Məhkəmə qərarları › İş №3(5-150)-2/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-2/2026

06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-2/2026 06.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi – Saatlı rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 yanvar 2026-cı il tarixdə saat 18:15 radələrində Saatlı Rayon Dədə Qorqud kəndində xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 05 yanvar 2026-cı il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Şəxs 05 yanvar 2026-cı il tarixdə Saatlı Rayon Dədə Qorqud kəndində ünvansız nəlayiq söyüşlər söyüb ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı RPŞ-nin əməkdaşları Saatlı RPŞ-nə raportla müraciət etmiş və onun tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 05 yanvar 2026-cı il tarixdə yaşadığı Saatlı rayonu Dədə Qorqud kəndində içkili vəziyyətdə uca səslə telefonla danışaraq nəlayiq söyüşlər söyərkən polis əməkdaşları ona yaxınlaşaraq ona sakitliyə dəvət etmişlər. O, isə onlara tabe olmamışdır. Buna görədə onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı Rayon Polis Şöbəsinin PPXBnin monqa komandiri, X7 izahatında göstərdi ki, 05 yanvar 2026-cı il tarixdə saat 18:15 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Azər Məmmədovla xidmətdə olarkən bir nəfər şəxsin uca səslə telefonla danışaraq nəlayiq söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs onlara məhəl qoymaraq hərəktlərini davam etdirmişdir. Ona görə də həmin şəxsi polis şöbəsinə gətirmişlər. Araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Saatlı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili X6 digər şahid X3 izahatına uyğun izahat verdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 05 yanvar 2026-cı il tarixdə saat 18:15 radələrində Saatlı Rayon Dədə Qorqud kəndində ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmaması nəzərə alaraq barəsində təqsirli bilindiyi İXM-in 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 05 yanvar 2026-cı il tarixdən saat 19:10 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar