Məhkəmə qərarları › İş №3(5-146)-45/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-45/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-45/2026 19.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax rayonu 28 aprel Sovetliyində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ev 7, mənzil 37-da yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)-1376/2015 saylı icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyindən 5690 manat aliment borcu yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9 bildirmişdir ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)- 1376/2015 saylı icra sənədinə əsasən hər uşaq üçün 80 manat cəmi 160 manat alimentin borclu Şəxs alınıb X3 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu icra idarəsində olmuş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. Bundan sonra da bir neçə dəfə icra idarəsinə çağırılaraq izahatları alınmış və qeyd olunan borcdan hal-hazıradək tələbkara heç bir ödəniş etməmişdir. Halhazırda tələbkara cəmi 5690 manat borcu yaranmış, müxtəlif bəhanələr gətirərək borcun icra olunması ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. İcra tədbirləri zamanı borclunun əmlakı da müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hal-hazırda 5690 manat qətnamə üzrə borcu olduğunu qəbul edir. Lakin maddi imkanı yaxşı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hazırda o, alimentdə ödəyir. Hər iki icra sənədini icra etməyə imkanı yoxdur. Maddi imkanının aşağı olduğunu nəzərə alaraq inzibati protokolun təmin olunmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 icra sənədi üzrə yaranmış borcun ödənilməsini tələb etmiş, əks halda borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İşdə olan xx.xx.2026-ci il tarixli MN ******* saylı protokoldan görünür ki Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)-1376/2015 saylı icra vərəqəsi üzrə yaranmış 5690 manat borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)-1376/2015 saylı icra sənədinə əsasən hər uşaq üçün 80 manat cəmi 160 manat alimentin borclu Şəxs alınıb X3 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)-1376/2015 saylı icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan borclu Şəxs ünvanlanmış xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)-1376/2015 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən borclu Şəxs adına dövlət reyestrində hər hansı daşınar və ya daşınmaz əmlak müəyyən olunmamışdır. Məhkəmə iclası zamanı təqdim olunmuş qəbzlərdən görünür ki, məhkəmə icraatı zamanı borclu tərəfindən tələbkara aliment borcundan 1000 manat pul ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra – İXM) 528.1ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(039)-1376/2015 saylı icra sənədinin icrasından bir ildən çox vaxt keçməsinə baxmayaraq borclu Şəxs tərəfindən icra olunmamış, bununla bağlı icra məmuru tərəfindən borcluya bir neçə dəfə xəbərdarlıq edilsə də borclu həmin xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. Həmçinin borculunun icra sənədinin icrasından yayınması nəticəsində barəsində axtarış elan olunmuşdur. Hətta məhkəmə hesab edir ki, Xəyal Sadıqovun izahatında qeyd etdiyi halları da(“imkansız olması” və s. ifadələri) üzrlü hesab etmək olmaz. Əks halda qeyd olunan hallar digər şəxslər tərəfindən də bəhanə kimi istifadə olunaraq məhkəmə qərarlarının icrasından kütləvi şəkildə yayınmağa, nəticədə məhkəmə qərarlarının icrasız qalmasına səbəb ola bilər. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, borclu Şəxs məhkəmə baxışı zamanı aliment borcunun bir qismini ödəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Borclu Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar