Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(5-149)-34/2026 23.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1999-cu il tarixdə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu Calut kəndində yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın materiallardan görünür ki, “Tik-tok” sosial şəbəkəsində “Yeraz” adı ilə qeydiyatdan keçmiş profil sahibi, Oğuz rayon Calud kənd sakini Şəxs həmin profil ilə xx.xx.2026-cı il tarixdə “Tik-tok” sosial şəbəkəsində canlı yayım zamanı izləyici kütləsi qarşısında tütün məmulatından (qəlyan) istifadə edərək ictimai mənəviyyata qarşı zidd formada davranaraq cəmiyyətə açıqca hörmətsizlik etmək, eyni zamanda canlı yayım zamanı əxlaqsız ifadələr səsləndirmək yolu ilə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahat verərək bildirmişdir ki, Oğuz rayon Calud kənd sakini Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:55 radələrində “Tik-tok” sosial şəbəkəsində canlı yayım açaraq nalayiq ifadələr işlətməklə mənəviyyata zidd hərəkətlər etmişdir və o, bu hərəkətləri edən zaman onu 16 nəfər şəxs izləmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta törədən şəxsin barəsində qanunauyğun qaydada inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, “Tik-tok” sosial şəbəkəsində mütəmadi canlı yayım açaraq göndərilən hədiyyələrdən əldə olunan gəliri xəstə və əlil uşaqlara verməklə onlara yardım edir. xx.xx.2026-cı il tarixdə canlı yayıma qoşulmuş şəxslərdən biri həmin yardım etdiyi uşağa söyüş söymüşdür və o, da bu səbəbdən həmin şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. Canlı yayıma qoşulmuş istifadəçi profilləri real profillər deyil, “bot” səhifələrdir, yəni həmin yayımda əslində çox insan iştirak etməmişdir. O, etdiyi əmələ görə səmimi peşman olmuşdur və bir daha belə hərəkət etməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çəçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən Vəkil Saddədin oğlu izahat verərək Şəxs sosial şəbəkədə əlil uşaqlara yardım etməsi üçün canlı yayım açması və onun törətdiyi əməldən səmimi peşman olmağı nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, “Tik-tok” sosial şəbəkəsində “Yeraz” adı ilə qeydiyatdan keçmiş profil sahibi, Oğuz rayon Calud kənd sakini Şəxs həmin profillə xx.xx.2026-cı il tarixdə “Tik-tok” sosial şəbəkəsində canlı yayım zamanı izləyici kütləsi qarşısında tütün məmulatından (qəlyan) istifadə edərək ictimai mənəviyyata qarşı zidd formada davranaraq cəmiyyətə açıqca hörmətsizlik etmək, eyni zamanda canlı yayım zamanı əxlaqsız ifadələr səsləndirmək yolu ilə xırda xuliqanlıq etmişdir. Şəxs məhkəməyədək icraat zamanı izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə yaşadığı ünvanda “Tik-tok” sosial platformasında özünə məxsus “Yeraz” adlı səhifədə saat, təxminən 01 radələrində canlı yayım açmışdır. Canlı yayım zamanı 13 nəfər şəxs onu izləmişdir. Həmin vaxt tanımadığı şəxs canlı yayıma daxil olaraq ona qarşı “çat” bölməsində nalayiq ifadələr işlətmişdir. Bu zaman əsəbiləşərək həmin şəxsə qarşı nalayiq ifadələr işlətmişdir və söyüş söyməkdə hər hansı digər məqsədi olmamışdır. Aralarında olan mübahisə təxminən, 15-20 saniyə çəkmişdir. Hadisə zamanı əməlinin hüquqazidd olduğunu dərk etməmişdir və hazırda da etdiyi əməldən peşmandır. İnzibati xəta hadisəsi baş verərkən qeydə alınan görüntülər əks olunan diskə məhkəmə iclasında baxış keçirilmişdir və baxış zamanı müəyyən edilmişdir ki, Şəxs “Tik-tok” sosial şəbəkəsində açdığı və digər şəxslərin də qoşulduğu canlı yayımda ünvansız əxlaqsız ifadələr işlədir. Sübutların tədqiqi və hüquqi məsələlər: Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə "Tik-tok" sosial şəbəkəsində istifadə etdiyi "Yeraz" adlı profil vasitəsilə açıdığı canlı yayımda əxlaqsız ifadələri səsləndirməsi ilə xırda xuliqanlıq, yəni internet - informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXMin 510.2-ci maddəsinin tərkibi mövcuddur, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun xx.xx.2025-ci il tarixli 334-VİİQD nömrəli dəyişikliyi ilə qüvvəyə minmiş 510.2-ci maddəsinə əsasən xırda xuliqanlıq, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli 236-İİQ nömrəli Qanununa əsasən 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları müvafiq bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri əlavə olunur) təsdiq edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Pravoe Delo və Ştekel Ukraynaya qarşı 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, internetdəki məlumatlar çap olunmuş qəzetdən fərqlənir. Qəzet bir dəfə çıxır və bitir, amma interneetdə məlumatların saxlanılması daimi yayım xarakteri daşıyır. Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsi ilə ilk dəfə inzibati məsuliyyətə cəlb olunması və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır və həmin Məcəllənin 33cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alıraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İXM-də nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə əsasən inzibati cərimə manatla ifadə oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Rəşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-149)-34/2026
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(5-149)-34/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver