Məhkəmə qərarları › İş №3(5-150)-243/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-243/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-243/2026 19.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Hüquqi şəxs (VÖEN **********) Şəxs Saatlı şəhəri H.Əliyev prospekti 11 ünvanında yerləşən “X3”nun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Muğan regional dövlət yanğın nəzarəti idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəməyə daxil olmuş 26 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Muğan regional dövlət yanğın nəzarəti idarəsi tərəfindən hüquqi şəxs (VÖEN **********) Şəxs Saatlı şəhəri H.Əliyev prospekti 11 ünvanında yerləşən “X3”nun inzibati binasında 26 fevral 2026-cı il tarixində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Muğan regional dövlət yanğın nəzarəti idarəsinin 21 yanvar 2026-cı il tarixli, 3-18-75/Q-241/2026 nömrəli qərarından və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 18 fevral 2026-cı il tarixli KY262482110 saylı çıxarışdan görünür ki, xx.xx.2026-xx.xx.2026-cı il tarixlərdə hüquqi şəxs (VÖEN **********) Şəxs Saatlı şəhəri H.Əliyev prospekti 11 ünvanında yerləşən “X3”nun inzibati binasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın nəzarəti xidmətinin Muğan regional dövlət yanğın nəzarəti idarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 fevral 2026-cı il tarixli, 3-18-75/Q- 241/2026 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, hüquqi şəxs (VÖEN **********) Şəxs Saatlı şəhəri H.Əliyev prospekti 11 ünvanında yerləşən “X3”nun inzibati binasında 26 fevral 2026-cı il tarixində aparılmış yoxlama zamanı aşağıda qeyd olunan pozuntulara yol verilməsi aşkar edilmişdir: 1) Müəssisə ilkin odsöndürən balonlarla təchiz olunmayıb (YTQ № 01-2001 bənd 10.4); 2) Müəssisədə yanğın xəbərverici səs siqnalizasiya qurğusu quraşdırılmayıb (TN və Q 02-08 2-89); 3) Müəssisənin elektrik təsərrüfatı EQQQ-nin tələblərinə uyğun quraşdırılıb istismar olunmur (YTQ № 01-2001 bənd 6.1); 4) Müəssisədə təxliyyə planı tərtib olunmayıb (YTQ № 01-2001 bənd 2.5); 5) Müəssisədə yanğın təhlükəsizliyinə dair təlimat tərtib olunmayıb (YTQ № 01-2001 bənd 2.4). Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmalıdırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs (VÖEN **********) Şəxs Saatlı şəhəri H.Əliyev prospekti 11 ünvanında yerləşən “X3” haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hüquqi şəxsin barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddində cərimə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Hüquqi şəxs (VÖEN **********) Şəxs Saatlı şəhəri H.Əliyev prospekti 11 ünvanında yerləşən “X3” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar