Məhkəmə qərarları › İş №3(5-146)-20/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-20/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-20/2026 19.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasıın vətəndaşı, Kəlbəcər rayonu, İstibulaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35-də VAZ 21013 minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, toyda olan zaman siqaret istəmiş, tərkibində narkotik vasitə olduğunu bilməmişdir. Bununla belə bir daha belə hal hərəkət etməcəkdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:35-də VAZ 21013 minik markalı **- BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs AR İXM-in 329.1-ci, 332.1-ci və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmuşdur. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, VAZ 21013 minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs verilmiş, xx.xx.2033-cü il tarixədək etibarlıdır və B1, B, C1, C kateqoriyalıdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:35-də VAZ 21013 minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitə olan marixuanadan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar