Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-66/2026 02.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis X4 X3 Patrul Xidmətinin (bundan sonra-YPX-nin) baş inspektoru, polis baş leytenantı Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Masallı rayonu, Mahmudavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMnin) 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: YPX-nin baş inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən İXM-nin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: YPX-nin baş inspektoru, polis baş leytenantı Nümayəndə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 08:57 radələrində Masallı rayonu, Mahmudavar kəndi ərazisində idarə etdiyi “VAZ-21074” minik markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin yoxlanılması ilə bağlı alkotester müayinəsindən keçirilmiş, yoxlama zamanı sürücünün avtomobili alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etdi ki, xx.xx.2026-cı il tarixdə saat 09 radələrində Masallı rayonu, Mahmudavar kəndi ərazisində idarə etdiyi avtomaşınla kənd arası yolla avtomobil yoluna çıxarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt YPX-nin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmədən avtomaşına amerikan üsullu işıqların quraşdırıldığını əsas gətirərək avtomobilin saxlanılmasını bildirmişdir. YPX-nin əməkdaşına həmin işıqların avtomobilə quraşdırıldığını, lakin işıqlardan istifadə etmədiyini bildirmişdir. Həmin vaxt YPX-nin əməkdaşı ona nəfəsindən spirtli içki qoxusunun gəldiyini bildirərək avtomobildən düşməsini və xidməti avtomobilə əyləşməsini tələb etmiş və o, YPX-nin avtomobilinə əyləşmişdir. Həmin vaxt sükan arxasında olan YPX-nin digər əməkdaşı onun alkotester müayinəsindən keçirilməsini tələb etmişdir. İlkin olaraq spirtli içki içmədiyini YPX-nin əməkdaşına bildirmişdir. Lakin ona hədə-qorxu gəlindiyinə görə iki gün əvvəl dörd bakal pivə içdiyini demişdir. YPX əməkdaşı xidməti avtomobildə olan paslı və çirkli alkotesteri çıxarıb ona həmin aparata nəfəs verməsini tələb etmişdir. Alkotesterə nəfəs verdikdən sonra YPX-nin əməkdaşı ona alkotesterin nəticəsinə görə sərxoş olmasını və birlikdə Masallı Rayon Polis Şöbəsinə getməli olduqlarını demişdir. YPX-nin əməkdaşına anasının ankoloji xəstə olmasını, hazırda anasına dərman almaq üçün əczaxanaya getməli olduğunu desə də, YPX-nin əməkdaşları ona bölməyə getdikdən və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra sərbəst buraxılacağını demişdir. Hətta YPXnin əməkdaşlarının etdikləri təklifə münasibətdə hazırda pulunun olmadığını, yalnız anasına dərman alması üçün maşınında 342 manat pulun olduğunu demişdir. YPX-nin əməkdaşları tərəfindən inzibati bölməyə aparıldıqdan sonra yenidən sərxoşluqla bağlı müayinədən keçməsini tələb etmiş, hansı kı, həmin müayinədən əvvəlcə keçmək istəməmiş, ona razılaşmadığı təqdirdə narkotik vasitələrdən istifadə etməsi ilə bağlı sənədləşmə aparılacağı ilə hədələmişlər. Lakin etirazına baxmayaraq onu həkim müayinəsinə təqdim etməmişlər. Bu səbəbdən inzibati bölmədə təkrar ona alkotester təqdim edilməklə nəfəs verməsi tələb edilmiş, o, alkotester müayinəsindən keçirildikdən sonra müayinənin cavabında dörd bakal pivə içməsi və nəticə ilə razı olması barədə qeydlər yazmağa məcbur edilmiş, müvafiq qeydlər aparıldıqdan sonra imzası ilə təsdiqləmək məcburiyyətində qalmışdır. İdarə etdiyi nəqliyyat vasitəsi dostuna məxsus olmuş, etibarnaməsi olmadığından avtomaşın Masallı Rayon Polis X4 Polisi Bölməsinin müvəqqəti duracağına yerləşdirilmişdir. Lakin ilkin olaraq Masallı Rayon Polis Şöbəsində heç bir izahat yazmamışdır. Masallı Rayon Polis Şöbəsindən çıxdıqdan dərhal sonra öz təşəbbüsü ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına getmiş, orada həkimə avtoqəza hadisəsi törətdiyini və sərxoşluq dərəcəsinin yoxlanılması ilə bağlı müayinədən keçirilməsini xahiş etmişdir. Həkim tərəfindən xəstəxanada yenidən müayinədən keçirildikdən sonra onda heç bir alkoqol sərxoşluğu aşkar edilməmişdir. Müayinə barədə həkim rəyini əldə etdikdən sonra yenidən Masallı Rayon Polis X4 Polisi Bölməsinə geri qayıtmış, müayinənin cavabını xidməti əməkdaşlara təqdim etmişdir. Bundan sonra YPXnin əməkdaşları tərəfindən onun içkili olmadığı bildirilməklə izahatı alınmış, izahatında avtomaşına quraşdırılmış amerkan üsullu işıqlarla bağlı problemin aradan qaldırmasını qeyd etmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinə dair xx.xx.2026-cı il tarixdə etibarnamə əldə etdikdən sonra müvəqqəti duracaqda saxlanılan avtomaşın ona şəxsən təhvil verilmişdir. Əgər alkoqol sərxoşluğu aşkar edilmişdisə, avtomobil ona şəxsən təhvil verilməli deyildi. Hesab edir ki, saxlanıldığı vaxt sərxoş olmadığından barəsində YPX-nin əməkdaşı tərəfindən əsassız protokol tərtib edilmişdir. Sonda Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs YPX-nin baş inspektoru, polis baş leytenantı Nümayəndə izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Masallı rayonu, Mahmudavar kəndi ərazisində xidmətdə olduqları vaxt kənd arası yoldan magistral yola çıxan “VAZ-21074” minik markalı avtomobildə qanunun tələblərinə cavab verməyən işıqların yandığını görüb sürücüyə saxlama işarəsi vermişlər. Sürücü adı sonradan məlum olan Şəxs saxlanıldıqdan sonra xidməti avtomobildə olan digər YPX əməkddaşı ona yaxınlaşmış, özünü təqdim edərək sürücüyə avtomobilə qanunla icazə verilməyən işqların quraşdırıldığını bildirməklə, sənədləri tələb etmişdir. Sürücünün avtomaşını etibarnamə olmadan idarə etməsi aşkarlandığından ona YPX avtomobilinə yaxınlaşması bildirilmişdir. Sürücü avtomobilə yaxınlaşdıqdan sonra nəfəsindən spirtli içkinin qoxusu gəldiyinə görə spirtli içki qəbul edib-etməsi soruşulduqda, o, üç gün əvvəl dörd bakal pivə içdiyini qeyd etmişdir. Sürücüyə xidməti avtomobilə əyləşməsi və alkotesterdən keçiriləcəyi barədə bildirilmiş, Şəxs xidməti avtomobilə mindikdən sonra alkotester müayinəsindən keçirilmiş və müayinənin cavabına əsasən sürücüdə alkoqol sərxoşluğu aşkarlanmışdır. Xidməti avtomobildə olan alkotester aparatı müvafiq sertifikasiyadan keçirilmiş, lisenziyalı və holoqramlı olmaqla tam işlək vəziyətdə olmuşdur. Bundan sonra sürücüyə birlikdə Masallı Rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmişdir. Sürücü etiraz etmədiyindən birlikdə Masallı Rayon Polis Şöbəsinə getmişlər. Eyni zamanda “VAZ-21074” minik markalı avtomobil digər YPX əməkdaşı tərəfindən duracağa yerləşdirilmişdir. Şəxs gətirildikdən sonra yenidən alkotester müayinəsindən keçirilmiş, onda 0,8118 promilli alkoqol sərxoşluğu aşkarlanmış, Şəxs həmin vaxt heç bir etirazını bildirməmiş, alkotesterin nəticəsində “dörd bakal pivə içmişəm, nəticə ilə tanış oldum” qeydləri aparmaqla imzası ilə təsdiq etmişdir. Bundan sonra sürücünün izahatı alınmışdır. Duracağa yerləşdirilmiş avtomaşın isə sahibinə təhvil verilmişdir. Sürücünün polis şöbəsində təkrar alkotester müayinəsindən keçirilməsinin səbəbi ondan ibarət olmuşdur ki, hər iki alkotester aparatı sertifikatlaşdırılmış və tam işlək vəziyyətdə olmasına baxmayaraq xidməti avtomobildə olan aparatın buraxılış ili köhnə olmaqla məlumatlarlar tam əks olunmamış, polis şöbəsində sürücüyə təqdim edilmiş alkotester aparatı isə 2025-ci ilin istehsalı olmaqla müayinədən keçən şəxsin foto görüntüsünü əldə etməyə imkan verir. Bu səbəbdən ikinci alkotesterin cavabı sübut olaraq götürülməklə onun əsasında şəxs barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Lazım olduğu təqdirdə həmin aparatların sertifikatları məhkəməyə təqdim edilə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs YPX-nin əməkdaşları tərəfindən saxlanılmasının video görüntülərini əks etdirən CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs “VAZ-21074” minik ” markalı avtomaşınla Masallı Rayonu, Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. YPX-nin əməkdaşı sürücüyə yaxınlaşmışdır. Yoxlama zamanı sürücünün avtomaşını etirabnamə olmadan idarə etməsi müəyyən edilmiş, ona xidməti avtomaşına yaxınlaşması təklif edilmişdir. Sürücü xidməti avtomobilə yaxınlaşarkən YPX-nin əməkdaşı onun nəfəsindən spirtli içki qoxusunun gəlməsini bildirmiş, sürücüdən spirtli içki qəbul edib-etməsini soruşduqda, o, iki gün əvvəl dörd bakal pivə içdiyini bildirmişdir. Bu səbəbdən YPX-nin əməkdaşı sürücüyə alkotester müayinəsindən keçməsi üçün xidməti avtomobilə minməsini xahiş etmişdir. Sürücü xidməti avtomobilə mindikdən sonra o, YPX-nin əməkdaşı tərəfindən alkotester müayinəsindən keçirilmiş, alkotesterin cavabına əsasən YPX-nin əməkdaşı qanında alkoqolun 0,19 promilli olmasını bildirərək, yüngül dərəcəli sərxoşluq olmasını demiş, sürücüyə müvafiq izahatının alınması üçün Masallı Rayon Polis Şöbəsinə getməli olduğunu, izahatı alındıqdan sonra buraxılacağını bildirmişdir. Bundan sonra sürücü Şəxs xidməti avtomaşınla Masallı Rayon Polis Şöbəsinə aparılmışdır. DYPB-də sürücü Şəxs təkrarən alkotester müayinəsindən keçirilərkən “dünən yox sırağa gün pivə içmişəm” sözlərini bildirmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 08:57 radələrində Masallı rayonu, Mahmudavar kəndi ərazisində idarə etdiyi “VAZ-21074” minik markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair “Jupiter- X” markalı alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcının əslindən görünür ki, həmin kağız daşıyıcıda qeyd edilən məlumatlar Alcovisor-Jupiter-x Seriya № 93004309, qeydiyyat №: 04450, tarix yanvar 14, 2026, vaxt 08:57:49, son kalibrləmə tarixi: oktyabr 13.2021, boş test 0,000%, müddət 1,280 saniyələr, həcm 0.8118 litr, subyektin adı X1, avtomobilin nömrəsi ** BS *** qeyd edilmiş, kağız daşıyıcının aşağı hissəsində “4 bakal pivə içmişəm, söz verirəm bir daha bu hallar rast gəlinməyəcək, nəticə 0,8108 tanış oldum” qeydləri aparılmış, imzalanmışdır. Şəxs tərəfindən yazılmış izahatın məzmunundan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 09 radələrində əmisi oğluna məxsus “VAZ-21074” minik markalı, ** BS *** dövlət qeydiyyat nömrə nişanlı maşınla Mahmudavar kəndi ərazisində məhlədən çıxan zaman polis əməkdaşları onu saxlamış, sənədlər yoxlanılan zaman etirbarnamə olmadığı aşkar olunmuş, maşın işıqları amerkan olduğu üçün duracağa təmin olunmuşdur. Orada alkotesterlə müayinə olunmuş 0,8118 promilli sərxoşluğu aşkar olunmuş, müayinə nəticəsi ilə tanış olmuş, imza etmiş, daha sonra 12:15-də Ləkəran şəhərinə gedərək müayinə olunmuş, orada sərxoşluq aşkar olunmamışdır. Sonra avtomaşına etibarnamə alaraq avtomaşının duracaqdan götürülməsi üçün rayon polis şöbəsinə yaxınlaşmışdır. Maşında olan amerikan işığı aradan qaldırmış, avtomaşını təhvil almış, bununla bağlı şikayət və tələbi yoxdur. İzahat Şəxs özü tərəfindən yazılmış, imzası ilə təsdiq edilmişdir. Masallı Rayon Polis X4 Polisi Bölməsinin rəisi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, BDYPİ-nin MİS-dən alınmış məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək 379610 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi mövcud olmasına baxmayaraq təhvil verilməmişdir. Nəqiyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2026-cı il tarixli aktdan görünür ki, “VAZ-21074” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil duracağa qəbul edilərkən avtomaşında telefon, maqnitofon, alətlər, ehtiyat hissələri, pul, qızıl və digər zinət əşyaları aşkarlanmamış, akt Şəxs tərəfindən imzalanmışdır. Eləcə də həmin aktda Şəxs tərəfindən etibarnamə aldıqdan sonra maşını götürməsi ilə bağlı qeyd aparılmaqla imzası ilə təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 000142 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:15 dəqiqədə şəxsi təşəbbüsü ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına müraciət edərək sərxoşluqla bağlı həkim müayinəsindən keçirilməsini xahiş etmiş, həkim A.Qurbanova tərəfindən alkotester müayinəsindən keçirilmiş, müayinə nəticələri 0,000 % promil qeyd edilmiş, şəxsdə alkoqol qəbulu əlamətləri aşkarlanmamışdır. Tətbiq edilən hüquq: İXM Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 8.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi 96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Maddə 100. İnzibati xəta haqqında protokol 100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; Maddə 101. İnzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Maddə 105. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimat 7.11. Nəqliyyat vasitəsinin dayandırılması haqqında qərar hər bir konkret halda YPX inspektoru tərəfindən qanun pozuntusunun davam etdirilməsini istisna edən konkret şərait nəzərə alınaraq müstəqil şəkildə qəbul edilir. Nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olan halda nəqliyyat vasitəsi dayandırılır. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma sürücünün sərxoşluq vəziyyətinə dair xüsusi texniki vasitələrin göstəricilərinə və ya tibbi müayinənin nəticələrinə uyğun olaraq həyata keçirilir. 8.17. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotester, narkotester) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir (Təlimata 14 nömrəli əlavə) və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 3.1. Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. 3.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Hazırda bu hüquqi mübahisənin ədalətli və qanunauyğun həlli üçün məhkəmə, ilk növbədə, inzibati məsuliyyətin fundamental prinsiplərini rəhbər tutur. İXM-nin 3-cü maddəsi təsbit edir ki, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməlin törədilməsində təqsirli hesab edilən şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyi ilə inzibati xəta tərkibinin məhz bütün əlamətlərini (subyekt, obyekt, subyektiv cəhət, obyektiv cəhət) ehtiva edən əməli törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, İXM-nin 333-cü maddəsinin qeyd hissəsinə və yuxarıda göstərilən normativ-hüquqi aktların müvafiq bəndlərinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir və belə olan halda müvafiq inzibati xətanın tərkibi yaranır. Eyni zamanda, məhkəmə fəaliyyətinin əsasını təşkil edən təqsirsizlik prezumpsiyası prinsipi İXM-nin 8-ci maddəsində təsbit olunduğu kimi, təqsirin sübuta yetirilməsinin səlahiyyətli orqanın üzərinə düşdüyünü və təqsirliliyə dair aradan qaldırılması mümkün olmayan hər cür şübhənin inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməli olduğunu imperativ qaydada tələb edir. Bu prinsiplər işığında, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və səlahiyyətli orqanın nümayəndəsinin izahatı Şəxs təqsirini sübut etmək üçün kifayət deyildir və işdə olan digər mötəbər sübutlarla əsaslı şəkildə təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat çərçivəsində bir-birindən kəskin fərqlənən iki xüsusi texniki vasitənin göstəricisinin mövcudluğu müəyyən olunur. Onlardan birincisi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş CD diskdəki videogörüntülərdə istifadə olunmuş xüsusi texniki vasitənin göstərici, digəri isə Masallı Rayon Polis Şöbəsinin inzibati binasında tətbiq edilmiş və şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əsas götürülmüş xüsusi texniki vasitənin göstəricisidir. Birinci tətbiq edilmiş xüsusi texniki vasitənin göstərici (0,19 promilli) İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olmadığı halda, ikinci - tətbiq edilmiş texniki vasitənin göstəricisi (0,8118 promilli) İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş YPX-nin baş inspektoru, polis baş leytenantı Nümayəndə verilmiş suala münasibətdə hər iki texniki vasitənin qanda alkoqolun konsentrasiyasını eyni qaydada müəyyən etdiyi, müvafiq lisenziya əsasında sertifikatlaşdırılmış aparatlar olduğu, standartlara tam cavab verdiyini bildirmiş, iki texniki vasitə arasındakı əsas fərqi yalnız sonuncunun daha müasir olması və fotoşəkil təmin etmək imkanının mövcudluğu ilə əsaslandırmışdır. Əlavə olaraq məhkəmə Şəxs sərxoşluqla bağlı həkim müayinəsindən keçmək üçün Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına müraciət etməsini YPX-nin əməkdaşları tərəfindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi zamanı əldə edilmiş nəticələrin onun tərəfindən mübahisələndirildiyini təsdiq edən hal kimi qəbul edir. Bundan başqa həmin müayinə nəticəsində şəxsin sərxoşluq vəziyyətinin aşkar edilməməsi, onun tərəfindən İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini şübhə altına alır. Həmçinin inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatlarının və xüsusi texniki vasitələrin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların qeyd edilməsi ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Belə ki, Şəxs istər məhkəmə iclasında verdiyi izahatın, istərsə də Masallı Rayon Polis Şöbəsində yazdığı izahatın məzmunundan aydın olur ki, Şəxs izahatı inzibati xəta törədilməsi faktının aşkar edildiyi anda deyil, sonradan - həmin gün saat 12:15-də şəxsi təşəbbüsü ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasına müraciət edərək sərxoşluqla bağlı həkim müayinəsindən keçdikdən sonra alınmış, eləcə də xüsusi texniki vasitələr ilə bağlı qeyd edilən məlumatlar protokolda əks etdirilməmişdir. Eyni zamanda məhkəmə nəqiyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2026-cı il tarixli akt və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə təsdiq olunur ki, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi iddia olunan şəxsə həmin nəqliyyat vasitəsi təhvil verilmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və qanunvericiliyin yuxarıda sadalanan imperativ tələblərini nəzərə alıb o qənaətə gəlir ki, Şəxs təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyi üçün onun təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-50, 53, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №3(5-145)-66/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-66/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver