Məhkəmə qərarları › İş №3(5-145)-284/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-284/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-284/2026 05.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclasa katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Bakı şəhər X6 İdarəsinin polis polkovniki Rəşid Piriyev tərəfindən qəbul edilmiş İXP seriyalı ******* nömrəli, 04 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı inzibati protokol əsasında 04 fevral 2026-cı il tarixində qəbul edilmiş inzibati qərarın icrasına xitam verilməsi, qeyd olunan inzibati qərarın ləğv edilməsi, YP-519 dövlət qeydiyyat nişanlı patrul avtomobilinə məxsus videoqeydiyyat materialının tam, obyektiv və qərəzsiz şəkildə araşdırılmasının təmin edilməsi, barəsində İXM-nin 327.2 və 327.7-ci maddələri üzrə tətbiq edilmiş inzibati tənbeh tədbirinin ləğv edilməsi və sürücülük hüququnun bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, tərəfindən idarə olunan **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair ******* saylı inzibati protokol əsasında qəbul edilmiş inzibati qərardan şikayətçidir və aşağıdakıları bildirir. 04 fevral 2026-cı il tarixində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri üzrə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında müvafiq inzibati qərar qəbul edilmişdir. Hadisə Bakı şəhəri, X7 küçəsi ilə M.Əlizadə küçəsinin kəsişməsində (kəsişmə 1 və kəsişmə 2) baş vermişdir. Bildirir ki, o, yol ayrıcıya svetoforun yaşıl işıq siqnalı ilə daxil olmuşdur. Svetoforu keçdikdən sonra yolayrıcının mərkəz hissəsində önünə düşən digər nəqliyyat vasitəsinin dayanması səbəbindən hərəkətini davam etdirmək mümkün olmamış və məcburi şəkildə dayanmağa məcbur qalmışdır, eyni zamanda qarşı istiqamətdən olan nəqliyyat vasitəsi svetoforun icazə verici siqnalından bir neçə saniyə gecikmə ilə və yüksək sürətlə yolayrıcına daxil olmuşdur. Buna baxmayaraq, yolayrıcına daha əvvəl daxil olan tərəf o, olduğu halda, YPX əməkdaşı tərəfində əsassız olaraq məsuliyyət onun üzərinə qoyulmuşdur. Qeyd edir ki, hadisə zamanı YP-519 dövlət qeydiyyat nişanllı patrul avtomabili yolayrıcının digər tərəfində dayanaraq baş verənləri videoqeydiyyat vasitəsilə qeydə almışdır. Həmin video materiallarda onun yolayrıcına yaşıl işıqda daxil olduğu, yol hərəkətı qaydalarını pozmadığı və hadisənin real gedişatı aydın şəkildə görünür. Lakin qeyd olunan materiallar tam, obyektiv və hərtərəfli araşdırılmadan, yalnız subyektiv yanaşma əsasında barəsində inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati qərar qəbul edilmişdir. Nəticədə əlavə 2 inzibati bal hesablanmış, bununla da, ümumi bal sayı 20-yə çatdırılmış və sürücülük hüququ 6 ay müddətində ləğv edilmişdir. Qeyd etmək istəyir ki, İXM 327.2-ci maddə sürücünün qadağanedici işarə və nişanlara əməl etməməsi, əks zolağa çıxmaq və digər təhlükəli yol hərəkəti qaydalarını pozması ilə bağlı məsuliyyəti müəyyən edir. İXM 327.2-ci maddə isə bu Məcəllənin 327.2-327.6, 327.8, 328.2-328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3 maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplandıqda, nəqliyyat vasitələrini idarə etmə hüququnun altı ay müddətinə məhdudlaşdırılması nəzərdə tutulur. İş materialları və video sübutlar göstərir ki, o, bu maddələrin tələblərini pozmamışdır. Eyni zamanda, yenidən qeyd etmək istəyir ki, İXM 327.2 və 327.7-ci maddələrin tələblərini pozmamışdır və təqdim olunmuş sübutlar bu maddələrin tətbiqinin əsassız olduğunu göstərir. Əlavə olaraq, şikayət ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqəsinin skanı, İXP7799892 saylı qərarını, protokolun skanı və iş üzrə vəsatət təqdim edilmişdir. Əlavə etdiyi İXP7799892 saylı qərarın skan sənədində qərarın nömrəsi mövcud deyil. Bu onun üçün ciddi narahatlıq yaradır və belə görünür ki, sənədə müdaxilə və ya qeyri-qanuni dəyişikliklər (frıldaqlıq) baş verə bilər. Məhkəmədən xahiş edir ki, təqdim olunmuş skan materialı obyektiv şəkildə nəzərdən keçirsin və qərarın etibarlılığı ilə bağlı aydınlıq gətirilsin. Bu şikayət 6 fevral tarixində Masallı Rayon Məhkəməsinə müraciət edilmişdir, lakin cavab olaraq hadisə olaraq hansı şəhərdə olunubsa o rayonun məhkəməsinə müraciət edilməsi tələb olunmuşdur. Yenidən müraciət edərək iş üzrə vəsatət əlavə olunmuşdur. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X2 şikayəti müdafiə edərək bildirdi ki, nəzərə alınmalıdır ki, o, arakəsmədən daxil olmuşdur. O, daxil olan zaman qabağında qırmızı Prius dayandığından qarşıdan gələn avtomobili görə bilmədən sola manevr etmişdir. Onun dayana bilməsi mümkün olsa da, dayanmamışdır. Çünkü dayansa qəza şəraiti yarana bilərdi. Eyni zamanda onun avtomobili “Vaz 2109” markalı avtomobil deyil və bu hadisə saat 15:58-də baş verməmişdir. Həmçinin etirazı da, var ki, videogörüntü sadə videoregistrator ilə qeydə alınmışdır. Halbuki, videogörüntü dövlət DVR-ı ilə aparılmalıdır, rəsmi istifadə statusu yoxdur, rəsmi texniki xüsusiyyətləri qeydə alınmamışdır. Ola bilsin ki, video surətləndirilib və ya Slow Motion vasitəsilə yavaşlandırılmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Lakin 04 mart 2026-cı il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə Nümayəndə tərəfindən etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, aşağıdakı əsaslara görə hesab edirlər ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X2 04 fevral 2026-cı il tarixində saat 15:58 radələrində idarə etdiyi “VAZ 2109” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 153 D ünvanında svetofordan sola dönərkən qarşıdan düzünə hərəkət edən avtomobilə yol verməyərək yolayrıcının keçmə qaydasını pozmuşdur. Bu zaman ərazidə xidmət aparan YPX inspektoru polis baş serjantı X3 tərəfindən sürücü saxlanılmış, barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işə baxılarkən müəyyən olunmuşdur ki, X1 cərimə balları çoxdur və İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və 6 ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. YPX patrul avtomobilində real vaxt rejimində qeydə alınmış video görüntüdən müəyyən olunur X2 yolayrıcını keçmə qaydasını pozmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, X1 şikayətini təmin etmədən barəsində qəbul edilmiş 04 fevral 2026-cı il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş İXM seriyalı ******* nömrəli, 04 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 04 fevral 2026-cı il tarixdə, saat 15:58-də “VAZ” minik markalı, **-RC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2, 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhər X6 İdarəsinin polis polkovniki Rəşid Piriyev tərəfindən qəbul edilmiş 04 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 04 fevral 2026-cı il tarixdə, saat 15:58-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr, 153 D ünvanında “VAZ” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1, 346.2 və 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2, 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tənbeh tədbiri tətbiq edilmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 76-cı maddəsinin İ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. 76-cı maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. 76-cı maddəsinin İV hissəsinə görə relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. X2 yolayrıcını keçmə qaydasını pozmadığını iddia etsə də, məhkəmə iclasında qərardan şikayət verən şəxsin iştirakı ilə baxış keçirilmiş videogörüntüdən görünür ki, X2 idarə etdiyi “VAZ” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqfordan sola dönərkən qarşıdan düzünə hərəkət edən avtomobilə yol verməyərək yolayrıcını keçmə qaydasını pozmuşdur. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2, 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən İXM seriyalı ******* nömrəli, 04 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X2 bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.2, 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhər X6 İdarəsinin polis polkovniki Rəşid Piriyev tərəfindən qəbul edilmiş 04 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qərardan şikayət verən şəxs X2 04 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan 10 fevral 2026-cı il tarixdə məhkəməyə şikayət vermiş, Masallı Rayon Məhkəməsinin 3(5-145)-172/2026 nömrəli, 11 fevral 2026-cı il tarixli qərardadı ilə X1 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmışdır. X2 inzibati tənbeh vermə haqqında qərardan şikayəti və şikayətə aidiyyəti üzrə baxılması barədə vəsatəti təkrar olaraq 17 fevral 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi X2 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 20 gün müddət ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər X6 İdarəsinin polis polkovniki Rəşid Piriyev tərəfindən qəbul edilmiş 04 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar