Məhkəmə qərarları › İş №3(5-145)-65/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-65/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-65/2026 29.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Masallı rayonu, Kosakül kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, ali təhsilli, "xxxx" MMC-də işləyən, Masallı rayonu, Kosakül kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:55-də “Mercedes Benz C 180” minik markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edilməsi halına yol verdiyinə görə Masallı rayonu Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X2 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş yeni il şənliyində az miqdarda içki içdiyini etiraf edir. Polis şöbəsində izahatı özü yazmışdır. İzahatına hər hansı əlavə etmək istəmir. Polis tərəfindən hər hansı hörmətsizliyə məruz qalmamışdır. Aprel döyüşlərində iştirak etmiş, həmçinin 6 il polis orqanında çalışmış, özü də polis əməkdaşlarına saxlanılan zaman hörmətsizlik etməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, Şəxs 0.8438 litr həcmdə alkoqolun miqdarı aşkar olunmuşdur. Şəxs tərəfindən kağız daşıyıcıya nəticə ilə razıyam qeydi aparılmışdır. ● xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili vəziyyətdə idarə etdiyini etiraf etmişdir. ● xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşağın atası Şəxsdur. Şəxs inzibati xəta törətməsi onun etirafedici izahatı, inzibati xəta haqqında protokol, alkotesterin nəticəsini özündə əks etdirən kağız daşıyıcısı, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən halları himayəsində 1 nəfər azyaşlı uşağının olmasıdır. İnzibati tənbehi ağırlaşdıran hal yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Kərimov X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar