Məhkəmə qərarları › İş №3(5-145)-201/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-201/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-201/2026 25.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 avqust 1985-ci il tarixdə Masallı rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Əmirtürbə kəndində qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 fevral 2026-cı il tarixli protokola əsasən Şəxs 24 yanvar 2026-cı il tarixdə xüsusi icazə olmadan ov silahının daşınma və saxlama qaydasını pozmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 10 fevral 2026-cı il tarixli protokola əsasən Şəxs 24 yanvar 2026-cı il tarixdə Əmirtürbə kəndi ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələrinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı X1 tərəfindən 31 yanvar 2026-cı il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 24 yanvar 2026-cı il tarixdə qoşa lüləli tüfənglə kəndlərinin qabağında yerləşən örüş sahəsinə getmişdir. Qoşa lüləli tüfəngi üzərində gəzdirməkdə məqsədi özünü canavarlardan müdafiə etmək idi. Qeyd olunan 03 ədəd qara toyuq, 03 ədəd şirmə quşunu ov tüfəngi ilə yox rezin ilə vurmuşdur. Əməlindən səmimi peşimandır. Odur ki, məhkəmədən maddi imkanın olmamasını nəzərə alınmasını və barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs izahatının surətindən görünür ki, quş ovlamaq üçün 24 yanvar 2026-cı il tarixdə, saat təxminən 20 radələrində yaşadığı kəndin örüş ərazisinə, ov etmək məqsədi ilə getmiş, ova gedən zaman babasında yadigar qalan sənədsiz qoşa lüləli, nömrəsiz tüfəngi götürmüş, kənd ərazisində yerləşən örüş sahəsində həmin tüfəng vasitəsi ilə 03 ədəd qara toyuq, 03 ədəd şirmə quşu vurmuş, ümumilikdə 06 ədəd seçmə atmış, üzərində 12 ədəd patron qalmışdır. Daha sonra evə getmək məqsədi ilə hərəkətə başlamış, həmin vaxt iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edəndən sonra ov tüfəngi daşımaq üçün müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazəsi olubolmamasını soruşdular, onlara tüfəngin vəfat etmiş babasına məxsus olduğunu və onu daşımaq üçün icazəsi olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbədə üzərində olan babasından ona qalan 12 kalibrlli, İJ-58 markalı, nömrəsiz ov silahı 12 ədəd patron, ovladığı sığırçın və sığırçının digər növündən olan çöl quşu təqdim etmişdir. - «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 31 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələrinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmiş, 01 ədəd İJ-58 markalı, nömrəsiz mülki ov silahı,12 ədəd patron, 01 ədəd patrondaş, 01 ədəd bıçağ və 01 ədəd baş üçün nəzərdə tutulan baş fənəri Masallı rayon Polis şöbəsinin aidiyyatı xidmətinə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272-1-ci və 590.2-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və ilk dəfə olaraq inzibati xəta törətməsini nəzərər alaraq Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut Masallı rayon Polis şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd İJ-58 markalı, nömrəsiz mülki ov silahı,12 ədəd patron, 01 ədəd patrondaş, 01 ədəd bıçağ və 01 ədəd baş üçün nəzərdə tutulan baş fənəri qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan Masallı rayon Polis şöbəsində maddi sübut kimi saxlanılan 06 ədəd «sığırçın» cinsindən olan çöl quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş 01 ədəd İJ-58 markalı, nömrəsiz mülki ov silahı,12 ədəd patron,01 ədəd patrondaş,01 ədəd bıçağ və 01 ədəd baş üçün nəzərdə tutulan baş fənəri qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin. İş üzrə maddi sübut olan Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan 06 ədəd «sığırçın » cinsindən olan çöl quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar