Məhkəmə qərarları › İş №3(5-145)-457/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-457/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-457/2026 05.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 16 avqust 1986-cı il tarixdə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 05 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Ağayev X4 Rayon Məhkəməsinin 2(050)-1659/2021 nömrəli, 24 may 2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1659/2021 nömrəli, 24 may 2021-ci il tarixli icra sənədinə əsasən 21 mart 2016-cı il təvəllüdlü X2 və 05 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Alimentin tutulması 30 aprel 2021-ci il tarixdən hesablanmalıdır. 26 may 2021-ci il tarixdə İcraata başlama haqqında qərar qəbul olunmuş, qərar ilə bildiriş borclu Şəxs tərəfindən qəbul edilmişdir. Borclu 2024-cü ilin yanvar ayınadək olan borcunu ödəmiş, ondan sonra isə heç bir ödəniş etməmişdir. Borclu bildirmişdir ki, həmin müddətdə tələbkarla birlikdə yaşadığı üçün ödəniş etməmişdir. Eyni zamanda həmin müddət ərzində üçüncü uşaqları anadan olmuşdur. Borclunun icra sənədi üzrə borcu cəmi 6240 manat təşkil edir. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 2022-2023-cü ildə arvadı Zərərçəkmiş şəxs ilə barışmış və 18 dekabr 2023-cü il tarixdə Dəniz adlı qız uşaqları doğulmuşdur. O, 15-20 gün bundan əvvələdək arvadı ilə birlikdə yaşamış və bunu təsdiq edən fotoşəkilləri təqdim edir. Onların birgə yaşamaması ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sənədi həqiqəti əks etdirmir. Bundan başqa o, dənizdə işlədiyi üçün hər ay aldığı 1500 ABŞ dolları əmək haqqı işlədiyi şirkət tərəfindən qaynanası İlhamə Əzizovanın kart hesabına köçürülmüşdür. Həmin müddət ərzində arvadı sosial müavinət aldığından pullar arvadının kart hesabına köçürülməmişdir. Ancaq özü də, müəyyən vaxtlarda arvadının kartına pullar köçürmüşdür və bununla bağlı qəbzləri məhkəməyə təqdim edir. Onun tələbkara heç bir aliment borcu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-1659/2021 nömrəli, 24 may 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 21 mart 2016-cı il təvəllüdlü X2 və 05 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 26 may 2021-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1659/2021 nömrəli, 24 may 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 26 may 2021-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1659/2021 nömrəli, 24 may 2021-ci il tarixli icra sənədi üzrə tələbin borclu Şəxs könüllü qaydada icrası tələb olunmuş, borclu bildirişi qəbul etmişdir. - 07 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 80 ABŞ dolları pul köçürülmüşdür. - iyul 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hesabına 1128 ABŞ dolları pul köçürülmüşdür. - 17 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İlhamə Əzizovanın hesabına 1280 ABŞ dolları pul köçürülmüşdür. - 22 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, İlhamə Əzizovanın hesabına 100 ABŞ dolları pul köçürülmüşdür. - 12 yanvar 2026-cı il tarixli qəbzdən görünür ki, İlhamə Əzizovanın hesabına 55,65 ABŞ dolları pul köçürülmüşdür. - fotoşəkillərdən görünür ki, 13 mart 2024, 08 may 2025 və 31 dekabr 2025-ci il tarixlərdə Zərərçəkmiş şəxs və Şəxs birgə foto şəkili təsvur olunmuşdur. - Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi, pensiya, sosial ödəniş məlumatları yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 84.1-ci maddəsinin tələbinə müvafiq olaraq araşdırılmış sübutları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün kifayət deyildir və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında protokolda qeyd olunan inzibati xətanı törətməsi onun özünün, yekun nəticəyə gəlməyə imkan verən icra məmurunun məhkəmə iclasında verdikləri ifadələri, inzibati işin materiallarında və iş üçün mühüm əhəmiyyət kəsb edən icra işində olan digər sübutlarla sübuta yetirilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası İXM-nin 8ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmir. Odur ki, Şəxs həmin maddə ilə inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəsinin tələbinə uyğun olaraq icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarı: Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə inzibati xəta haqqında materiala baxılması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanunda məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmçinin qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1659/2021 nömrəli, 24 may 2021-ci il tarixli icra vərəqəsi əsasında 26 may 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, qərar və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuşdur. Ondan sonra icra məmuru tərəfindən 05 mart 2026-cı il tarixədək heç bir icra tədbirləri həyata keçirilməmiş, tələbkar icra sənədinin icra olunmaması ilə bağlı 2026-cı ilin fevral ayınadək icra şöbəsinə müraciət etməmiş, borclu Şəxs qeyd olunan tarixədək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə bağlı hallar olmamaqla yanaşı, bununla bağlı müvafiq sübutlar təqdim olunmamışdır. Eyni zamanda bu hal məhkəmə araşdırması zamanı da, icra məmurunun və Şəxs izahatları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktda tərəflərin 2024-cü ilin yanvar ayından ayrı yaşadıqları qeyd olunsa da, təqdim olunmuş fotoşəkillərdən görünür ki, aktda qeyd olunanlar həqiqəti əks etdirmir. Həmçinin tələbkar Şəxs 2024-cü ilin yanvar ayından aliment borcunu ödəmədiyini qeyd etsə də, təqdim olunmuş qəbzlərdən görünür ki, Şəxs tərəfindən həmin tarixdən sonra tələbkar Zərərçəkmiş şəxs və onun anası İlhamə Əzizovanın hesabına müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. Borclu tərəfindən tələbkara nə qədər ödəniş olunmasını müəyyən etmək isə icra məmurunun səlahiyyəti daxilində olduğundan onun tərəfindən araşdırma aparılaraq müəyyən olunmalıdır. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, tələbkara olan aliment borcunu ödəyir. Eyni zamanda iş materiallarında görünür ki, Masallı rayon İcra şöbəsinin icra məmuru tərəfindən borclunun evində tələbin yönəldilə biləcəyi əmlakın müəyyən olunması üçün onun yaşadığı evə baxış keçirilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar