Məhkəmə qərarları › İş №3(5-146)-59/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(5-146)-59/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(5-146)-59/2026 23.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Niftalıyev Ayxan Niyaməddin oğlunun katibliyi, Mingəçevir Şəhər İcra X23 icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X5, X1, X6, X9, X12 nümayəndəsi X7 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Xocalı şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra X23 icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər İcra X23 icra məmuru X13 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-662/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs tələbkar Şəfəq Əliyevaya aliment üzrə cəmi 3530 manat, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1764/16 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən tələbkar Əsmər Yusifovaya 11720 manat, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-3/25 saylı icra sənədinə əsasən tələbkar X19 9428,80 manat, Xocalı Rayon Məhkəməsinin 2(070)-34/22 saylı icra sənədinə əsasən tələbkar "xxxx" MMC-yə 474,40 manat, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3837/17 saylı icra sənədinə əsasən tələbkar X14 3030 manat, Xocalı Rayon Məhkəməsinin 2(070)-93/22 saylı icra sənədinə əsasən tələbkar "xxxx" MMC-yə 560,76 manat, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1252/24 saylı icra sənədinə əsasən tələbkar X8 730 manat, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-596/22 saylı icra sənədinə əsasən tələbkar X2 530 manat, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 19716 saylı icra sənədinə əsasən tələbkar X15 2520 manat borcu yaranmışdır. xx.xx.2026-cı il tarixdə borclu Şəxs izahatı alınmışdır. Şəxs icra sənədlərini icra etmə vəzifəsi və hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs icra sənədlərini icra etməmişdir. Tələbkarlar icra sənədinin icra edilməsini tələb edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etdi ki, qeyd olunan icra sənədlərinə əsasən onun tələbkarlara borcu var. Borcunu ödəməkdən boyun qaçırmır, lakin işsiz olmuşdur. Maddi imkanı yoxdur ki, borcunu bir dəfəlik ödəsin. Yaranmış borclarından hazırda 1000 manat məbləğində ödəniş edə biləcəyini bildirdi. Elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan borcunu tam şəkildə ödəsin. Hazırda Bakı şəhərində fəhlə olaraq çalışır. İşlədikcə borcundan ödənişlər edəcəyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 300 manat pul vermi, ona icra sənədi üzrə yaranmış borcunu ona ödədiyini bildirmiş, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək, Şəxs icra sənədi üzrə yaranmış borcunu ona ödədiyini bildirmiş, ondan şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər X16, X17, X22, X12 nümayəndəsi X20 izahat verərək bildirdilər ki, borclu Şəxs dəfələrlə onlara olan borcundan ödəniş edəcəyi adı ilə heç bir ödəniş etməmişdir. Hazırda borclarını tam tələb edirlər, əks halda şəxs barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini xahiş edirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin 2(070)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2025-ci il tarixli, 142 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 850 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 860 manat vəsaitin, həmçinin ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 30 manat dövlət rüsumunun və 0,4 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-596/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1764/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X18 və xx.xx.2013-cü il təvəllüdlü X21 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən tutulub X10 verilməsi qət edilmişdir. Xocalı Rayon Məhkəməsinin 2(070)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli, 22035852 saylı müqavilə üzrə 404,40 manat ödənilməmiş hissə, 40 manat cərimə, habelə 30 manat ödənilməmiş dövlət rüsumunun əvəzi, cəmi 474,40 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3837/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs mənəvi zərərə görə 3000 manat məbləğində pul tutulub X14 verilməsi qət edilmişdir. Xocalı Rayon Məhkəməsinin 2(070)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli, MNGK03301 saylı müqavilə üzrə 432 manat qalıq borcu, 98,76 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 560,76 manat pulun "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1252/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 700 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı X8 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X12 xeyrinə tutulmalı olan 8300 manat məbləğində olan pul indeksasiya olaraq 9428,80 manat məbləğində müəyyən edilmişdir. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs ödənilməmiş 2500 manat pulun və 20 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2520 manat məbləğində pulun tutulub X15 verilməsi qeyd edilmişdir. xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2017-ci il, xx.xx.2022-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra X23 icra məmuru qeyd olunan icra sənədlərinə əsasən Şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul etmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2022-ci il, xx.xx.2017-ci il, xx.xx.2022-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borcluya icra sənədlərini müəyyən olunmuş müddət ərzində könüllü icra edilmədikdə məcburi icra tədbirlərinin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs sonuncu dəfə xx.xx.2026-cı il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində izahatı alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından, o cümlədən icra məmurunun izahatından görünür ki, icra sənədləri üzrə icraata başlama barədə qərarlar və tələbin dərhal icrası barədə bildirişlər Şəxs tərəfindən izahat verməsinə, dərhal olaraq icra sənədlərini icra etməməsinə, icra etməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq borclarını ödəməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədlərini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Məhkəmə iclasında icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin, tələbkarların izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş hərəkətləri etməmiş, qanunla müəyyən olunmuş müddətdə Xocalı Rayon Məhkəməsinin 2(070)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-596/2022 saylı, xx.xx.2022ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1764/2016 saylı, xx.xx.2016-cı il tarixli, Xocalı Rayon Məhkəməsinin 2(070)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3837/2017 saylı, xx.xx.2017-ci il tarixli, Xocalı Rayon Məhkəməsinin 2(070)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1252/2024 saylı, xx.xx.2024-cü il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli və Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli icra vərəqələrinin icrasını təmin etməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən qeyd olunan icra sənədindən ödəniş etməsi inzibati xəta törədən Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xəta törədən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, həmin xəta bağlı icra sənədlərinin icra etməyən şəxsin borcun ödənilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal olmasını, ağırlaşdıran halın olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2026-ci il tarixdən, saat 16:35-dən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2026-cı il tarixdən, saat 16:35-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar