Məhkəmə qərarları › İş №3(5-145)-97/2026

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(5-145)-97/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(5-145)-97/2026 12.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Masallı Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə fasiləsiz video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək barəsində qanunsuz tərtib edilmiş inzibati tənbeh vermə haqqqında xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini, həmin qərara əsasən barəsində tətbiq edilmiş 100 manat cərimə məbləği və 3 cərimə balının silinməklə inzibati icrataa xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2026-cı il tarixdə Masallı rayon ərazisi İlqar Mirzəyev küçəsi, 473, Ərkivan qəsəbəsində (Masallı -Boradigah kənd istiqaməti) dayandırılaraq istifadə etdiyi “DAİMLER CHRYSLER E200” markalı 44CL363 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İXM-nin 327.2-ci maddəsi ilə (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Qarşı tərəf İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməli olduğu halda sübutu olan foto, video və ya digər maddi sübutlar elektron şəxsi kabinetinə yerləşdirilməmişdir. İnzibati xəta düzgün sənədləşdirməmişdir. Çünki həmin maddənin tələblərini pozsaydı belə onu saxlayıb inzibati protokol tərtib etməkləri İXM-nin 122.5-ci maddəsinə əsasən (Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır.) yolverilməzdir. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Bu ona tətbiq edilən hüquq normasının ilkin pozulduğu haldır. İkincisi isə Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanununun tələblərinə uyğun olaraq qeyd edilən cərimə əsassızdır. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat. İnzibati xətanın olduğu ərazidə həmin Qanunun 61-ci maddəsinə əsasən yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. İnzibati xətanın olduğu yerdə 3.20 ötmə qadağandır yol nişanı quraşdırılmamışdır. Buna istinadən hələdə yolun biraz əvvəlində yerləşən ötmənin qadağan edən yol nişanının təsir dairəsinin bitdiyi 3.21 nömrə nişanının təsir dairəsindədir. Buna istinadən həmin Qanunun 61-ci maddənin tələblərinə uyğun olaraq Vl-İ. Eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Əlavə olaraq inzibati xətanın olduğu ərazidə həmin Qanunun 69-cu maddəsinə əsasən yol nişanlarının sutkanın hər bir vaxtı fərqləndirilməsi və oxunması üçün, onlar daxili və xarici işıqlandırılma və ya işıqqaytarıcı səth ilə (nəqliyyat vasitələrinin işıq cihazlarının işığını əks etdirən xırda şüşə kürəciklərinin əsasında xüsusi nazik pərdə) təchiz edilirlər. Yuxarıda qeyd edilən maddənin tələblərinə əsasən sözügedən istiqamətdə yolun nişanlanması 1.1 və ya 1.3 olduğu qəti sürətdə anlaşılmır. Yenə eyni qaydada 69-cu maddənin İİ-İ. hissəsində eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nışanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti şanlama xətlərinə üstünlük verilməlidir. Hesab edir ki, qərar qanunsuzdur və qərəzlidir, ona görə də həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək əlavə olaraq izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə idarə etdiyi “DAİMLER CHRYSLER E200” markalı avtomaşınla Boradigah-Masallı kənd yolu ilə Masallı istiqamətində hərəkətdə olmuşdur. Ərkivan qəsəbəsi ərazisinə daxil olduğu vaxt qarşısında hərəkətdə olan nəqliyyat vasitəsi nasaz olmaqla aşağı sürətlə təxminən 20 km/saat sürətlə hərəkətdə olmuş, həmin nəqliyyat vasitəsi mümkün qədər yolun sağ tərəfi ilə sürülməklə avtomobilin sağ təkərləri yolun ehtiyyat hissəsi ilə, sol təkərləri isə yolun hərəkət hissəsində olmuşdur. Qeyd edilən yolda icazə verilən maksimal sürət həddi 50 km/saat olmasına baxmayaraq həmin vaxt yolda ötmək qadağandır yol nişanının quraşdırıldığına fikir verməmişdir. Eyni zamanda həmin üfuqi nişanlanma xətlərini görməmiş, bu səbəbdən icazə verilən sürət həddini aşmamaq, avtomobili yolun sol tərəfinə çəkməklə həmin maşının yanından keçmişdir. Lakin heç bir ötmə əməliyyatı aparmamışdır. Qeyd edilən avtomobil yolu əsasən Masallı rayonu, Qızılavar kəndi ilə Ərkivan qəsəbəsi arasındakı sahəlik ərazidə yerləşir, yaşayış evləri isə həmin yoldan kənardadır. Qarşısındakı avtomobili keçdikdən sonra qarşı tərəfdən gələn Yol Patrul Xidmətinin əməkdaşları ona saxlama işarəsi vermiş, avtomobili saxlamışdır. Yol Patrul Xidmətinin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş, qayda pozuntusuna görə saxlanıldığını bildirib, Yol Patrul Xidmətinin avtomobilinə yanaşmasını xahiş etmişdir. Yol Patrul Xidmətinin avtomobilinə yaxınlaşdıqdan sonra xidməti avtomobildə olan əməkdaş ona yaşayış məntəqəsi daxilində icazə verilməyən yolda ötmə əməliyyatı apardığına görə barəsində 100 manat inzibati cərimə tənbehinin tətbiq ediləcəyini, eyni zamanda sürücülük vəsiqəsinə 3 cərimə balının yazılacağını demişdir. Yol Patrul Xidmətinin əməkdaşına əməkdaşına heç bir ötmə əməliyyatı aparmadığını, qarşısında hərəkətdə olan nəqliyyat vasitəsi nasaz olmaqla aşağı sürətlə yolun sağ kənarı ilə hərəkətdə olduğundan həmin avtomaşını sol tərəfdən keçdiyini bildirmişdir. Ona inzibati xəta haqqında protokolun yazılmamasını xahiş etsə də, Yol Patrul Xidmətinin əməkdaşı ona inzibati xəta haqqında protokolun qeydə alındığını bildirmiş, barəsində əsassız yerə protokol yazılmasına etiraz eməyərək oradan çıxıb getmişdir. Heç bir ötmə əməliyyatı aparmasa da belə, qeyd edilən yolda ötmə əməliyyatının aparılmasını qadağan edən hər hansı yol nişanı quraşdırılmamış, nə də bütov nişanlanma xətti mövcud deyildir. Hətta bu barədə məhkəməyə videogörüntü təqdim etmişdir. Bu əsasla hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Odur ki, qeyd olunanları nəzərə alıb xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin sorğu əsasında məhkəməyə inzibati xətanın görüntülərini əks etdirən CD disklər və inzibati xətanın baş verdiyi ərazidə avtomobil yolunun hüquqi vəziyyəti barədə məhkəməyə məlumat təqdim edilmişdir. Məhkəmə verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıda sadalanan əsaslara görə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında inzibati xətanın görünütlkərini əks etdirən CD diskə baxış zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2026-cı il tarixdə idarə etdiyi “DAİMLER CHRYSLER E200” markalı”, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayon ərazisi İlqar Mirzəyev küçəsi, 473, Ərkivan qəsəbəsində yaşayış məntəqəsinin daxilində maksimal sürət həddi 50 km/saat olmaqla, icazə verilən sürət həddinin aşılmaması üçün quraşdırılmış müşahidə kamerası (radar) olan avtomobil yolunda hərəkətdə olarkən qarşısında gedən nəqliyyat vasitəsini (videogörüntüdən aydın olur ki, “DAİMLER CHRYSLER E 200” markalı” avtomobilinin qarşısındakı avtomobil yolun sağ hərəkət zolağı ilə hərəkətdədir) əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığından Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah edilmiş, İXM-in 327.2-ci maddəsinin tələblərinə əsasən qadağan olunmuş yerdə ötmə əməliyyatı apardığına görə barəsində inzibati xəta haqqında protokolun tərtib ediləcəyi və 3 cərimə balının və 100 manat cərimə inzibati tənbeh tədbirinin tətbiq ediləcəyi bildirilmişdir. Sürücü qarşısında hərəkətdə olan nəqliyyat vasitəsinin 20 km/saat sürətlə hərəkətdə olması səbəbindən həmin avtomobili keçdiyini bildirmiş, sonda barəsində inzibati xəta protokolunun yazılmasına etiraz etməmişdir. Eyni zamanda məhkəmə iclasında inzibati xətanın baş verdiyi ərazidə müvafiq yol nişanlarının quraşdırılmas barədə Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən çəkilmiş videogörüntü olan CD diskə baxış zamanı aydın olur ki, inzibati xətanın baş verdiyi ərazidə (Masallı rayon ərazisi İlqar Mirzəyev küçəsi, 473, Ərkivan qəsəbəsi) yolun hər iki istiqamətində sürət həddi 50 km/saat olan və 3.20 (Ötmək qadağandır) yol nişanları quraşdırılmışdır. Avtomobil yolu iki hissəli hərəkət zolağından ibarət olsa da, bütov üfuqi nişanlanma xətti müəyyən olunmur. Bundan əlavə ərazidə yolun sol və sağ istiqamətlərində yaşayış evlərinin olduğu müşahidə edilir. Videogörüntüdə verilən izaha əsasən 3.20 (Ötmək qadağandır) yol nişanının təsir dairəsi ümumi yol üzrə müəyyən edilir. Masallı Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərardan görünür ki, X4 xx.xx.2026-cı il tarixdə saat 12:58-də “DAİMLER CHRYSLER E200” minik markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşını Masallı rayon ərazisi İlqar Mirzəyev küçəsi, 473, Ərkivan qəsəbəsində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarını pozduğuna görə barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-nin 327.2-ci maddəsi ilə 100 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Masallı Rayon Polis X5 Polisi Bölməsi tərəfindən sorğu əsasında məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli 3-13-xx/xx-2026 nömrəli məlumatdan görünür ki, Masallı rayon, Ərkivan qəsəbəsi İ.Mirzəyev küçəsində inzibati xətanın qeydə alındığı ərazi yaşayış məntəqəsi olmaqla, ərazidə 3.20 “Ötmək qadağandır” nişanları quraşdırılmışdır. Nişanların təsiri zonası hər bir yol ayrıcında qüvvəsini itirdiyindən yenisi ilə əvəz olunmuşdur. Hava şəraiti ilə əlaqədar yollarda nişanlanma xətlərinin yolun səthində görünməsi qənaət bəxş olmadığından yol nişanlarına üstünlük verilir. Ümumiyyətlə qeyd olunan ərazi yaşayış məntəqəsinə aid olduğundan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən ərazidə ötmək qadağandır. Hüquqi məsələlər: İXM-nin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-bir yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 51-ci maddəsinin V bəndinin 1-ci hissəsinə əsasən ötmə - nizamlanan yolayrıclarında -əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. 63-cü maddəsinin İ hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. 64-cü maddəsinin İİİ hissəsinə əsasən qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Həmin maddənin Vİ hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanı qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Sübutların qiymətləndoirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə şikayətdə qeyd edilən dəlillərlə bağlı bildirir ki, sözügedən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş, bununla bağlı icraat İXM ilə müəyyən edilmiş qaydalara uyğun aparılmış, CD diskdəki görüntülərə əsasən X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmış və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət vermiş şəxs X2 məhkəmə iclasında qarşısında hərəkət edən digər nəqliyyat vasitəsinin nasaz olmaqla həmin nəqliyyat vasitəsinin bir hissəsinin yolun sağ ehtiyat hissəsində olduğunu və sürət həddinin tam aşağı olmasını nəzərə alıb həmin nəqliyyat vasitəsini yandan keçdiyi ilə bağlı verdiyi izahatını məhkəmə şəxsin özünü müdafiəsi üçün gətirdiyi dəlil hesab edir. Belə ki, şikayət vermiş şəxsin izahatında göstədiyi həmin fakt CD diskdə olan videogörüntlərlə tam təkzib olunur. Videogörüntüdə müəyyən edilir ki, qarşıda gedən nəqliyyat vasitəsi yolun sağ hərəkət zolağında hərəkətdə olduğu vaxt arxadan gələn “DAİMLER CHRYSLER E200” minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü qarşısındakı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmaqla ötüb keçmiş, bundan sonra YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Beləliklə, burada qanunla icazə verilmiş ötmə halları müəyyən edilməmişdir. Bundan əlavə şikayət vermiş şəxs X2 məhkəməyə təqdim etdiyi CD diskdəki görüntülərdə X1 avtomobil yolunda 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin olmadığını və 3.20 (Ötmək qadağandır) yol nişanınin görmədiyini qeyd etsə də, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məlumatda və CD diskdəki videogörüntüdə bu hal öz təsdiqini tapmamışdır. Müəyyən olunur ki, inzibati xətanın qeydə alındığı ərazi yaşayış məntəqəsinin ərazisinə düşür, yolun giriş hissəsində hər iki tərəfdən ərazidə 3.20 “Ötmək qadağandır” yol nişanları quraşdırılmışdır. Nişanların təsir zonası hər bir yol ayrıcında qüvvəsini itirdiyindən yenisi ilə əvəz olunmuşdur. Yolda üfüqi nişanlanma xətlərinin yolun səthində görünmədiyindən 3.20 “Ötmək qadağandır” yol nişanları üstünlük təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 51-ci maddəsinin tələbinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatının aparılmasına icazə verilmir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, X3 xx.xx.2026-cı il tarixdə idarə etdiyi “DAİMLER CHRYSLER E 200” minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayon ərazisi İlqar Mirzəyev küçəsi, 473, Ərkivan qəsəbəsində yaşayış məntəqəsinin daxilində maksimal sürət həddi 50 km/saat müəyyən edilmiş, avtomobil yolunda hərəkətdə olarkən 3.20 “Ötmək qadağandır” yol nişanının tələbini pozaraq qarşısında eyni istiqamətdə yolun sağ zolağında hərəkətdə olan nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmaqla ötüb keçdiyindən xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Masallı Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla barəsində 100 manat inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə sübutları qiymətləndirərək qeyd olunanlara əsasən hesab edir ki, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə verdiyi şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-nin 48-51, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Masallı Rayon Polis X5 Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar