Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-446/2026 03.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsi ev 58-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra sənədi Şəxs tərəfindən icra edilmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: İcra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Şəxs hər ay bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi barədə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu Şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsində izahatı alınmış, tələbin könüllü şəkildə icrası barədə bildiriş şəxsən borcluya imza etməklə təqdim edilmişdir. Borcluya icra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıq etmiş, lakin icra sənədi üzrə heç bir ödəniş etməmiş, icra çağırışlarından yayındığına görə xx.xx.2026-cı il tarixdə barəsində axtarış elan edilmişdir. Bundan sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra sənədi xx.xx.2026-cı il tarixdə borclu Şəxs faktiki yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilməsinə baxmayaraq xx.xx.2026-cı il tarixdə icra sənədi aidiyyəti üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. Borclu Şəxs bu gün icra şöbəsinə gətirildikdən sonra izahatı alınmışdır. O, izahatında uşaqla ünsiyyət saxlaya bilməməsini əsas gətirməklə icra sənədi üzrə aliment borcunu ödəmədiyini qeyd etmişdir. Hazırda icra sənədi üzrə borclunun 4200 manat məbləğində ödənilməmiş aliment borcu vardır. İcra sənədinin icrası ilə bağlı borcluya kifayət qədər vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etmədiyindən, tələbkar isə borcunu tələb etdiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. İnzibati xəta haqında protokol məhkəməyə verildikdən sonra borclu Şəxs aliment borcundan 500 manat ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2173/2024 nömrəli icra sənədindən məlumatlıdır. Lakin icra sənədinin icrasından yayınmaq fikri olmamışdır. Belə ki, 2025-ci ilin dekabr ayından tələbkar azyaşlı uşağı ilə ünsiyyət saxlamasına imkan yaratmamış, o da aliment borcunu ödəməmişdir. Son üç ayda azyaşlı uşağı ilə mütəmadi ünsiyyət saxlayaraq, uşağın maddi təminatı və ehtiyacı olan bütün geyim və elektronika əşyalarını almışdır. Son üç ayda uşağına 5000 manatdan yuxarı pul xərcləyərək görüşlər zamanı uşağına notebook , mobil telefon, və müxtəlif brend geyim əşyaları almış, hüququ savadı olmadığından həmin pul məbləğinin tələbkara rəsmi olaraq ödənilməli olmasını bilməmişdir, nəticədə icra sənədi üzrə 4200 manat aliment borcu yaranmışdır. Boradigah qəsəbəsində qeydyyatda olmasına baxmayaraq X2 Dubay şəhərində işləyir. Alimentin ödənilməsinə etirazı yoxdur. Həmin borcun ödənilməsindən imtina etmir, nə də icra sənədinin icrasından yayınmaq niyyəti yoxdur, lakin 4200 manat borcu birdəfəlik ödəmək iqtidarına deyildir. Hazırda borcundan 500 manat tələbkarın xeyrinə ödəniş etmiş, bundan sonra qalıq aliment borcunu isə hər ay ödəməli olan əsas aliment məbləğinə əlavələrlə birlikdə cəmi 300-350 manat məbləğində ödəniş edəcəyinə söz verir. Qeyd olunanları nəzərə alıb barəsində ədalət qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs hər ay bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməlidir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra sənədi xx.xx.2024-cü il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra məmuru X8 tərəfindən Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2173/2024 nömrəli icra sənədində göstərilən tələbin könüllü icrası barədə bildiriş borclu Şəxs şəxsən təqdim edilmişdir. - Borclunun axtarışı barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Masallı rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsi ev 58-də qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. - İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2173/2024 nömrəli icra sənədi icra olunması üçün Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. - İcra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2173/2024 nömrəli icra sənədi icra olunması üçün Bakı şəhəri, Nizami rayon İcra Şöbəsindən aidiyyəti üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmışdır. - Borclunun əmlak və gəlirləri barədə elektron sorğu məlumatlarından görünür ki, borclu Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydə alınmamış, habelə gəlir yerləri müəyyən edilməmişdir. - Borclu Şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatının məzmunundan görünür ki, o, Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra sənədini tələbkar azyaşlı uşağı ona göstərmədiyindən icra etməmişdir. Dekabr ayından başlayaraq 5640 manat pul əlbəəl vermişdir. Hazırda 200 manat ödəniş edə bilir, qalan borcu hər ay ödəməli olan 200 manat aliment borcundan əlavə 50 manat ödəyəcəyini qeyd etmişdir. İcra sənədini icra etmədiyi təqdirdə məcburi icra tədbirləri barədə ona məlumat verilmiş, hüquq və vəzifələri ona izah edilmişdir. - Masallı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən yazılmış qəbzdən görünür ki, borclu Şəxs tərəfindən tələbkar X3 ödənilməli olan 500 manat aliment pulunu qəbul etmişdir. Hüquqi məsələlər: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına əsasən İXM-nin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 32.2-ci maddəsinə görə inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati xəta haqqında iş üzrə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2173/2024 nömrəli icra sənədinin icrasını təmin etməmişdir. İcra məmuru tərəfindən onun barəsində bütün mümkün olan məcburi icra tədbirləri görülmüşdür. İcra sənədi üzrə tələbin təmin edilməsi üçün mümkün imkanlarından (məhkəməyədək hər hansı ödəniş etməmişdir) istifadə etməyərək icra sənədinin icrasından yayındığından barəsində icra məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Yalnız işə baxılarkən icra sənədi üzər 4200 manat aliment borcundan 500 manatını tələbkarın xeyrinə ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etməməsini hüququ savadsızlığı ilə, yəni tələbkara indiyədək verdiyi pul məbləğlərini rəsmiləşdirməli olmasını bilməməsi ilə əsaslandırmağa çalışsa da, məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Belə ki, borclu ötən müddət ərzində heç bir ödəniş etməyərək icra sənədinin icrasından yayınmağa davam etmiş və belə olan halda onun məhkəmə iclasında icra sənədinin icrasını təmin edəcəyi ilə bağlı verdiyi vədlərin inandırıcılığı şübhə altına düşür. Bütün bunlar onun icra sənədinin icrasına laqeyd yanaşmasını və məhkəmə qərarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. Qeyd edilənlərə əsasən demək olar ki, borclunun barəsində kifayət qədər qanuni tədbir görülməsinə baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsinə laqeyd yanaşaraq qərəzlilik nümayiş etdirmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Beləliklə, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı ilk dəfə törətməsini, məhkəmədə işinə baxılarkən icra sənədi üzrə borcundan 500 manat tələbkarın xeyrinə ödəməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda İXM-nin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə İXM-nin 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini rəhbər tutaraq törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirməklə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115, 117 və 128-130 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-446/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-446/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver