Məhkəmə qərarları › İş №3(5-145)-290/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-290/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-290/2026 02.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM-nin) 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə təqdim edilmiş, həmin protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45-də Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və xəta nəticəsində Masallı rayonu, Yeni Zuvand kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 885 manat məbləğində ziyan dəymişdir. İşin halları və tərəflərin izahatları: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Masallı RPŞ-nin DYPB-də aparılan təkrar araşdırma onun iştirakı olmadan və məlumat verilmədən aparılmış, yenidən əsassız olaraq İXM-nin 338.7ci maddəsi ilə protokol tərtib edilmişdir. Təsərrüfatında olan mal-qaranı saxlamaq üçün Masallı rayonu, Təzə Alvadı kəndində ona məxsus tövlə avtomobil yolunun yaxınlığında yerləşir, heyvanların otarılması üçün nəzərdə tutulan otlaq sahələri isə avtomobil yolunun digər tərəfindən yerləşir. Digər kənd sakinləri kimi o da hər gün təsərrüfatında olan malqaranı avtomobil yolundan ötürməklə otlaq sahəsinə aparır, günün sonunda isə geri qaytarır. Mal-qaranı isə bir neçə nəfər şəxsin iştirakı ilə avtomobil yolundan ötürülməsini təmin edirlər. Mal-qaranın ötürülməsi üçün Masallı rayonu Təzə Alvadı kəndinin hər iki tərəfində keçid nişanları quraşdırılmış, hansı ki, mal-qaranı həmin nişanın yaxınlığında yoldan ötürürlər. Həmin yolda avtomobillərin hərəkəti üçün müəyyən edilmiş sürət həddi isə 60 km/saat-dır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində həmkəndliləri ilə birlikdə təsərrüfatındakı mal-qaranı asfalt yolun kənarı ilə ötürərkən qoyunlardan bir neçəsi yola çıxmış, həmin vaxt sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə yüksək sürətlə gələrək qoyunlardan 12 başını vurmuş, nəticədə qoyunlar tələf olmuşdur. Mal-qaranı asfalt yoldan ötürərkən hava qaralmamış, işıqlı olmuşdur. Hadisənin hansı şəraitdə baş verməsini digər şəxslər də görmüşlər. Həmin gün də qoyunlarını yoldan tək ötürməmiş, həmkəndliləri ona kömək etmişlər. Lakin Masallı Rayon Polis Şöbəsinin vəzifəli şəxsi Kərimov Şəmşir Dadaş oğlu tərəfindən barəsində protokol tərtib edilərkən müvafiq araşdırma aparılmamış, heç bir mötəbər sübuta istinad edilməmişdir. Zərərçəkmiş şəxs özü də hadisə zamanı təqsirkar olduğunu etiraf etmiş, ona dəymiş ziyanın ödəniləcəyinə söz vermiş, hətta yaxın qohumları da hadisə yerinə gəldikdən sonra dəymiş maddi ziyanla bağlı aralarında müvafiq razılaşma olmuşdur. “Mercedes-Benz” markalı avtomobil sığortalı olduğundan sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət edilmiş, əməkdaş özü də hadisənin necə baş verdiyinin, qoyunların yolun hansı hissəsində vurulduğunun şahidi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında dəymiş ziyanın ödənilməsi ilə bağlı razılaşma olduğundan sığorta əməkdaşına videokamera vasitəsi ilə izahat verərək hadisənin baş vermə şəraitini və səbəbini razılaşdırılmış formada, yəni hadisənin 18:10 və 18:20 radələrində baş verməsini bildirmişlər. Sığorta əməkdaşından sonra YPX-nin əməkdaşı da hadisə yerinə gəlmişdir. Kərimov Şəmşir Dadaş oğlu isə ümumiyyətlə hadisə yerində olmamışdır. Hadisə yerinə gələn YPX əməkdaşı qarşı tərəfi, yəni avtomobilin sürücüsünü günahkar hesab etmişdir. Hadisə baş verən vaxt əks istiqamətdə hərəkətdə olan şəhid qardaşı dedikləri Təzə Alvadı kənd sakini Əfqan adlı şəxsin idarə ediyi avtomobil qəza işıqlarını yandırmaqla avtomobili saxlamış, dərhal hadisə yerində can verməkdə olan qoyunların başını bıçaqla kəsmişdir. “Mercedes-Benz” markalı avtomobilin sürəti olduqca yüksək olduğundan zərbənin təsirindən vurulan qoyunlar təxminən 20-30 metr yolun kənarına səpələnmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də açıq aydın görünür. Zərərçəkmiş şəxs vurulmuş qoyunlara görə ona dəymiş ziyanın məbləğini tam ödəyəcəyinə söz verdiyindən onun yaxınları tərəfindən həmin qoyunlar götürülərək hadisə yerindən aparılmışdır. Kənddə mal-qaranın asfalt yoldan ötürülməsi üçün xüsusi keçid nəzərdə tutulmamışdır. Bu səbəbdən kənd sakinləri mal-qaranı yoldan ötürüb evlərinə aparmağa məcburdurlar. Lakin yol nişanları quraşdırılmışdır. Məhkəməyə təqdim etdiyi CD diskdə olan görüntülərdən aydın olur ki, Zərərçəkmiş şəxs avtomaşını yüksək sürətlə idarə etdiyindən əyləcdən istifadə etməyə imkan tapmamış, gəldiyi kimi qoyunları vurmuşdur. Əgər onun sürət həddi aşağı olsa idi, həmin vaxtı yoldan ötənin digər avtomobillər kimi oda qoyunları vaxtında görər və keçidin başa çatması üçün mümkün tədbirlər görərdi. Lakin buna əməl etməmişdir. Hadisə baş verən günün səhəri Masallı RPŞ-nin DYPB-nə dəvət olunmuşlar. Baş vermiş yol nəqliyyat hadisəsində əvvəlcə sürücü günahkar hesab edilsə də, sonda Kərimov Şəmşir Dadaş oğlu sığorta əməkdaşına videoçəkiliş vasitəsilə verdiyi izahatını əsas tutaraq onu günahkar hesab etmiş hansı ki, həmin izahatda 18:45-radələri ifadəsi yalandır. Hadisə baş verən vaxt təxminən 17:45-17:50 radələri ola bilər. Həmiçinin avtomobillər vurulmuş 12 baş qoyunun cəmi 5 başı ona məxsus olmuşdur, tələf olmuş digər 7 baş qoyunun dayısına məxsus olmasıni bildirsələr də, bu barədə yenidən heç bir araşdırma aparılmamışdır. Zərərçəkmiş şəxs əvvəlcə baş vermiş hadisədə özünü günahkar bilərək ona dəymiş ziyanı ödəyəcəyinə söz verdiyindən sığorta əməkdaşına 12 baş qoyunun hamısının özünə məxsus olmasını demiş, hadisənin də gecə saatlarında baş verdiyini qeyd etmişdir. Əslində isə hadisə günün işıqlı vaxtında saat 17 radələrindən sonra baş vermişdir. Ona görə ki, kənddə yalnız bir nəfər orüş sahəsində qoyunların otarılmasına nəzərət edir. Digər şəxslər isə saat 16-17 radələrində həmin qoyunları örüş sahəsindən aparmaq üçün mütləq gəlib mal-qaranı ayırmalıdırlar. Qoyunlar ayrıldıqdan sonra nəzarət altında yoldan keçirilir. Hadisə də məhz elə həmin vaxtlar baş vermişdir. Hadisə baş verən gündən hazırkı vaxta kimi mütəmadi olaraq polis əməkdaşı ilə əlaqə saxlamaqla aparılan araşdırmanın nəticəsinin nə olacağı, sənədlərin sığorta şirkətinə təqdim edilib-edilməməsi barədə soruşmuş, hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsinə baxmayaraq, xx.xx.2026-cı il tarixdə barəsində protokol tərtib edilmiş, indiyədək ona düzgün olmayan məlumat verilmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ona sığorta şirkəti tərəfindən müvafiq ziyanın ödəniləcəyini gözləmiş, lakin sonda baş vermiş hadisədə təqsirkar olması ona bildirilmiş, barəsində protokol tərtib edilmişdir. Hətta hadisə yerinin müayinəsi də yerində aparılmamış, onun iştirakı təmin edilməmiş, materiallarla ümumiyyətlə tanış deyildir. İnzibati xəta haqıqnda material məhkəmə tərəfindən geri qaytarıldıqdan sonra Masallı RPŞ-nin DYPB-də əlavə heç bir araşdırma aparılmamış, əgər hər-hansı araşdırma aparılmışdırsa da, onun iştirakı təmin edilməmiş, yenidən hadisə yerinə onların iştirakı ilə baxış keçirilməli, müəyyən şahidlər dindirilməli, avtomobilin sürət həddi müəyyən edilməli və sürücünün sərxoş olub-olmaması yoxlanılmalı idi. Lakin sadalanan bütün bu halların heç biri baş vermədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Formal olaraq onun otlaq sahəsindən qaytarıb gətirdiyi qoyunlarını asfalt örtüklü yoldan keçirərkən vurulmasını əsas tutulmaqla əməlinin İXM-nin 338.7-ci maddəsinin təsiri altına düşməsi kimi qiymətləndirilmişdir. Həmin ərazidə “heyvan keçidi” nişanının və sürət həddinin 60 km/saat olması, bu barədə yol nişanlarının quraşdırılması nəzərə alınmamış, eləcə də asfalt yolunun sağ kənarında isə yaşayış evlərinin olması diqqətdən kənarda qalmışdır. Əhalinin mal-qarasını yalnız asfalt yoldan ötürməklə otlaq sahəsinə aparılıb-gətirilməsi mümkün olduğuna əhəmiyyət verilməmişdir. Eləcə də, 19 baş qoyunu digər şəxslərin köməkliyi ilə asfalt yoldan keçirməsi, hansı ki, həmin şəxslərin qoyunlarını asfalt yoldan keçirərkən ona kömək etmələri və həmin şəxslərin hadisəni birbaşa görmələri araşdırma aparan YPX əməkdaşları üçün əhəmiyyətsiz olmuş, həmin faktlar araşdırılmamış, qeyd olunan şəxslər dindirilməmişdir. Baş vermiş hadisə zamanı sürücü heç bir tibbi müayinəyə cəlb edilməmiş, hadisə yerində qəza törətmiş avtomobilin əyləcdən istifadə edib-etməməsi aydınlaşdırılmamışdır. Barəsində toplanmış sənədlərin məzmunu qapalı saxlanılmaqla tanış edilməmişdir. Hətta iş materiallarına əlavə edilmiş CD disklərdə videoçəkiliş özü tərəfindən hadisənin səhəri günü saat 18:10 radələrində qeydə alınmış, həmin videoçəkilişə baxdıqda havanın aydın olduğunu, qaranlıq olmadığını və kəndin yolundakı işıqların yandığı görünür. Hadisə isə həmin saatdan əvvəl baş vermişdir. Baş vermiş hadisədə onun təqsiri olmadığından heç bir bir inzibati xətaya yol vermədiyini hesab edir. İnzibati xəta haqqında protokol əsassız və sübutsuz tərtib edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs qarşı məhkəmədə dəymiş ziyanla bağlı iddia qaldırmış, hazırda həmin iddia məhkəmənin icraatında araşdırılır. Odur ki, qeyd olunanlara əsasən barəsində tərtib olunmuş protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00-18:10 radələrində, Masallı rayonu, Təzə Alvadı kənd istiqamətindən yaşadığı Masallı rayonu Yeni Zuvand kənd istiqamətinə hərəkətdə olarkən Təzə Alvadı kəndinin ərazisində anidən qarşısına qoyunlar çıxmış, hava qaranlıq olduğundan həmin qoyunları görməmişdır. Qoyunlar sol tərəfdən yolun sağ tərəfinə anidən qaçdığından asfalt yolunun üzərində həmin qoyunlardan 12 başını vurmuşdur və bu zaman əyləcdən istifadə etməyə imkan tapmamışdır. Hadisə yerində dərhal avtomobili saxlamış, yaxınlarına və əmisinə zəng vuraraq hadisə barədə məlumat vermiş, onlar da hadisə yerinə gəlmişlər. Şəxs həmin vaxtı yolun kənarında olmuş və qoyunların özünə məxsus olduğunu bildirmişdir. Bundan əlavə ərazi nümayəndəliyindən verilmiş arayışa əsasən də vurulan qoyunların Şəxs məxsus olması qeyd edilmişdir. Sonradan hadisə yerinə digər şəxslər toplaşmış, hava qaranlıq olduğundan həmin şəxslərin hadisədən əvvəl orada olub-olmalarını görməmişdir. Həqiqətən də baş vermiş yol nəqliyyat hadisəsində əvvəl özünün günahkar olduğunu zənn etmişdir. Bu səbəbdən ilk əvvəl əmisinə zəng edərək hadisə yerinə çağırmış, qohumu hadisə yerinə gəldikdən sonra Şəxs ilə razılaşaraq əgər sürücü günahkardırsa, onda sığorta əməkdaşının çağırılmasını, müəyyən sığorta ödənişi ödənildikdən sonra qarşı tərəfə dəymiş maddi ziyanın tam şəkildə ödəniləcəyini bildirmiş, Şəxs bu fikirlə razı olmuşdur. Bu səbəbdən sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət edilmiş, eyni zamanda YPX əməkdaşları da hadisə yerinə çağırılmışdır. Sığorta əməkdaşı tərəfindən çəkiliş aparılmış, onun və Şəxs çəkiliş aparılmaqla izahatları alınmışdır. Aralarında olan razılaşmaya görə ona təyin ediləcək sığorta məbləğinin hesabına dəymiş ziyanın əvəzinin ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Növbəti gün qarşı tərəflə birlikdə Masallı RPŞ-nin DYPB-ə getdikdən sonra aparılan araşdırmanın sonunda Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində günahkar olduğu müəyyən edilmişdir. Bu səbəbdən ona heç bir ziyan məbləği ödəməyəcəyini demişdir. Baş vermiş hadisədə avtomobilinə maddi ziyan dəymiş, həmin xərci çəkməklə avtomobili təmir etmişdir. Həmin məbləğin Şəxs tələb edilməsi ona təklif edilsə də, lakin qarşı tərəfin vəziyyətin nəzərə alaraq ondan həmin məbləği tələb etməmişdir. Hadisə baş verən anda avtromobilin sürət həddi 60-70 km/saat olmuşdur. Şəxs dediyinə əsasən əgər avtomobilin sürəti yüksək olsa idi, onda daha da ciddi zərərə səbəb olacaqdı, hətta özünün də ciddi xəsarət alması qaçılmaz olacaqdı. YPX əməkdaşları hadisə yerinə sığorta əməkdaşlarından sonra təxminən 18:40-18:45 radələrində gəlmişlər. Məlumat isə 18:10-18:20 radələrində verilmişdir. Mal-qara üçün nəzərədə tutulmuş yol nişanını isə hadisədən sonra görmüşdür. Hansı ki, həmin yol nişanı hadisə baş verən ərazidən aralıda kəndin giriş hissəsində idi. Həmin ərazidən mütəmadi keçməsinə baxmayaraq qeyd edilən yol nişanının həmin ərazidə hər iki hissədə quraşdırılmasına fikir verməmişdir. Yol nişanını isə DYPB bölməsində aparılan təkrar araşdırma zamanı əməkdaş tərəfindən hadisə yerinə çıxarılmaqla yerində izahatı alınarkən görmüşdür. Hansı ki, həmin yol nişanı ilə hadisə yeri arasındakı məsafə 300-350 metr təşkil edir. Hesab edir ki, araşdırma düzgün aparıldığından Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Masallı Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş - xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 18:45-də Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və xəta nəticəsində Masallı rayonu, Yeni Zuvand kənd sakini xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs 885 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2025-ci il tarixdə Şəxs məxsus 12 baş xırdabuynuzlu mal-qaranın (qoyunların) Masallı rayonu Təzə Alvadı kəndi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması ilə bağlı hadisə yerinə çağırılmış müvafiq sığorta şirkətinin əməkdaşı tərəfindən Şəxs və Zərərçəkmiş şəxs videoçəkiliş vasitəsi ilə saat 18:45-də alınmış ilkin izahatlarının görüntülərini əks etdirən CD disklərə proses iştirakçıları ilə bərabər texniki vasitələrin köməkliyi ilə baxış keçirilmişdir. Videogörüntülərdə Şəxs qoyunları yoldan keçirərkən saat 18:10 və 18:20 radələrində Zərərçəkmiş şəxs maşınla qoyunları vurduğunu bildirmiş, Zərərçəkmiş şəxs da eyni məzmunlu izahat vermişdir. - Şəxs 12 baş xırdabuynuzlu mal-qaranın (qoyunların) Masallı rayonu Təzə Alvadı kəndi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması yerinin görüntülərini əks etdirən CD diskə proses iştirakçıları ilə bərabər texniki vasitələrin köməkliyi ilə baxış keçirilmişdir. Yolun kənarında 12 baş tələf olunmuş qoyun görünür. - İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Kərimov Şəmşir Dadaş oğlu tərəfindən Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində Şəxs 12 baş xırdabuynuzlu mal-qaranın (qoyunların) Masallı rayonu Təzə Alvadı kəndi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes- Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması yerinin və həmin ərazidə yol nişanlarının quraşdırılmasının videogörüntülərini əks etdirən CD diskə proses iştirakçıları ilə bərabər texniki vasitələrin köməkliyi ilə baxış keçirilmişdir. - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Masallı rayonu, Meşəkənar kəndində baş vermişdir, yolun eni 6 metr, ehtiyyat hissə 2.5 metr təşkil edir. “Mercedes- Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Köhnə Alvadı kəndi istiqamətində olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində Masallı rayonu, Təzə Alvadı kənd sakini Şəxs məxsus 19 baş qoyuna ziyan dəymişdir. “Mercedes-Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Masallı rayonu Tatyanoba kənd sakini X1 mülkiytətindədir. Avtomobili idarə edən şəxs isə Masallı ratonu, Yeni Zuvand kənd sakini Zərərçəkmiş şəxsdur. - Masallı Rayon İcra Hakimiyyəti Başçının Təzə Alvadı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 1022 nömrəli arayışından görünür ki, Təzə Alvadı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında (kitab 15, səhifə 22, şəxsi hesab 1293) Şəxs şəxsi 19 baş xırda buynuzlu heyvanı vardır. - Masallı “Avtoservis” Təmir Xidmət Sahəsi tərəfindən verilmiş dəymiş ziyanın hesablanması barədə xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, “Mercedes-Benz C klass” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyan məbləği 885 manat təşkil edir. - Masallı rayon “Mal bazarı” direktoru tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs və X2 şifahi sorğusuna əsasən onun öhdəsində və ona məxsus 1-cı qarına boğaz olan diri çəkiləri 4-45 kq olan yerli sort qoyunların hər birinin ayrı-ayrılıqda bazarda olan alıcılar və satıcılar arasında 400-450 manat aralığında qiymətləndirilir. - Masallı rayonu Təzə Alvadı bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəxs özünə məxsus xırda buynuzlu malını faktiki yaşayış yerinə yaxın olan otlaq sahəsində otarır. Həmin örüş sahəsi yerləşdiyi coğrafi ərazisinə görə Bakı-Astara magistral yolu ilə, kəndin içərisindən keçən asfalt döşəməli yolun arasında yerləşir. Həmin yolun üzərində sürət məhdudiyyəti 50 km/saat olan lövhələr və mal-qaranın yoldan keçmə nişanları quraşdırılmışdır. Mal-qaranın asfalt yoldan təhlükəsiz keçidi üçün xüsusi ayrılmış keçidlər nəzərdə tutulmamışdır. Bu səbəbdən kənd sakinlərinə məxsus mal-qaranı səhərlər otlaq sahəsinə və axşamlar otlaq sahəsindən evə qayıtması yalnız kənddən keçən asfalt yolu adlamaqla mümkündür. - Fotoşəkillərdən görünür ki, “Mercedes-Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər dəymiş, bir neçə qoyun başları kəsilmiş halda yolun kənar hissəsindədir. - Fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs məxsus 12 baş xırdabuynuzlu qoyunun vurulduğu avtomobil yolunun kənarında hər iki istiqamətdə malqaranın keçidi üçün nəzərdə tutulan yol nişanı quraşdırılmışdır. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hadisə baş verdiyi tarixdən bir gün sonra saat 18:10 radələrində çəkildiyi bildirilən CD diskdə olan videogörüntüdən müəyyən olunur ki, avtomobilin salonunda olan paneldəki saat 16:58-i göstərir və hava işıqlıdır. Həmçinin yolun asfalt örtüyünün üzərində qan izləri mövcuddur. - Alcolvisor-Jupiter X markal alkoltestr aparatının xx.xx.2025-ci il tarixli saat 19:10tarixinə olan nəticəsindən görünür ki, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs qanında alkoqolun miqdarı 0,000% promil müəyyən edilmiş, Zərərçəkmiş şəxs avtomobili idarə edən zaman sərxoş olmamışdır. - Qafqaz Müsəlmanları İdarəsinin rəsmi internet saytından əldə edilmiş 2025-ci ilin dekabr ayı üzrə tərtib olunmuş məlumat cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixdə Masallı rayonu üzrə gün batımı saat 17:20 müəyyən edilmişdir. Tətbiq edilən hüquq İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə, at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə - səksən manat məbləğində cərimə edilir. 338.7-ci maddəsinə əsasən İXM-nin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə görə mal-qara ötürən – mal-qaranı, yük və ya minik heyvanlarını yoldan keçirən şəxsdir (38-ci bənd), sutkanın qaranlıq vaxtı - sutkanın günəş batandan günəş çıxanadək olan müddətidir (48-ci bənd) 11-ci maddəsinin İV hissəsinin 6-cı bəndinə əsasən avtomobil yollarında və təhkim zolağında avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağandır. 39-cu maddəsinə (mal-qara ötürənlərin vəzifələri) əsasən mal-qara ötürənlər malqaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. 47-ci maddəsinin (at arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər) İV hissəsinə əsasən mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. 47-ci maddəsinin V hissəsinə görə mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. Həmin maddənin Vİ hissəsinə əsasən at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə mal-qaranı yolda nəzarətsiz qoymaq, mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa), mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarından görünür ki, hadisə baş verən yolun hər iki istiqamətində mal-qara keçidi üçün xəbərdarlıq nişanları quraşdırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin İ hissəsinə əsasən xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Həmin maddənin İİ hissəsinə görə isə Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Bununla belə nəzərə alınmalıdır ki, istər inzibati xətalar, istərsə də yol hərəkəti haqqında qanunveriliyin yuxarıda göstərilən müddəaları birmənalı şəkildə mal-qaranın asfalt və sement-beton örtüklü yollardan, o cümlədən sutkanın qaranlıq vaxtında yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerindən, habelə yolun hərəkət hissəsindən ötürülməsini qadağan edir. Eyni zamanda mal-qaranın yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürülməsi tələb olunur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında və iş materiallarının tədqiqində hadisənin baş vermə saatı ilə bağlı bir neçə dəfə ayrı-ayrı fikirlər səsləndirməklə məsuliyyətdən yayınmaq istəmişdir. Lakin İXM-nin 76.1-ci maddəsinin işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatların inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılması ilə bağlı müddəasını rəhbər tutmaqla məhkəmə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi internet saytından əldə edilmiş 2025-ci ilin dekabr ayı üzrə tərtib olunmuş məlumat cədvəlini (xx.xx.2025-ci il tarixdə Masallı rayonu üzrə gün batımı saat 17:20 müəyyən edilmişdir) nəzərə alır və bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə qeyd etdiyi hadisənin baş vermə saatları həmin tarixdə gün batımı saatından -17:20-dən sonra olmaqla sutkanın qaranlıq vaxtı hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, hadisənin baş verdiyi ərazidə mal-qaranın ötürülməsi üçün xüsusi yer ayrılmamış, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman mal-qaranı asfalt yolun üzərində sutkanın qaranlıq vaxtı vurmuşdur. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs malqaranı ötürən olmaqla mal-qaranın ötürülməsinə dair qanunla müəyyən edilmiş tələbləri pozaraq mal-qaranı asfalt və sement-beton örtüklü yolla, o cümlədən sutkanın qaranlıq vaxtında yolun bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerindən ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hadisənin işıqlı saatda baş verməsi ilə bağlı məhkəmə iclasında verdiyi izahatını qəbul etmir və özünümüdafiə üçün irəli sürülmüş dəlil kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində təsərrüffatında olan qoyunlarını günün qaranlıq vaxtı avtomobil yolu ilə ötürərkən həmin anda yolda hərəkətdə olan Masallı rayonu, Yeni Zuvand kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes-Benz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısına çıxan 12 (on iki) baş qoyunu vurmuş, maddi ziyanın dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-nin 32-ci maddəsinə əsasən məsulliyyəti yüngülləşdirən hallar, İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar