Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-283/2026 17.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, o xx.xx.2026-cı il tarixdə Masallı rayonu, Şıxlar kənd ərazisində küçədə ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 Masallı Rayon Polis Şöbəsinin rəhbərliyinə raport ünvanladığı raport icraatına daxil olmuşdur. Həmin raportun icrası ilə əlaqədar raportda adı keçən şəxslərin izahatları tərəfindən alınmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2026-cı il tarixdə Masalllı Rayon Polis Şöbəsinin əməkdaşları polis mayoru Rəhim İbrahimov və polis serjantı Rafael Qənbərov birlikdə Şəxs yaşadığı ünvana gedib barəsində Daxil İşlər Nazirliyindən daxil olmuş material ilə tanış olması üçün Şıxlar kənd ərazi nümayəndəliyinə dəvət etmişlər. Şıxlar kənd ərazi nümayəndəliyinin qarşısında Şəxs aqressiv formada küçədə uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxtı polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, lakin o polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirmişdir. Polis əməkdaşları Şəxs ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün Masallı RPŞ-nə gətirmişlər. Etdiyi hüquqzidd əməllərinə görə Şəxs Masallı Rayon Polis şöbəsinə gətirilmiş, əməlində İXM-nin 510.1 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Sonda S.A.Haxverdiyev Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, polis əməkdaşı düz deyir, ünvansız söyüş söydüyünü etiraf edir, əməlindən peşmançılıq hissi keçirir. Lakin hadisə 10-15 dəqiqə davam etməmişdir. Bildirmək istəyir ki, təxminən 03 ay olar ki, Rusiya Federasiyasından azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı üçün Azərbaycana Respublikasına gəlmişdir. O, azadlıqdan məhrumetmə cəzasını çəkdiyi üçün bununla bağlı sənədlərini müvafiq orqana təqdim edib müavinət almaq istəmişdir. Lakin nə qədər cəhd etsə də müavinət ala bilməmiş, eləcə də borc xərc içində olduğuna görə əsəbləri pozulmuşdur. O, müavinətini düzəldə bilmədiyi üçün aidiyyatı Nazirliyə zəng etmiş, uzun səylərdən sonra telefonlarına cavab verilmişdir. O, nazirlik əməkdaşına sosial müavinətini ala bilmədiyi üçün iradlarını bildirmiş, bezdiyini, qaçqın statusu alaraq ölkədən çıxmaq istədiyini demişdir. Sonra 102-yə zəng edərək köməklik etmək istəmişdir. Anası xərçəng xəstəsidir, özü borc xərc içindədir. Ümumiyyətlə Azərbaycanda heç kimə sosial yardım vermək istəmirlər. Üç aydır ki, o azərbaycanda yaşayır, dolanışığı yoxdur. Heç yerdə işləmir. Hesab edirdi ki, müavinət alaraq ehtiyaclarını qarşılayacaqdır. Lakin müavinətini ala bilməmişdir. Buna görə də əsəbləşmişdir. Onun psixi durumu yerində deyil, əsəbləşəndə özünü idarə edə bilmir. O, polisi söyməmiş, tabesizlik göstərməmişdir. Polis barəsində olan material üzrə onu çağıran zaman ”qoymurlar bu xarabada rahat yaşayaq” ifadəsini işlətmişdir. Heç kimi təhqir etmək fikirində deyil. Anası xərçəng xəstəliyindən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 izahatında göstərdi ki, Masallı rayonu Şıxlar kənd sakini Şəxs barədə DİN-nin NHİX-dən daxil olmuş materialın icrası ilə əlaqədar olaraq xx.xx.2026-cı il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Rafael Qənbərov ilə birlikdə Şəxs yaşadığı ünvana gedib barəsində daxil olmuş material ilə tanış olması və izahatının alınması üçün Şıxlar kənd ərazi nümayəndəliyinə dəvət etmişdir. Şəxs Şıxlar kənd inzibati ərazi nümayəndəliyinin qarşısında, aqressiv formada küçədə uca səslə nalayiq ifadələrlə küçə söyüşləri işlətməyə başlamışdır. Həmin vaxtı onu dəfələrlə nizam intizama dəvət etsələr də, lakin o polisin qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirmişdir. Şəxs ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün Masallı RPŞ-nə gətirmişlər. O, polis şöbəsinə gətirilən zaman da tabesizlik göstərmişdir. Polis Şöbəsinə şəxs gətirildikdən sonra izahatı alınmış və izahatında peşman olduğunu bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində 16 fevral 2026-cı il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2026-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri protokolu tərtib etmiş səlahiyətli şəxsin izahatı, özünün etirafı, şahid izahatı habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş materiallarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nın 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xırda xuliqanlıq növündə xətanı törətməsi və polisin qanuni tələblərinə tabe olmaması tam təsdiq olunduğundan o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, Şəxs kənar şəxslərin eşidəcəyi tərzdə uca səslə ünvansız nalayiq sözlər işlətmiş, bununla da ictimai qaydanı pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmişdir. Bundan başqa onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətinin yüngülləşdirən və ağırlaşdıran halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallarını, ağırlaşdıran hallarının olmamasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Azəraycan Respublikası İXM-nın 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək inzibati qaydada tutula bilər. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən inzibati həbsin əvvəli 16 fevral 2026-cı il tarixdən saat 15:30-dan hesablanmalıdır. Belə ki, onun saxlanıldığı müddət təyin edilmiş inzibati tənbeh tədbirinin müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 16 fevral 2026-cı il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-283/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-283/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver