Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-24/2026 02.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X3 iştirakı ilə, xx.xx.2001-ci ildə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuş, fərdi identifikasiya nömrəsi 1B0P6JZ olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyada olan Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X3 şikayəti üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X5 barəsində xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, o, 04 yanvar 2026-cı il tarixdə saat 16:09-da “HYUNDAİ AVANTE” minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili iradə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş xətanı törətmişdir. X1 məhkəməyə vəsatətlə müraciət edərək Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə yaşadığı yer üzrə Masallı Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Qərardan verilmiş şikayət və onun dəlilləri: X5 şikayətlə Masallı Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli “İnzibati xəta haqqında iş üzrə” qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət müəllifi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12, 128, 135ci maddələrinə istinad edərək qeyd etmişdir ki, xx.xx.2026-cı il tarixində, saat 16:09 da, 12 D Badamdar şossesi, Badamdar qəsəbəsi, Səbail rayonu, Bakı şəhər ünvanında Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis kiçik serjantı X4 tərəfindən barəsində İXP ******* saylı protokol ilə 100 manat cərimə olunmuşdur. Lakin hesab edir ki, onun əməlində qeyd olunan inzibati xətanın tərkibi mövcud deyildir, buna görə də iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, istifadə etdiyi "‘HYUNDAİ AVANTE” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində hərəkətdə olarkən Bakı şəhər DYPİ-nin əməkdaşları ona saxlama əmri vermişlər və o, da avtomobili saxlamışdır. Bundan sonra əməkdaş ona yaxınlaşaraq işıqforun qırmızı işığında keçdiyini bildirmişdir. O, baş yolda hərəkət edərkən işıqforun yaşıl işığı təkrarlanan şəkildə yanıb sönərkən işıqforu keçmişdir. Lakin Polis serjantı ona bildirmişdir ki, onun tərəfində (yəni polis serjantı olan tərəfdə) işıqforun yaşıl işığı yanırdı. Polis serjantı onun tərəfindən yox, öz tərəfindən işıqforun yaşıl işığının yandığını bildirərək ona cərimə yazacağını bildirmişdir. O, etiraz edib görüntü tələb etmişdir. Polis serjantı isə ona öz istiqamətindən görüntü təqdim etmişdir. Həmin görüntüdə isə onun avtomobilinin qırmızı işıqda keçməyinə dair heç bir görüntü yox idi. Öz istiqamətindən isə heç bir görüntü təqdim etmədən və protokolu ona təqdim etmədən tələsdiyini bildirərək ərazidən uzaqlaşmışdır. Ümumiyyətlə ona qanun pozuntusu barədə heç bir sübut göstərmədən protokol tərtib olunmuşdur. Sübut etmək vəzifəsi belə məqamlarda qərarı qəbul etmiş orqanın üzərinə düşür. Odur ki, həmin qərarın ləğv olunması və icraata xitam verilməsi barədə məhkəməyə müraciət etmişdir. İş üzrə proses iştirakçılarının izahatları: Barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun qərarı 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İlk öncə məhkəmə şikayət vermiş şəxs X3 inzibati xəta haqqında qərardan verilmiş şikayətinə yaşadığı yer üzrə Masallı Rayon Məhkəməsində baxılmasına münasibət bildirərək qeyd edir ki, X3 yaşadığı yer Masallı Rayon Məhkəməsi olduğuna görə vəsatəti əsasında inzibati xəta haqqında qərardan şikayətinə Masallı Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Maddə 102. İnzibati araşdırma 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası 112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı qərara istinad edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin müvafiq normalarına istinad edərək aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun o, cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərar ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərarla X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə qeyd edir ki, növbəti araşdırma zamanı şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Odur ki, X3 şikayəti qismən təmin edilməli, Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X2ytarılmalıdır. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 115 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmasına dair Bakı şəhər X10 Şöbəsinin xx.xx.2026-cı il tarixdə TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərarı ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-24/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-24/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver