Məhkəmə qərarları › İş №3(5-149)-9/2026

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(5-149)-9/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(5-149)-9/2026 25.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, "xxxx" MMC-nin baş direktoru vəzifəsində çalışan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1000 (bir min) manat miqdarında cərimə şərti olaraq tətbiq edilmişdir və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin həmin qərarın icrası məqsədi ilə əmək haqqından tutulmaların aparılması üçün göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-117884/2025 nömrəli məktubu ilə tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi faktı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir və həmin cərimə şərti olaraq tətbiq olunmuş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-A-75307/2025 saylı məktubundan görünür ki, hüquqi şəxs "xxxx" MMC-yə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ikinci nüsxəsi və bank rekvizitləri inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilmişdir. Qeyd olunan bildiriş məktubunun xx.xx.2025-ci il tarixdə göndərişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-117884/2025 saylı məktubundan görünür ki, hüquqi şəxs "xxxx" MMC-yə məktub göndərilərək Şəxs əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Qeyd olunan bildiriş məktubunun xx.xx.2025-ci il tarixdə göndərişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 3-17-5/2-2240/2026 saylı bildiriş məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli göstərişlə tələb edilən məlumatlar təqdim edilmədiyindən hüquqi şəxs "xxxx" MMC barəsində inzibati xəta haqqında icraat başlanılacağı barədə həmin hüquqi şəxsə bildiriş göndərilmiş və müəssisənin nümayəndəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə xx.xx.2026-cı il tarixdə saat 10:00-da X1 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə və ya video konfrans vasitəsi ilə dəvət edilmişdir. Qeyd olunan bildiriş məktubunun xx.xx.2026-cı il tarixdə göndərişi həyata keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar hüquqi şəxs "xxxx" MMC-yə məktub göndərilərək Şəxs əmək haqqından hər ay 50% olmaqla 1500 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin Şəki-Zaqatala regional şöbəsinə yazılı formada məlumat verilməsi tələb edilmişdir. Lakin "xxxx" MMC həmin göstərişə əməl etməmiş, Şəxs əmək haqqından tutulmaları həyata keçirməmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şəki-Zaqatala regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-117884/2025 nömrəli məktubu ilə tələb edilən məlumatı da təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən Şəxs barəsində tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi əsası ilə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə tətbiq edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar