Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-134/2026 11.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Saatlı rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 10 fevral 2026-cı il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 fevral 2026-cı il tarixdə saat 19:30-da ünvan 2 ünvanında yerləşən iki mərtəbəli bina evinin həyətində anası Çiçək ilə ailə münasibətləri zəminində mübahisə edərək uca səslə nalayiq sözlər işlətmiş və hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən iki mərtəbəli bina evində anası Çiçək yaşayır. Bacısının boşanmasına görə 08 fevral 2026-cı ildə həmin ünvanda yaşayan anası ilə mübahisə edərkən əsəbləşərək evdəki qab-qacağı və stolu sındırarkən stul anasının qoluna dəymişdir. Həmin vaxt anasının etdiyi şikayətlə bağlı polis şöbəsinə aparılmış, izahatı alınmış və sonra evə buraxılmışdır. Lakin, bacısının onun sözlərini eşitməyərək ailəsi ilə barışmaq istəməməsinə görə 10 fevral 2026-cı il tarixdə saat 19:30-da təkrarən ünvan 2 ünvanında yerləşən iki mərtəbəli bina evinin həyətinə gələrək anası Çiçəyi uca səslə çağırmış, ondan bacısının ailəsinə qayıtmağı tələb edərək anası ilə mübahisə etməyə başlamış, uca səslə nalayiq sözlər işlətmiş, həmin vaxt qonşular onun hərəkətlərinə görə polisə məlumat vermiş və oraya gələn polis əməkdaşları onu nizam-intizamlı olmağa dəvət edərək sakitləşdirməyə çalışmış, lakin çox əsəbi olduğu üçün polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabeçilik göstərməmiş, polislərlə polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra polislər onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Bundan sonra belə hərəkətləri bir daha etməyəcəyinə söz verir. Ona görə də göstədiklərinin nəzərə alınaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin növbətçi hissəsinin polis nəfəri-sürücü, polis serjantı X5 izahatında göstərdi ki, daxil olmuş məlumat əsasında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban Abdullayev və Zamin Cavadovla birlikdə 10 fevral 2026-cı il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən iki mərtəbəli bina evinin həyətində olarkən sonradan şəxsiyyəti məlum olan Şəxs bir qadınla uca səslə nalayiq sözlər işlətməklə mübahisə etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Şəxs etdiyi hərəkətlərə görə içtimai qaydanın pozulmasının məsuliyyətini izah edərək sakitləşməsini bildirmişlər. Lakin, Şəxs yenə də uca səslə onlara “sizi bura kim göndərib, çıxın gedin” deyərək gərginlik yaratmağa başlamış, onların qanuni tələblərinə tabe olmamış və polis şöbəsinə getməkdən imtina etdiyi üçün onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı X4, polis serjantı X2 izahatında göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 10 fevral 2026-cı il tarixdə saat 19:30-da ünvan 2 ünvanında yerləşən iki mərtəbəli bina evinin həyətində anası Çiçək ilə ailə münasibətləri zəminində mübahisə edərək uca səslə nalayiq sözlər işlətmiş və hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdırılan və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 10 fevral 2026-cı il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs törətdiyi inzibati xətaya görə 10 fevral 2026-cı il tarixdə saat 20:50-də tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxx 1985-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə on gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 10 fevral 2026-cı il tarixdən saat 20:50-dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(5-150)-134/2026
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-134/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver