Məhkəmə qərarları › İş №3(5-145)-223/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-223/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-223/2026 13.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ X10 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, avtoyumada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Sığıncaq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, borclu Masallı Rayon Məhkəməsinin 2(050)-482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borcunu ödəməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən yetkinlik yaşına çatmamış xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdeh Şəxs iddiaçı X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, xx.xx.2025-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tərəflərə göndərilmişdir. Borcluya qeydiyyatda olduğu ünvan üzrə müvafiq sənədlər göndərilsə də o, qeydiyyat ünvanında yaşamadığına görə sənədlər ona çatmamışdır. Ona görə də 2025-ci ilin avqust ayında borclu ilə telefon əlaqəsi saxlanılmış, ona icra sənədi üzrə alimentini ödəməli olduğu bildirilmiş, əks halda məsuliyyətə cəlb olunacağı izah edilmişdir. E. Nuriyev alimentin may ayından ödənilməli olduğunu bildiyini, alimentin ödənilməsinin xx.xx.2024cü il tarixdən hesablandığını bilmədiyini və borcundan ödəniş edəcəyini bildirmişdir. O, məhkəmə qətnaməsi üzrə müntəzəm olaraq ödənişlər etmişdir. Belə ki, Şəxs 2025-ci il yanvar ayında 50 manat, mart ayında 125 manat, aprel ayında 50 manat, may ayında 120 manat, iyun ayında 105 manat, iyul ayında 70 manat, avqust ayında 120 manat, sentyabr ayında 305 manat, oktyabr ayında 240 manat, noyabr ayında 350 manat, dekabr ayında 250 manat, 2026-cı ilin yanvar ayında 150 manat, fevral ayında 170 manat ödəniş etmişdir. Bu gün də yəni xx.xx.2026-cı il tarixində borcundan 500 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən məlumatlıdır. O, aliment borcunun xx.xx.2024-cü il tarixdən hesablandığını bilməmiş, 2025-ci ilin may ayından hesablandığını zənn etmişdir. Ona görə də borcu bu qədər yığılıb qalmışdır. O, borcundan hər ay müntəzəm olaraq ödəmiş, bu gün yəni xx.xx.2026-cı il tarixdə 500 manat ödəniş etmişdir. Ayın axırı bir daha ödəniş edəcəkdir. O, məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmır. Aylıq gəliri aşağı olduğuna görə aliment borcunu tam ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq inzibati icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür, Masallı Rayon Məhkəməsinin 2(050)- 482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənəd üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya icranı könüllü təmin etməsi təklif olunmuşdur. ● Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. ● Borclu Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, o, icra sənədini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. ● Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur. ●Təqdim edilmiş qəbzdən görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2026-cı tarixdə Firuzə M.N hesabına 500 manat ödəniş edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Nuriyev X7 Rayon Məhkəməsinin 2(050)-482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, müntəzəm olaraq borcundan ödəniş etmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, icra sənədi icra şöbəsinin icraatına daxil olmamışdan əvvəl borclu aliment ödənişləri etməyə başlamış və bu gün, yəni xx.xx.2026-cı il tarixədək müntəzəm olaraq ödənişlər etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs 2025-ci il yanvar ayında 50 manat, mart ayında 125 manat, aprel ayında 50 manat, may ayında 120 manat, iyun ayında 105 manat, iyul ayında 70 manat, avqust ayında 120 manat, sentyabr ayında 305 manat, oktyabr ayında 240 manat, noyabr ayında 350 manat, dekabr ayında 250 manat, 2026-cı ilin yanvar ayında 150 manat, fevral ayında 170 manat, ümumilikdə 2105 manat aliment ödəmişdir. Bu gün yəni xx.xx.2026-cı il tarixdə borcundan 500 manat ödəniş etmişdir. Hal-hazırda 2335 manat ödənilməmiş borcu qalmışdır. Həmçinin borclunun rəsmi iş yeri və icra sənədinin birdəfəlik icrası üçün yönəldilə biləcəyi hər hansı əmlakının olması müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, borcundan ödəniş edir və qalan borcunu ödəməkdən də yayınmır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar