Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-26/2026 04.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Masallı rayonu, Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonrsa-İXM-nin) 272-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Masallı Rayon Polis X5 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis X5 Bölməsi tərəfindən İXM-nin 272-1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə tərtib etdiyi xx.xx.2026-cı il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Rüdəkənar kəndi ərazisində ov silahı ilə dörd ədəd çöl quşu ovlamaqla müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, Masallı rayonu, Rüdəkənar kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Rüdəkənar kəndi ərazisində ov tüfəngi ilə 2 ədəd meşə cüllütü, 1 ədəd su cüllütü və 1 ədəd torağay vurmaqla ov etmə qaydalarını pozduğu üçün Masallı Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Faktla bağlı cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, həmin qərara əsasən Şəxs əməlində İXM-nin 272-1-ci maddəsini tərkibi olduğu üçün qəbul edilmiş qərar Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. Qərarın icrası ona həvalə olunmaqla tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icrataa başlanılmış, təhqiqat araşdırması ilə yanaşı onun tərəfindən polis əməkdaşlarının şahid qismində izahatları alınmışdır. İnzibati araşdırmanın sonunda Şəxs barəsində İXM-nin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, təsərrüfatındakı iri və xırdabuynuzlu mal-qarasından bir neçəsi hazırda azadlıqdan məhrum edilmiş həmkəndlisi tərəfindən oğurlanmış, mal-qaradan bir neçəsi isə naməlum şəxs və ya şəxslər tərəfindən öldürülmüşdür. Bu səbəbdən gecələr yaşadığı kənddə yerləşən hərbi təlim mərkəzi kimi adlanan yerdə olan torpaq sahəsində saxladığı heyvanlarına baxmaq üçün gedir. Həmin yerin yaxınlığında isə anasına məxsus olan icarə torpaq sahəsi vardır və burada anasına məxsus olan qoyunları saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 22-23 radələrində anasına məxsus torpaq sahəsində qoyunlara baxmağa gedərkən yaxınlıqda tanımadığı bir şəxsin gəzdiyini müşahidə etmiş, lakin aralarında təxminən 100 metr məsafə və hava qaranlıq olduğundan həmin şəxsin kim olmasını görə bilməmişdir. O, həmin şəxsi səsləsə də, ona cavab verməmişdir. Tanımadığı şəxs onu görən kimi sürətlə torpaq sahəsindən iti addımlarla uzaqlaşmağa başlamışdır. O, həmin şəxsin qoyunları oğurlamaq üçün gəlməsini zənn etmişdir. O da, həmin şəxsin arxası ilə qaçmağa başlamışdır. Şəxsin qaçdığı tərəfə fanarla işıq tutmuş, həmin şəxs isə öz işığını söndürmüş və qaçarkən yerə bir neçə əşya atmağa başlamışdır. O, həmin şəxsin arxası ilə təxminən 200 metr getsə də, çata bilməmişdir. Gəldiyi yolla geri qayıtdıqda ətrafı işıqla müşahidə edərkən yerdə 01 ədəd ov tüfəngi, 01 ədəd patron darağı və 04 ədəd ovlanmış quş olmasını görmüşdür. Həmin silahı və quşları götürərək polisə təhvil vermək üçün özünün idarə etdiyi avtomobilin yük hissəsinə qoymuşdur. Lakin gecə olduğundan bu barədə polis bölməsinə növbəti gün məlumat vermək qərarına gəlmişdir. Saat 02 radələrində təlim mərkəzinin darvazasında olarkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduğunu və ərazidə qanunsuz ovla məşğul olan şəxslərin aşkarlanması müşahidə apardıqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları avtomobilin yük hissəsinə baxış keçirərkən orada 01 ədəd ov tüfəngi, 01 ədəd patron darağı və 04 ədəd ov quşunun olduğunu görmüşlər. Polis əməkdaşlarının sualına cavab olaraq aşkar edilmiş ov tüfənginin və ov quşlarının ona məxsus olmadığını, həmin vaxt sahədə naməlum şəxsin gəzdiyini, həmin şəxsi saxlamaq istəsə də, onun qaçıb getdiyini, geri qayıdarkən ov tüfəngini, patron darağını və ov quşlarını aşkar etdiyini, həmin tüfəngi, patron darağını və ov quşlarını maşının yük yerinə qoymaqda məqsədinin polisə təhvil vermək olduğunu bildirmiş, ona məxsus nə ov tüfəngi, nə də ov quşlarının olmadığını, tüfənglə heç bir ov etmədiyini demişdir. Lakin ona inanmadıqları üçün polis əməkdaşları aşkar edilmiş ov tüfəngini, patron darağını və ov quşlarını götürmüş, onu da Masallı Rayon Polis X5 Bölməsinə dəvət etmişlər. Təhqiqat bölməsində verdiyi izahatında da ov etmədiyini, aşkar edilmiş ov silahının, patron darağının və ov quşlarının ona məxsus olmadığını qeyd etmişdir. Növbəti günlərin birində həmin ərazidə yenidən naməlum şəxsin qaçdığını görəndə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Hətta dəfərlərlə ayrı-ayrı şəxslərin kənd ərazisində qanunsuz ov etmələri barədə Masallı Rayon Şöbəsinə məlumat versə də, heç bir qanuni tədbir görülməmişdir. Barəsində əsassız yerə və qərəzli olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, bu səbəbdən ona etiraz edir. Ümumiyyətlə, təhqiqat düzgün aparılmamış, yalnız bir dəfə çağırılaraq ondan izahat alınmışdır. Araşdırma qalan hissələrdə onun iştirakı olmadan aparılmışdır. Tərtib edilmiş materiallarla tanış olmamış, əsassız yerə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığına görə sənədləri imzalamaqdan imtina etmişdir. Eyni zamanda onu saxlayan hər iki polis əməkdaşları da inzibati araşdırma dövründə olduğu kimi məhkəmə iclasında da barəsində həqiqətə uyğun olmayan bir-birinə zidd izahatlar vermişlər. Odur ki, qeyd etdiklərini nəzər alıb, materialların polis bölməsinə geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, Masallı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri, polis serjantı vəzifəsində işləyir. xx.xx.2025-cü il tarixdə saat 02 radələrində Masallı Rayon Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Masallı rayonu, Rüdəkənar kənd ərazisində xidmət etdikləri zaman silah səsi eşitmişlər. Həmin əraziyə yaxınlaşarkən bir nəfər şəxsin əlində tüfəng, ov ləvazimatları və quşları ilə özünə məxsus olan avtomobilə tərəf hərəkət etməsini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Masallı rayonu, Rüdəkənar kənd sakini Şəxs olmasını bildirmişdir. Həmin şəxsdən silahla və ovla bağlı sənədlərinin olub-olmamasını soruşmuşlar. Şəxs həmin silahın ona məxsus olmasını bildirmiş, lakin sənədinin olmamasını demişdir. Həmin quşları da ona məxsus olan silahla ovlamasını bildirmiş, vəziyyətini nəzərə alıb ona köməklik göstərilməsini xahiş etmişdir. Şəxs həmin 01 ədəd ov silahını, 25 ədəd patronları, 1 ədəd patrondaşı və 4 ədəd çöl quşunu götürərək Masallı Rayon Polis Şöbəsinə gətirmişlər və Şəxs da izahat vermək üçün polis şöbəsinə dəvət etmişlər. Bu barədə raportla Masallı Rayon Polis Şöbəsinin rəisinə məruzə etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Şəxs yaxınlaşan zaman o, həmin silahın, ov ləvazimatlarının ona məxsus olmasını demişdir. Həmçinin ov quşlarını da özü ovladığını etiraf etmişdir. Həmin vaxt ətrafda başqa heç kim olmamışdır. Şəxs orada onlardan həmin silahı və quşları sənədləşdirməmək və ona qaytarmaq üçün onlardan kömək istəmişdir. Onlar da ona qanuni formada araşdırma aparılacağını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Şahid1 Şahid2 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş: Təqdim etmə və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs aşkar olunmuş müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmayan 16 kalibrli, “İJ-16” markalı, nömrəsiz qoşa lüləli mülki ov tüfəngi, 25 ədəd patronlar, 01 ədəd patron darağı, 04 ədəd çöl quşlarına baxış keçirilmiş və götürülmüş, müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X4 Nəzarət və Ekoloji Monitorinq sektorunun məsləhətçi-müfəttişi X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı rayonu, Rüdəkənar kənd sakini Şəxs tərəfindən 4 ədəd ovlanmış çöl quşlarına baxış keçirilmiş, baxış zamanı həmin quşların 02 ədədi meşə cüllütü, 1 ədəd su cüllütü və 1 ədəd torağay növündən olması müəyyən olunaraq hər bir quşun dəyəri 5.50 manat olmaqla təbiətə dəymiş ziyanın məbləği 4x5.5=22 (iyirmi iki) manat müəyyən edilmişdir. Masallı Rayon Polis Şöbəsinin Təhiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 icraatında olmuş HK-1/3661 nömrəli material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 272-1-ci (ov etmək qaydalarıın pozulması) maddəsinin tərtkibi olduğu üçün inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. Aşkar olunaraq götürülmüş müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmayan 16 kalibrli, “İJ-16” markalı, nömrəsiz qoşa lüləli mülki ov tüfəngi, 25 ədəd patronlar, 01 ədəd patron darağı Masallı Masallı Rayon Polis Şöbəsinin aidiyyəti xidmətinə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Rüdəkənar kəndi ərazisində ov silahı ilə dörd ədəd çöl quşu ovlamaqla müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov qaydalarını kobud şəkildə pozduğundan Masallı Rayon Polis X5 Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən barəsində İXM-nin 272-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Şəxs protokolun qeyd hissəsini imzalamaqdan imtina etmişdir. Hüquqi məsələlər: İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli Qanunu: Maddə 12. Ovçuluq fəaliyyətinin həyata keçirilməsi 12.1.Ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2.Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Maddə 14. Ov etmək üçün icazə 14.1.Ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. 14.2.İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazənin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. M a d d ə 15. Ov alətlərindən istifadə 15.1.Azərbaycan Respublikasının ərazisində ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadə edilən ov alətlərinin növü və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15.2.Ov silahlarının satışı, əldə edilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, tətbiqi, götürülməsi, müsadirəsi və geri alınması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 15.3. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə xüsusi icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına xüsusi icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun. Maddə 20. Ov etməyə qadağanlar və məhdudiyyətlər 20.1. Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ondan aşkar edilmiş ov silahı, patronlar, patron darağı və 4 ədəd çöl quşlarının özünə aid olmaması, sahəsinə girmiş naməlum şəxs tərəfindən qaçarkən yerə atılması, həmin silahı və ov quşlarını götürərək avtomaşına qoymaqda məqsədinin polisə təhvil verməsinə dair hissədə izahatını inandırıcı hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərilən hallar şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlillərdir. Şəxs məhkəmə iclasında verdiyi izahatından görünür ki, avtomobilinin yük yerində mülki ov silahının, silah üçün nəzərdə tutulmuş patronlar, patron darağı (patrondaş), habelə ovlanmış dörd ədəd çöl quşunun olmasını, həmin silahın və ov quşlarının ərazidə müşahidə aparan polis əməkdaşları tərəfindən avtomobilinin yük yerində aşkarlanmasını mübahisələndirməmiş, həmin faktları təsdiq etmişdir. Şəxs göstərdiyi digər xüsusatlar təhqiqat zamanı öz təsdiqini tapmamış, habelə şahidlərin verdikləri izahatlarla təkzib olunmuşdur. Əməlində cinayət tərkibi olmaması əsası ilə barəsində cinayət işi başlanmasının rədd edilməsində dair qərar qəbul edilmişdir. İş materialları, tərəflərin və şahidlərin məhkəmə iclasında verdiyi izahatlar onu deməyə əsas verir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Rüdəkənar kəndi ərazisində müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan ov silahı ilə dörd ədəd çöl quşu ovlamaqla ov etmək qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə Şəxs barəsində tərtib olunmuş materialların əsassız olmaqla yenidən təhqiqat orqanında araşdırılması üçün geri qaytarılmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, materialın yenidən təhqiqat araşdırmasına geri qaytarılması hazırkı işə baxılmasının predmeti deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin digər iştirakçılarına aid olduğuna görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şahidin də şikayət vermək hüququnu istisna etmir. Lakin cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin. Hazırkı vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmədiyindən və məhkəmə tərəfindən inzibati xəta haqqında protokola baxıldığından işin təhqiqata geri qaytarılması üçün əsas müəyyən edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri işə əlavə edilmiş inzibati xəta haqqında protokol, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, şahidlərin izahatı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bütün sübutların məcmusunu qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri-obyekt, obyektiv cəhət (müvafiq icazə olamadan ov qaydalarını pozma), subyekt, subyektiv cəhət (qəsd) tam sübuta yetirilmişdir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq Şəxs barəsində ondan götürülmüş bir ədəd 16 çaplı, “İJ-16” markalı, nömrəsiz qoşa lülə ov tüfəngi, 25 ədəd patron və 1 ədəd patron darağı (patrondaş) müsadirə edilməklə İXM-nin 272-1-ci maddəsinin sanksiyası həddində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinərək ondan götürülmüş bir ədəd 16 çaplı, “İJ-16” markalı, nömrəsiz qoşa lülə ov tüfəngi, 25 ədəd patron və 1 ədəd patron darağı (patrondaş) müsadirə edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın icrası müvafiq olaraq cəriməyə aid hissədə Masallı Rayon İcra və Probasiya Şöbəsinə, silahın, patronların və patron darağının (patrondaş) müsadirəsinə aid hissədə isə Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-26/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-26/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver