiq edilən hüquq: İXM: Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 52. Vəsatətlər 52.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 52.2. Vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Maddə 100. İnzibati xəta haqqında protokol 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Maddə 106. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması 106.0. Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi 109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası 112.1. İnzibati xəta haqqında işə baxılarkən: 112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Maddə 118. İnzibati xəta haqqında iş üzrə qərardad 118.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: 118.1.1. qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 118.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; 118.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; 118.1.4. ərizənin, vəsatətin məzmunu; 118.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; 118.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, İXM128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında toplanmış materialları, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş vəsatəti nəzərdən keçirməklə hesab edir ki, vəsatət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə materiallar natamam olduğundan material geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokol və əlavə sənədlərlə onun İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya (mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi) yol verdiyi göstərilsə də, həmin əməlin obyektiv cəhətinin əsas elementini təşkil edən hadisənin baş vermə saatı (hansı ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına verdiyi izahatında mal-qaranı asfalt yolla ötürərkən havanın qaranlıq vaxtı olmadığını qeyd etmişdir) mötəbər sübutlarla dəqiqləşdirilməmişdir. Eyni zamanda hadisənin baş verdiyi ərazidə heyvan keçidi ilə bağlı yol nişanının quraşdırılıbquraşdırılmaması, həmin yol nişanının təsir dairəsi müəyyənləşdirilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, hadisənin baş vermə saatına münasibətdə inzibati xəta haqqında protokol ilə iş materiallarında olan digər sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, inzibati xəta haqqında protokolda hadisənin baş vermə saatı 18:45, digər sənəddə isə 17:50 qeyd edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs polis şöbəsində verdiyi izahatında və digər sənədlərdə inzibati xəta hadisəsinin baş vermə saatında sonradan düzəliş edildiyi vizual olaraq müşahidə olunur. İş materiallarından və izahatlardan inzibati xəta hadisəsinin xx.xx.2025-ci il tarixdə baş verməsi aydın olsa da, inzibati xəta haqqında protokol xx.xx.2026-cı ildə tərtib edilmişdir. Həmçinin inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin protokolla tanış olması və onun surətini alması ilə bağlı təsdiqedici qeydləri və imzası mövcud deyildir. İş materiallarına əlavə edilmiş hadisə yerinin sxemi tədqiq edilərkən müəyyən olunur ki, Şəxs həmin sxemlə tanış edilməsi ilə bağlı qeyd aparılmamışdır. Nəzərə alınmalıdır ki, Şəxs məhkəməyə verdiyi izahatında hadisə yerinin müayinəsinin hadisə yerində aparılmadığını, proseslərdə onun iştirakının təmin edilmədiyini, materiallarla tanış olmadığını bildirmişdir. Bu halda onun hadisə yerinin ilkin müayinəsində iştirak etməsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tanış olması məsələsi aydınlaşdırılmamış qalır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Təqdim edilmiş videogörüntüləri əks etdirən CD disklərdən görünür ki, baş vermiş hadisə ilə bağlı ilkin izahatlar müvafiq sığorta şirkətinin əməkdaşı tərəfindən alınmış və iş materialları ilə izahatı alan şəxsin səlahiyyəti və şəxsiyyəti müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxs isə məhkəmə iclasında verdiyi izahatında həmin görüntülərdəki izahatı əsas tutmaqla Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qənaətinə gəlməsini və onun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib etməsini bildirmişdir. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, İXM ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. İnzibati xəta hadisə baş verən ərazidə şahidlərin olub-olmaması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hadisə yerində digər şəxslərin olduğunu məhkəməyə verdiyi izahatında bildirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hadisənin baş verdiyi yer və şərait nəzərə alındıqda yüksək ehtimalla hadisə şahidlərinin olması mümkündür. Həmçinin, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə dair məlumat qeyd edilməmişdir. Bundan əlavə “Mercedes-Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürət həddi, habelə sürücü Zərərçəkmiş şəxs hadisə baş verən zaman avtomaşını alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin və ya digər güclü təsir edən maddələrin təsiri altında idarə edib-etməməsinə aydınlıq gətirilməmiş, Zərərçəkmiş şəxs hadisənin törədilməsində təqsirinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi vəsatətinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, təqdim edilmiş materialların natamamlığı və araşdırmanın tam aparılmamasına dair məhkəmənin yuxarıda qeyd etdiyi xüsusatları nəzərə alaraq vəsatət həmin xüsusatlarla bağlı hissədə təmin edilməli, inzibati xəta haqqında sözügedən protokolun ləğv edilməsi hissəsində isə inzibati xətalar haqqında qanunvericiliyə əsasən məhkəmənin belə bir səlahiyyətinin olmaması səbəbindən rədd edilməlidir. Bu baxımdan Şəxs əməlinə dəqiq hüquqi qiymət verilməsi üçün yenidən araşdırma aparılmaqla, lazimi qaydada zəruri sübutlar toplanılmalı, xüsusən hadisənin baş verdiyi saat, həmin saatın sutqanın qaranlıq vaxtına düşməsi, mal-qaranın heyvanların keçidi üçün nəzərdə tutulmayan ərazidən asfalt yola ötürülüb-ötürülməməsi dəqiqləşdirilməli, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları ilə hadisə baş verən əraziyə baxış keçirilməli, eləcə də hadisə zamanı “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs təqsirinin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatəti qismən təmin edilməli, onun barəsində İXM-nin 338.7-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin natamam olmasına görə onlara baxılması mümkün olmadığından materialar məhkəmə baxışından çıxarılaraq geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət qismən təmin edilsin. Şəxs barəsində İXM-nin 338.7-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-18/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(5-145)-18/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver