Məhkəmə qərarları › İş №3(5-150)-244/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-244/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-244/2026 13.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 12 mart 2026-cı il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-1172/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(055)-442/2021 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir və hazırda üzərində 12050 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında Saatlı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə ayrı-ayrılıqda icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamələrin icrası tələb olunmuş və bu barədə xəbərdarlıq məktubu göndərilmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Əlavə olaraq bildirdi ki, inzibati xəta haqqında 12 mart 2026-cı il tarixli MN № ******* nömrəli protokolda Şəxs borcunun 12050 manat olduğu göstərilsə də, hazırki məhkəmə iclasınadək tələbkar tərəfindən təqdim edilən bank hesabından çıxarış əsasında aparılan hesablama nəticəsində Şəxs borcunun 9000 manat olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, borclu şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əvvəlki dövrlərdə aliment borcunu hissə-hissə ödəyə bilsə də son dövrlərdə maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar borcu ödəyə bilməmişdir. Hazırda da maddi imkanı yol vermədiyi üçün aliment borcunu ödəyə bilmir, lakin növbəti aylardan mütəmadi olaraq ödənişi etməyə çalışacaqdır. Ona görə də, göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, aliment borcunun tam şəkildə ödənilməsini istəyir. Əlavə olaraq bildirdi ki, inzibati xəta haqqında protokolda borc məbləği 12050 manat göstərilsə də, hazırki məhkəmə iclasınadək icra məmuruna təqdim etdiyi bank hesabından çıxarış əsasında aparılan hesablamalar nəticəsində Şəxs ona 9000 manat borcunun qaldığı məüyyən edilmişdir. O, həmin məbləğlə razıdır. Ancaq hazırda iki nəfər uşağın maddi öhdəliklərini təkbaşına qarşılaya bilmir, hətta uşaqların gündəlik xərclərini belə ödəməkdə çətinlik çəkir. Ona görə də, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-1172/2019 saylı icra sənədinə əsasən 08 mart 2013-cü il təvəllüdlü Lamiyə adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 sentyabr 2019-ci il tarixdən başlanaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra digər icra sənədi, yəni Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-442/2021 saylı icra sənədinə əsasən 15 avqust 2009-ci il təvəllüdlü Rəcəb adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs himayəsinə verildiyi vaxtdan başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İnzaibti xəta haqqında protokolda borcun 12050 manat göstərilməsinə baxmayaraq məhkəmə iclasınadək tələbkar tərəfindən icra məmuruna təqdim edilən bank hesabından çıxarış əsasında aparılan hesablama nəticəsində borclu Şəxs 9000 manat borcunun qaldığı müəyyən edilmişdir. Beləliklə, borclu Şəxs hazırki vaxtadək qeyd edilən icra vərəqələri üzrə olan borcunun ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və hazırda üzərində 9000 manat ödənilməmiş aliment borcu qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 13 mart 2026-cı il tarixdən saat 14:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar