Məhkəmə qərarları › İş №3(5-150)-3/2026

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(5-150)-3/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(5-150)-3/2026 15.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi (bundan sonra - AR DİN BDYPİ) tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33070968 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 AR DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33070968 inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətimdə olan **-EM-*** dövlət nömrə qeydiyyat nişanlı Mercedes C230 markalı avtomobilime 03 yanvar 2026-cı il tarixdə Bakı- Ələt- Qazax-Gürcüstan yolunda hərəkətdə olarkən DYP-nin xidməti avtomobilində quraşdırılmış xüsusi texniki vasitənin köməyi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat aşmağa görə təqsirli bilinərək 04 yanvar 2026-ci il tarixli EQ29044333 nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi üzrə tərəfimə 50 (manat) manat dəyərində və 2 bal olmaqla inzibati cərimə tərtib olunmuşdur. Bildirirəm ki, tədbiq olunan cərimə əsassız və yalnışdır. Belə ki, İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 vǝ 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Lakin inzibati xətanın 03 yanvar 2026-ci il tarixdə saat 17:50-də aşkar olunmasına baxmayaraq inzibati tənbeh vermə haqqında elektron qərar 04 yanvar 2026-cı il tarixdə çıxarılmışdır. Belə ki, elektron qərar inzibati xətanın aşkar olunduğu andan en az 6 saat sonra çıxarılmışdır ki, bu da İnzibati Xətalar Məcəlləsinin 122.1- ci maddəsinin tələblərinə ziddir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinin tələblərinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Lakin inzibati xəta üzrə icraat zamanı qanunsuz sübutlardan istifadə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 2-ci hissəsinə əsasən nəqliyyat vasitələri yol hərəkəti qaydalarına uyğun olaraq, ancaq yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Nəqliyyat vasitəsinin yol çiyini ilə hərəkətinə yalnız yollarda başqa nəqliyyat ilə toqquşmamaq, habelə qısamüddətə dayanmaq üçün icazə verilir. dar vasitəsi Həmin Qanuna əsasən avtomagistral - nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki: hemin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz; ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. ayırıcı zolaq yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir Yol hərəkəti haqqında Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək qadağandır. Lakin DYP xidməti avtomobili yolun hərəkət hissəsi ilə deyil, (maddə 11) qanunla qadağan olunmasına baxmayaraq ayırıcı zolaqla hərəkət edir (maddə 43) Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. AR DİN BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Buna görə də, məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçini dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən AR DİN BDYPİ-nin EQ 33070968 saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X6 xx.xx.2026-cı il tarixdə saat 17:50:37-də M2, E60, AH5 Bakı-Ələt-Qazax- Gürcüstan yolunun228-ci kilometrliyində “Mercedes Benz C230 minin” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddini aşdığına görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. X4 şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, inzibati xətanı xx.xx.2026-cı il tarixdə törətsə də, inzibati tənbeh vermə haqqında elektron qərar xx.xx.2026-cı il tarixdə tərtib olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən isə İXM-nin 328-ci maddəsində nənərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə real vaxt rejimində qərar qəbul edilməlidir. İXM-nin 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbində də göründüyü kimi, İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarların 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarında da göründüyü kimi X6 inzibati tənbeh vermə haqqında elektron qərar 24 saat müddət keçmədən tərtib olunaraq şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. Beləliklə, İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 AR DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33070968 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar