Məhkəmə qərarları › İş №3(5-148)-110/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(5-148)-110/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(5-148)-110/2026 04.03.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsinin 29 yanvar 2026-cı il tarixli EQ seriyalı 33548607 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsinin 29 yanvar 2026-cı il tarixli EQ seriyalı 33548607 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 məhkəmədə bildirmişdir ki, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən mülkiyyət hüququ ilə ona məxsus “Hyudai Santa FE” markalı, 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti ərazisində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi halının müəyyən edilməsi əsası ilə barəsində 29 yanvar 2026-cı il tarixli, EQ seriyalı, 33548607 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol inzibati xəta tərkibli əməlin törədilməsinin təsdiq edilməsinə münasibətdə ziddiyyətli, qeyri-mötəbər sübut olan “Təhlükəsiz Şəhər” X1 məxsus videonəzarət cihazından götürülən və baxış məsafəsi yaxınlaşdırılmaqla çəkilən fotoşəkillər əsasında tərtib edilmiş və buna müvafiq olaraq barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Ona qarşı törədildiyi istinad edilən inzibati xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyindən barəsində tərtib edilən protokol qanunsuzdur. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən barəsində tərtib edilən 29 yanvar 2026-cı il tarixli, EQ seriyalı, 33548607 nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar qanunsuz hesab edilərək ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi məhkəməyə gəlməmişdir (nümayəndə göndərməmişdir). Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsinin 29 yanvar 2026-cı il tarixli EQ seriyalı 33548607 nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.5.8-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda “inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar” göstərilir. Həmin Məcəllənin 122.1 və 122.2-ci maddələrinə əsasən “Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir”; “İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır”. Həmin Məcəllənin 122.3 və 122.4-cü maddələrinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: “122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası”; “İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 29 yanvar 2026-cı il tarixli EQ seriyalı 33548607 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilir ki, X4 idarə etdiyi “Hyudai Santa FE” markalı, 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobillə 29 yanvar 2026-cı il tarixdə saat 15:50-də Şirvan şəhəri, M.Rəsulzadə prospekti ərazisində Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat miqdarında cərimə edilmiş və həmin qərar X2 yerləşdirilmişdir. DİN-nin DYP Web Portalından əldə edilmiş fotoşəkillərdən görünür ki, xətanın yeri olaraq “Şirvan şəhər M.Rəsulzadə PR saat 09:31” olaraq göstərilib. Qeyd olunur ki, X4 idarə etdiyi “Hyudai Santa FE” markalı, 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobillə 29 yanvar 2026-cı il tarixdə saat 15:50-də Şirvan şəhəri, M.Rəsulzadə prospekti ərazisində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq həmin ərazidə yerləşən “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminə məxsus video nəzarət üçün quraşdırılmış kameralardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş fotoşəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Eyni zamanda həmin fotoşəkillərdən görünür ki, inzibati xətanın törədilməsi vaxtı saat 09:31 olaraq göstərilsə də, inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsi vaxtı saat 15:50 olaraq göstərilib. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs tərəfindən törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü isə məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Eyni Məcəllənin 8.2-ci maddəsinə əsasən “İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir”. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq “bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Eyni Məcəllənin 53.1.11-ci maddəsinə əsasən “bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 29 yanvar 2026-cı il tarixli EQ seriyalı 33548607 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 29 yanvar 2026-cı il tarixli EQ seriyalı 33548607 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar