Məhkəmə qərarları › İş №3(5-148)-79/2026

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(5-148)-79/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(5-148)-79/2026 03.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 03 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 19 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Şəxs 31 dekabr 2025-ci il tarixdə saat 23.41 radələrində ünvan 1 ünvanında birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onu döyərək fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun arvadıdır və onunla 9 ildir ki, evlidirlər. Zərərçəkmişlə arasında tez-tez ailədaxili mübahisə olur. 31 dekabr 2025ci il tarixdə saat 23.30 radələrində işdən Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadıqları evə yorğun gəlib. Bu vaxt da aralarında yenidən mübahisə başlamış və arvadı ilə sözlə mübahisə etmişdir. Reyhanı döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Əsəbiləşdiyi üçün stolun üstündəki qab-qacaqları divara vurmuş və onları qırmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır. Şəxs onun əridir. Onların arasında həmişə normal münasibət olsa da, təxminən 10 ay olar ki, tez-tez aralarında ailədaxili mübahisələr yaranmağa başlamışdır. Ərini bir neçə dəfə başqa qadınlarla telefonda danışdığını görmüş, buna görə də aralarında mübahisələr yaranmış və Zaur onun ünvanına dəfələrlə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. 31 dekabr 2025-ci ildə saat 23.30 radələrində Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadıqları evdə olduğu vaxt aralarında yenidən mübahisə yaranmağa başlamışdır. Mübahisə zamanı Zaur evdə olan qab-qacağı divara vurmağa başlamış, həmin qablardan bir neçəsi onun bədəninin müxtəlif nahiyələrinə dəymişdir. Daha sonra Zaur onu və uşaqları evdən çıxarmışdır. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyi və digər sənədlərlə də təsdiq olunur. 09 yanvar 2026-cı il tarixli 5 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol budun yuxarı 1/3-nin və sağ baldırın yuxarı 1/3-nin bayır səthlərinin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs Şəxs ilə barışdığını bildirir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən «Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar