Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-88/2026 26.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkil Masallı Rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ofisant işləyən, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, müəyyən etdi: Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 26 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(002)-2405/2024 saylı və Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)- 467/2025 saylı icra sənədlərində göstərilən tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri, Qaradağ rayon məhkəməsi tərəfindən verilmiş 2(002)-2405/2024-011 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2021ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X7 xeyrinə hər ay bir uşaq üçün 210 (iki yüz on) manat olmaqla cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin icra sənədi xx.xx.2024-cü il tarixdə İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş və digər zəruri sənədlər təqdim edilmişdir. Borclu icra şöbəsinin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Borclu tapılaraq icra şöbəsinə gətirilmişdir. 4600 (dörd min altı yüz) manat borcu yarandığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilmişdir. Daha sonra tələbkar X15 alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 8(002)-467/2025 saylı icra sənədinə əsasən Bakı Şəhəri Qaradağ Rayon məhkəməsinin 2(002)-2405/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs tələbkar X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0,61 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və digər sənədlər borcluya təqdim edilmişdir. Borclu icra şöbəsinin çağırışına gəlmədiyi üçün barəsində axtarış qərarı verilmişdir. O, polis tərəfindən tutularaq bu gün, yəni 26 yanvar 2026-cı il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Şəxsin izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati protokolda yanlış olaraq borclunun borcu 8800 (səkkiz min səkkiz yüz) manat göstərilmişdir. Əslində isə borclunun protokol tərtib edilən zaman 8300 səkkiz min üç yüz) manat borcu qalmışdır. Borclu bu gün yəni xx.xx.2026-cı il tarixdə məhkəməyə gətirildikdən sonra borcundan 1000 (bir min) manat pul ödəmişdir. Hal-hazırda 7300 (yeddi min üç yüz) manat borcu qalmışdır. Tələbkarla icra məmuru tərəfindən əlaqə saxlanılmışdır. O, icra sənədi üzrə borcunun ən azı yarısının ödənilməsini tələb edir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı və Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 8(002)-467/2025 saylı icra sənədləri icra sənədlərindən məlumatlıdır. Aliment üzrə borcu işləmədiyi vaxtlarda yaranmışdır. Daha sonra iş tapmış barəsində axtarış elan edildiyi üçün hüquq muhafizə orqanlarına tez-tez çağrıldığına görə işləyə bilməmişdir. Hal-hazırda restoranda ofisant işləyir. İşləməklə hər ay 800 (səkkiz yüz) manat aliment borcundan ödəniş edəcəkdir. Bu gün yəni xx.xx.2026-cı il tarixdə məhkəməyə gətirildikdən sonra borcundan 1000 (bir min) manat pul ödəmişdir. Əgər barəsində həbs növündə inzibati tənbeh tətbiq edilərsə iş yerini itirə bilər. Göstərilənlərin nəzərə alınaraq, barəsində yüngül növdə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkil Masallı Rayon Vəkil Bürosunun vəkili X2 Elvin İdris oğlu barəsində inzibati həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. ● İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 8(002)-467/2025 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. ● Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. ● Borclu Şəxs izahatından görünür ki, o, icra sənədini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. ● 26 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2405/2024 saylı və Masallı Rayon Məhkəməsinin 8(002)-467/2025 saylı icra sənədlərinin icrasını tam təmin etmədiyi üçün barəsində inzibati protokol tərtib edilmişdir. ● xx.xx.2026-cı il tarixli qəbzdən görünür ki, X1 Günay Rəhim qızına çatası 1000 (bir min) manat pulu qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından Şərh Edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin plenum qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr belə işlərə baxarkən Konstitusiyadan irəli gələn tarazlıq prinsipini rəhbər tutaraq, bir tərəfdən məhkəmə aktının icrasının vacibliyinə, digər tərəfdən isə şəxsin lüzumsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməməsinə xüsusi diqqət yetirməlidirlər. Bu yanaşma, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli 2668 nömrəli Sərəncamında əks olunmuş dekriminallaşdırma siyasətinə dair tövsiyələrdən irəli gəlir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi, icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Məhkəmə təyin olunacaq inzibati tənbeh növünü müzakirə edərək qeyd edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun yaranmış aliment borcundan barəsində inzibati protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra 1000 (bir min) manat məbləğində pul ödəməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tağıyev X12 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №3(5-145)-88/2026
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-88/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver