Məhkəmə qərarları › İş №3(5-145)-279/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-279/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-279/2026 27.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1994-cü il tarixdə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 14 yanvar 2026-cı il tarixli protokola əsasən Şəxs 14 yanvar 2026-cı il tarixdə “Qırmızıkənd” ovçuluq təsərrüfatında qanunsuz ov edərək 3 (üç) ədəd fitçi cürə ovlamışdır. Qadağan olunmuş müddətdə ərazidə ov fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, qanunsuz ov edərək 3 üç ədəd quş vurmuşdur. Silahın sənədi olduğundan geri qaytarılmışdır. Məhkəmədən ov silahının müsadirə edilməməsini və barəsində yüngül cəza tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı “Qırmızıkənd” ovçuluq təsərrüfatının əməkdaşları tərəfindən tərtib edilmiş 14 yanvar 2026cı il tarixli, 003187 nömrəli aktdan görünür ki, 14 yanvar 2026-cı il Brokonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən növbəti xidməti reyd zamanı təsərrüfatın ”Fəxrəddinin ferması” adlanan ərazisində qanunsuz ov edən şəxs tərəflərindən saxlanılmışdır. Aparılan söhbət zamanı məlum oldu ki, həmin şəxs Masallı rayon Xoşçobanlı kənd sakini Şəxsdur. Onun üzərindən 12 çaplı “MR-155” markalı beşatılan ov tüfəngi, üç ədəd dolu plastmas patron maddi sübut kimi tərəflərindən götürüldü. Qanunsuz ov edən Şəxs ov çantasına baxış keçiriləndə üç ədəd ovlanmış fitçalan cürə quşu aşkar edilərək götürüldü. Bununla vətəndaş Şəxs Azərbaycan Respublikasının “Ovçuluq Haqqında”, “Heyvanlar aləmi haqqında” qanunlarının müvafiq maddələrini pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə uyğun inzibati xəta törətmişdir. - Cəlilabad RPŞ-nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş 14 yanvar 2026-cı il tarixli aktdan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 1 ədəd “MR-155” markalı, 12 çaplı, bir lüləli, ********** nömrəli, Masallı RPŞ-də Ş-52/24 nömrəli şəhadətnamə əsasında qeydiyyatda olan ov silahı 14 yanvar 2026-cı il tarixdə müvəqqəti saxlanması üçün Şirvan Milli Parkının “Qırmızıkənd” ovçuluq təsərrüfatı üzrə mühafizə yegeri X1 tərəfindən Cəlilabad RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru, polis mayoru X3 təhvil verilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkı tərəfindən tərtib edilmiş vurulmuş zərərə görə ödəniş cədvəlindən görünür ki, 3 ədəd baş fitçi ördək (cürə), hər baş üçün 5,5 manat, cəmi dəymiş ziyan 16,50 manat təşkil edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törsətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Şəxs ov etmək hüququ olmadığından məhkəmə ona ov hüququnun məhdudlaşdırılması növündə cəza təyin edilməsini mümkünsüz hesab edir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq Şəxs şəxsiyyətini xarakterizə edən halları, ov qaydalarının pozulması dərəcəsini, silahın Ş-52/24 nömrəli şəhadətnamə əsasında Masallı RPŞ-də qeydiyyatda olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “MR-155” markalı, 12 çaplı, bir lüləli, ********** nömrəli ov silahının Şəxs geri qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “MR-155” markalı, 12 çaplı, bir lüləli, ********** nömrəli ov silahının Şəxs geri qaytarılması nəzərə alınsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar